Qarabağla bağlı beynəlxalq koalisiya yaradılır. Azərbaycan, Türkiyə və Gürcüstandan olan bir qrup Qeyri-Hökumət Təşkilatının təşəbbüsü ilə işğala və qondarma erməni soyqırımı iddialarına qarşı adı şərti olaraq "Beynəlxalq Qarabağ Koalisiyası” adlandırılan təşkilatın yaradılmasına dair qərar verilib.
Məsləhətləşmələr iki aydır davam edir. Hətta dünən koalisiyaya Azərbaycandan qoşulacaq QHT rəhbərlərinin toplantısı keçirilib. Qeyd edək ki, sözügedən birliyə ölkəmizlə yanaşı, Türkiyə və Gürcüstanın ən fəal ictimai şəxsləri daxildir. Amma hələ tam siyahı dəqiqləşdirilməyib.
Koalisiyanın təsis toplantısının 2015-ci il dekabrın 29-da Bakı şəhərində keçirilməsi nəzərdə tutulur.
Koalisiyanın yaradılma məqsədləri barədə "Şərq”ə danışan Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı qeyd edib ki, əsas niyyət Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətlərin təbliği, qondarma erməni soyqırımı iddialarının ifşası, regiondakı münaqişələrin ədalətli həllinə ictimai dəstək verməkdən ibarətdir: "Bundan başqa istəyirik ki, Türkiyə, Gürcüstan və Azərbaycandan olan Qeyri-Hökumət Təşkilatları, Qarabağa dair fəaliyyətlərini əlaqələndirsinlər. Gələcəkdə də yavaş-yavaş digər ölkə QHT-lərinin məlum koalisiyaya qoşulmasına nail olaq. Biz vətəndaş cəmiyyəti olaraq qoyduğumuz problemlərin həllinə çalışmalıyıq. Məqsəd bundan ibarətdir”.
Təşkilat sədri onu da əlavə edib ki, hər QHT məsələ ilə bağlı öz ölkəsinə müraciət edib: "Məsələn, biz Prezident Administrasiyasına bu barədə bildirmişik. Onların da fikirləri müsbətdir. Türkiyə və Gürcüstan təşkilatları da öz hökumətlərinə müraciət ediblər”.
Ayyət Əhməd