"Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Bakı-Sumqayıt-Bakı dairəvi dəmir yolu xəttinin işə düşməməsində icra hakimiyyətləri və bələdiyyələri hədəf göstərib. QSC sədrinin sözlərinə görə, sözügedən orqanlar Bakı-Sumqayıt-Bakı dairəvi dəmir yolu xəttinin ətrafındakı əraziləri satıb.
Həmin ərazilərdəki qanunsuz tikililər isə xəttin işə düşməsini çətinləşdirir. Onun sözlərinə görə, Bakı-Sumqayıt-Bakı dairəvi dəmir yolu xəttinin istifadəyə verilməsi üçün müəyyən işlər görülməlidir: "Qanunsuz tikililərdən əlavə yollardan kanalizasiyalar, qeyri-rabitə xətləri çəkilib. Bunların hamısını yeniləmək üçün xətti ayırmaq, mühafizə strukturunu qurmaq lazımdır ki, ora insanlar, heyvanlar çıxmasın, keçidlər olsun. Bu, böyük proyektdir. Bu proyekti Asiya İnkişaf
Bankı 500-550 milyon dollar qiymətləndirirlər. Bu gün iqtisadiyyat zəifdir, o qədər imkanlarımız yoxdur”.
Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev isə deyib ki, ilk olaraq, Bakı-Sumqayıt-Bakı dairəvi dəmir yolu xəttinin ətrafındakı ərazilərdə tikilən evlərin, obyektlərin üzərində mülkiyyətin leqallaşdırılması prosesinin olub-olmadığı araşdırılmalıdır: "Əslində, həmin evlər üzərində mülkiyyət hüququnun kimə məxsus olmasından asılı olmayaraq tikililər sökülməlidir. Mövcud qanunvericiliyin tələblərinə görə, kommunikasiya xətləri keçən, yaxud da ölkənin təhlükəsizliyi, müdafiə ehtiyacları üçün zəruri olan ərazilər boşaldılmalıdır. İndiki halda isə həmin ərazi ictimai əhəmiyyət kəsb etdiyi üçün mülkiyyət üzərində hüququnun dəyişdirilməsi prosesi aparılır. Əgər mülkiyyət hüququ varsa, söküləcəyi təqdirdə həmin evlərə ədalətli kompensasiyalar verilməlidir. Qanuna görə, qanunsuz tikililərə heç bir kompensasiya verilmir. Amma ortada bir maraqlı məqam var ki, indiki reallıqda icazəsiz tikinti aparmaq mümkün deyil. Sənəd olmasa belə, müvafiq icra hakimiyyətləri və bələdiyyə orqanları müəyyən vəsait müqabilində vətəndaşlara tikinti ilə bağlı şifahi razılıq verir. Deməli, bu qanunsuzluq icra və bələdiyyə orqanlarının səhlənkarlığı ucbatından baş verib”.
Fond prezidentinin sözlərinə görə, ərazidən kommunikasiya xətti keçir və ya gələcəkdə keçməsi ilə bağlı planlaşdırma varsa, mühafizə zolağı üçün xüsusi əhəmiyyət kəsb edirsə, həmin ərazilərə nəzarət bələdiyyə və icra orqanlarının səlahiyyətindədir. Cavid Qurbanovun fikirlərinin əsaslı olduğunu düşünürəm. Hesab edirəm ki, bələdiyyə və icra hakimiyyətləri ilə yanaşı, bu prosesə nəzarəti həyata keçirməli olan nəqliyyat sektorunda da müəyyən səhlənkarlığa yol verilib. Birbaşa maraqları olmasa belə, susmaqla bu qanunsuzluğa şərait yaradıblar”.
Bakı-Sumqayıt sürət qatarı istifadəyə verilən gündən bu yana baş verən nəqliyyat hadisələrini xatırladan Ə.Nuriyev deyib ki, bütün bunlar infrastrukturun yaradılmasında yol verilən problemlərlə bağlıdır: "Qəzalar bir sıra hallarda vətəndaşların günahı ucbatından baş versə də, qatarın hərəkətinə mane olan obyektlərin də müəyyən qədər rolu olub”.
Şəymən