“İndi türk təyyarələri cürət edib Suriya üzərində uça bilmir”
Dünən Rusiya Prezidenti Vladimir Putin ölkə mediası üçün 11-ci sual-cavab konfransını keçirib. Beynəlxalq Ticarət Mərkəzində keçirilən konfransda akkreditasiyadan keçmiş 1390 jurnalist iştirak edib. Görüş 3 saat 7 dəqiqə çəkib. Bu müddət ərzində Putin 20-yə yaxın suala cavab verib. "Belə konfransı sona çatdırmaq mümkün deyil, sadəcə dayandırmaq olar” deyən Putin zalı tərk edib.
Putinə ilk sual iqtisadi böhranla bağlı verilib
Rusiya rəhbərinə ilk sualı "Komsomolskya pravda” qəzetinin baş redaktor müavini Aleksandr Qamov verib. O, prezidentdən ölkədə müşahidə olunan iqtisadi böhran və sosial problemlər barədə soruşub. Putin isə deyib ki, Rusiyanın iqtisadi inkişaf modeli neftin 100 dollar olacağı proqnozu ilə qurulub: "Amma əvvəlcə, neft 50 dollara, indi isə 38 dollara düşüb. Ölkəyə investisiya qoyuluşu və Ümumi Daxili Məhsul istehsalı azalıb, əhalinin real gəlirləri geriləyib, inflyasiya isə 2 rəqəmli olub. Lakin deyə bilərəm ki, Rusiya iqtisadi böhranın pik həddini geridə qoyub”. Putin hökumətin sosial öhdəlikləri yerinə yetirməsinə və əhalinin təbii artımını təmin etməsinə görə fəxr etdiyini vurğulayıb.
Türkiyə sürətlə islamlaşır
Putin Tatarıstanın "Biznes Online” jurnalının əməkdaşının Türkiyə-Rusiya münasibətləri ilə bağlı sualını da cavablandırıb. O, təyyarənin vurulmasını düşmən hərəkəti kimi dəyərləndirib: "Ankara Su-24 təyyarəsini vurmaqla düşmənçilik addımı atıb və NATO-nun arxasında gizlənib”. Rusiya Prezidenti rəsmi Ankaranın öz dövlət maraqları ilə bağlı Moskvaya bəzi ideyalar təklif etdiyini, lakin bu ideyaların beynəlxalq hüquqa zidd olduğunu bəyan edib. Eyni vaxtda o, Türkiyə təyyarələrinin Suriya üzərində uçmağa cəsarət etmədiyini deyib: "Əvvəllər Türkiyə təyyarələri Suriya sərhədlərini pozurdu, qoy, indi cürət edib uçsunlar”. Putin hazırkı AKP hökuməti barədə də fikirlərini səsləndirib: "İndiki Türkiyə hakimiyyəti ilə razılıq əldə etmək demək olar ki, mümkün deyil. Türkiyə sürətlə islamlaşır. Atatürk bunu görsəydi, yəqin ki, qəbrində çevrilərdi”.
Türkiyə ABŞ-a "yaltaqlanır”
Kreml rəhbəri deyib ki, Türkiyə Şimali Qafqazda federal qüvvələrə qarşı vuruşan yaraqlılara tibbi yardım göstərir: "Şimali Qafqazdan olan döyüşçülər Türkiyədə müalicə olunurlar. Sonra isə iki ölkə arasındakı vizasız rejimdən yararlanaraq türk pasportu ilə yenidən Rusiyaya qayıdırlar”. Mətbuat konfransında Putin Türkiyə rəhbərliyini təhqir etməkdən də çəkinməyib və onu ABŞ-da yaltaqlanmaqda günahlandırıb. Putin Rusiya hökumətinin gördüyü işdən razı olub-olmaması və yeni kadr dəyişiklikləri ilə bağlı verilən suala özünəməxsus cavab verib: "Mənə ənzəli oynamaq lazım deyil. Yaxın vaxtlarda kadr dəyişikliyi gözlənilmir. Hökumətin işini isə qənaətbəxş saymaq olar”. Putin Rusiyada bu il orta ömrün ilk dəfə 71 yaşı keçdiyini, ölkənin kənd təsərrüfatının sürətlə inkişaf etdiyini və təkcə taxıl istehsalının 103 milyon ton olması barədə məlumat verib. O, Rusiyada faiz dərəcələrinin artırılacağını və Mərkəzi Bankın ölkənin bütün maliyyə-kredit strukturunu tənzimlədiyini deyib.
