Manat təhlükə altına düşdü

FES-in qərarı gözlənilən idi, proses Azərbaycana da təsir edəcək



Azərbaycan Mərkəzi Bankı (AMB) ABŞ-ın Federal Ehtiyat Sistemi tərəfindən (FES) uçot dərəcəsinin artırılması ilə bağlı qəbul etdiyi qərara münasibət bildirib.Qurumdan verilən məlumata görə, FES-in qəbul etdiyi qərar gözlənilən idi: "Şübhəsiz ki, FES-in qərarı bütün dünyaya, o cümlədən Azərbaycana, bizim milli valyutamıza öz təsirini göstərəcək. Təsirlər barədə detallı danışmaq hələ çox tezdir, bununla bağlı biz müvafiq təhlillərimizi aparırıq.

Bilirsiniz ki, manatın məzənnəsi bivalyuta səbətinə uyğun şəkildə tənzimlənir. Buna görə, dollar və avro münasibətlərini ciddi şəkildə təhlil edirik”. Son zamanlar ictimaiyyət arasında manatın növbəti dəfə devalvasiyaya uğraması, habelə üzən məzənnəyə keçidlə bağlı müxtəlif fikirlər səslənir. FES-in qərarı isə bu söz-söhbətlərin daha da böyüməsinə səbəb ola bilər. Buna münasibət bildirən Mərkəzi Bank rəsmisi bildirib ki, hələlik nə isə demək çox çətindir, proses hazırkı axarı ilə davam edəcək: "Daxili müzakirələr aparılır. Hadisələr çox sürətlə dəyişir və onlardan asılı olaraq, hökumətlə razılaşdırılmış, planlaşdırılmış şəkildə Mərkəzi Bank öz məzənnə siyasətini həyata keçirəcək”. AMB rəsmisi onu da əlavə edib ki, hələlik bivalyuta səbətində dollar və avronun payında dəyişiklik gözlənilmir. Xatırladaq ki, FES-in qəbul etdiyi qərara əsasən uçot dərəcəsi 0,25 faiz artırılıb.

AMB-nin açıqlamasını şərh edən iqtisadçı-ekspert Vüqar Bayramov "Şərq”ə söyləyib ki, uçot dərəcəsinin artırılmasının manata birbaşa olmasa da, dolayı təsiri olacaq: "Eyni zamanda praktik olaraq FES-in qərarı manata psixoloji və iqtisadi təzyiqləri artırıb. Lakin mövcud vəziyyət heç də proseslərin son həddi deyil. Mərkəzi Bank çevik alətlərdən istifadə etməklə çalışmalıdır ki, manata olan təzyiqlər aradan qalxsın və ya minimuma ensin. Manata təzyiq varsa, gərək qiymətlər də aşağı düşsün. Bir sözlə, növbəti mərhələdə manatın məzənnəsinin dəyişməsi MB-nin hansı siyasət yürüdəcəyindən asılı olacaq. MB çevik rıçaqlardan istifadə edib, cəmiyyətə lazımi mesajlar verməklə psixoloji təzyiqləri azalda bilərsə, manata təzyiqi azalda bilər. Yox əgər MB mövcud siyasətini davam etdirərsə, manatın məzənnəsini dollara nisbətən aşağı düşə bilər. Artıq növbəti mərhələdə manatın məzənnəsinin dəyişməsi MB-nin siyasətindən asılı olacaq”.

Ayyət Əhməd