Təhsil nazirinin müavini Firudin Qurbanov Təhsil Problemləri İnstitutunun təşkilatçılığı ilə "Azərbaycan təhsilində strateji hədəflər və pedaqoji elmlərin qarşısında duran vəzifələr” mövzusunda keçirilən respublika elmi konfransında Azərbaycan təhsilinin lazımi səviyyədə olmadığını etiraf edib. Nazir müavini cari ildə universitetlərə qəbul olan abituriyentlərin nəticələrinin yaxşı olmasına rəğmən təhsilin keyfiyyətini lazımi səviyyəyə qaldıra bilmədiklərini deyib.
Nazirlik funksionerinin etirafı fonunda sabiq təhsil naziri, professor Firudin Cəlilovla Azərbaycan təhsilinin hazırkı durumundan danışdıq. Bu sahədə yaranmış dərin böhranın səbəbləri və ondan çıxış yolları barədə keçmiş nazirin olduqca maraqlı fikirləri və təklifləri var.
Təhsilimizin çox acınacaqlı durumda olduğunu vurğulayan professorun sözlərinə görə, təhsilin bu günə düşməsinin əsas səbəbi məhz səbəblərin axtarılmamasıdır. O deyib ki, görünən nəticələrlə mübarizə aparmaqla problemi aradan qaldırmaq olmaz: "Təhsildə vəziyyət belədir: artıq bu duruma xəstə də demək olmaz, təhsilimiz ölüm ayağındadır. O cəmiyyətin ki, təhsili ölüm ayağındadır, onun gələcəyi yoxdur. Təhsil dövlətin, millətin gələcəyidir. Bu gün ali məktəblərdə oxuyanlar 5-10 il sonra Azərbaycan dövlətinin məmurları olduğundan cəmiyyət həmin təbəqənin üzərində dayanır. Amma bu təbəqə rüşvətə alışqanlıq, savadsızlıq, milli mənliyini itirmiş, manqurtlaşmış şəkildə hazırlanır”.
F.Cəlilov hesab edir ki, Azərbaycanın təhsil sistemi heç də birdən-birə bu hala düşməyib, bütün bunlar illərlə yığılıb qalan problemlərlə əlaqədardır: "Son illər təhsil sahəsində həyata keçirilən bütün islahatlar görüntüyə hesablanıb, kağız formatından o tərəfə keçməyib. Təhsil sistemində keçirilən reformaları reallaşdırmaq üçün çox ciddi proqramlar hazırlanmalıdır. Dünya qloballaşır, elm-texnika günü-gündən inkişaf edir. Köhnə qaydalar üzərində dayanmaqla təhsili irəli aparmaq olmaz. Qabağa getmək üçün aparıcı ölkələrin təhsil təcrübəsindən yararlanmaq lazımdır”.
- Problemlərin həllinə nail olmaq üçün ilk olaraq, hansı addım atılmalıdır?
- Azərbaycan təhsilinin əsas bəlası orta məktəblərdir. Məktəblərimiz az qala sağalmaz yara halını alıb. Təhsil səviyyəsi o qədər aşağı düşüb ki, keyfiyyətdən söz açmağa belə dəyməz. Orta məktəbin yetişdirdiyi savadsız şagirdlərə ali məktəblər qucaq açıb, savadsız mütəxəssis hazırlayır. Sonra da təhsilin səviyyəsindən, inkişafdan geri qalmasından şikayətlənirlər. Azərbaycanda təhsilin keyfiyyətinin aşağı olmasının bir səbəbi də peşəkar kadrların təhsildən uzaqlaşdırılmasıdır. Savadlı insanlar, görkəmli pedaqoqlar qıraqda qalıb, təhsildən başı çıxmayan, naşı adamlar irəli çəkilir, məsul vəzifələrə təyin edilir. Hansıki onlar sutkanın 15-16 saatını işləsələr belə, ortaya faydalı iş çıxara bilməzlər. Eyni zamanda, universitetlərdə çox ciddi islahatlar aparılmalı, tədris olunan fənlərə yenidən baxmaq lazımdır. Hansısa ixtisası tədris edən müəllim öz tələbələrinə həmin sahədə dərslik yazmış qohum- əqrəbasının kitabını almağı tövsiyə edir. Monopoliyaya alınan təhsildən hansı inkişafa nail olmaq olar? Üstəlik də təhsil sahəsinin başında duran insanların heç biri bu sahənin peşəkarı deyil.
- Deməli, təhsilimiz qeyri-peşəkarlardan təmizlənməlidir?
- Əlbəttə... Təhsili bilən o qədər savadlı kadrlarımız, təcrübəli müəllimlərimiz var ki. Amma heç birinin potensialından istifadə edilmir. Demək olar ki, təhsildə peşəkar olan insanların əksəriyyəti çıxdaş edilib. Onların əvəzinə küçədən-bacadan yığdıqları insanları təyin ediblər. Kənardan baxan da deyir ki, təhsil sahəsində kadr çatışmazlığı var. Elə deyil axı! Baxın, görün universitetlərdən kimləri xaric ediblər: Süleyman Əliyarlı, Kamil Vəliyev, Firudin Cəlilov, Əliyar Səfərli və daha kimlər, kimlər... Şahlar Əsgərov kimi bir azmanı nazir müavini və ya hansısa universitetə rektor təyin eləmək əvəzinə, bu sahədən uzaqlaşdırıblar. O da məqalə yazmaqla başını qatır. Hansı ki, bu adamların hər biri öz sahəsinin bir nömrəli mütəxəssisləridir. Yazdıqları kitabların sayı hesabı yoxdur. Peşəkar kadr hazırlamaq potensialında olan insanları təhsildən uzaqlaşdırıb, öz tərcümeyi-halını yaza bilməyən uşaqları başa keçirirlər. Təhsilimiz get- gedə cırlaşır. Bunu isə Baş nazir və ya birbaşa təhsil nazirinin özü eləmir. Bu özbaşınalığı aşağı instansiyaların başında duran insanlar edir. Rektorlar universitetləri özlərinin dədə malı hesab edir. Niyə? Çünki yuxarıdan nəzarət, aşağıdan da sosial təpki yoxdur.
- Bəs, gənc kadrlar arasında sadaladığınız pedaqoqları əvəzləyəcək biriləri yoxdurmu?
- Axı belə mütəxəssislər bir günə, bir ilə hazırlanmır. Peşəkar kadrların yetişməsi üçün ən azı 20-30 il təcrübə lazımdı. Akademiklərin siyahısına baxanda adam bilmir ki, gülsün, yoxsa ağlasın? Ordudakı generallar kimi elmdəki akademiklərin sayı da həndəsi silsilə ilə artır. Daha deyən yoxdur ki, bu adama alim deməyə belə adamın dili gəlmir, nəinki akademik. Milli ideologiyamızda aşınmalar gedir. Təhsil elə bir sahədir ki, bir günün səhvini düzəltmək üçün on illərlə vaxt lazım olur. Bizdə isə səhvi səhvlə düzəldirlər.
Şəymən