"Əsədə dəstək veriləcək, Ukraynanın isə heç bir ticarət imtiyazı olmayacaq”
Putin mətbuat konfransında Suriya böhranı ilə suala da cavab verib və ölkəsinin Suriya ordusuna hava dəstəyi göstərməkdə davam edəcəyini və münaqişənin həllində ABŞ-ın səylərini dəstəkləyəcəklərini deyib: "Qəribə də olsa, Rusiyanın təklifləri ABŞ-ın BMT Təhlükəsizlik Şurasının gündəliyinə çıxardığı qətnamədəki müddəalarla üst-üstə düşür. Biz həmin qətnamə təşəbbüsünə dəstək olacağıq. Suriyaya kimin rəhbərlik edəcəyini yalnız xalq özü həll etməlidir. Amma hər iki tərəfin güzəştə getməsi vacibdir. Biz Suriya ordusuna hava dəstəyini göstərməkdə davam edəcəyik. Bilmirəm bizə Suriyada hərbi baza lazımdır, ya yox? Amma onu bilirəm ki, kimisə tapmaq lazımdırsa, biz onu tapacağıq”. Bununla belə, Kreml sahibi xüsusi modullarla 2 gün ərzində bütün qüvvələrini Suriyadan çıxara biləcəklərini deyib. Daha sonra Putin sual üçün mikrofonun ukraynalı jurnalistə verilməsini istəyib. Ukrayna ilə bağlı sualı cavablandıran Putin ölkəsinin Donbasda tezliklə sülhün yaranmasında maraqlı olduğunu deyib: "Rusiya Ukraynaya qarşı sanksiya tətbiq etmək niyyətində deyil. Avropa Birliyi liderləri də bunu məndən xahiş ediblər. Sadəcə, bundan sonra Ukraynanın heç bir ticarət imtiyazı olmayacaq.
Rəsmi Kiyev Minsk sövdələşmələrinin reallaşdırılması zamanı manipulyasiyalara yol verir. Moskva Donbasdakı münaqişə ilə bağlı açıq və səmimi dialoqa ümid edir. Amma bu, ölkənin cənub-şərqindəki insanların fiziki məhvi hesabına olmamalıdır”.
"Saakaşvilinin təyinatı Ukrayna xalqının üzünə tüpürməkdir”
Putin Gürcüstana müsbət mesajlar göndərib. Prezident ölkəsinin Gürcüstanla əlaqələri bərpa etməyə hazır olduğunu deyib: "Moskva Tbilisi ilə münasibətləri bərpa etməyə hazırdır. Hətta viza rejimini də ləğv edə bilərik. Gürcüstanın ərazi bütövlüyü məsələsi gürcü, abxaz və osetin xalqlarının şəxsi işidir. Biz onların istənilən qərarını qəbul edəcəyik”. Putin eks-prezident Mixail Saakaşvilini də unutmayıb. Kreml rəhbəri hər mətbuat konfransında təhqir etdiyi gürcü siyasətçinin Ukraynada vəzifəyə təyin olunmasını sərt tənqid edib: "Saakaşvilinin Ukraynada qubernator təyin olunmasına gəlincə, bu, əslində Ukrayna xalqının üzünə tüpürməkdir”.
Kreml rəhbəri dopinqdən istifadə etmir
Putin deyib ki, fiziki firmasını dopinqdən istifadə etmədən saxlayır: "Fiziki formamı dopinqsiz saxlayıram. Tamamilə dopinqsiz”. Prezident ölkədə pensiya yaşının qaldırılmasına müqavimət göstərdiyini, bütün hökumət üzvlərindən xarici dilləri öyrənməyi xahiş etdiyini və Amerika xalqının seçəcəyi istənilən prezidentlə konstruktiv diskussiya və əməkdaşlıq qurmaq istədiyini deyib.
"Qızlarım siyasətlə, bizneslə məşğul olmur”
Rusiya Prezidenti qızları barədə suala da cavab verib. Putin qızlarının Rusiyada yaşadıqlarını və heç zaman xaricdə təhsil almadıqlarını deyib: "Qızlarım heç zaman bizneslə və siyasətlə məşğul olmayıb. Mən onların hansı işlə məşğul olduqlarını deməyəcəyəm. Bu həm də onların təhlükəsizliyi ilə bağlı məsələdir. Onu deyə bilərəm ki, qızlarım öz həyatlarını yaşayırlar və bunu çox layiqli şəkildə edirlər”. Xatırladaq ki, Putinin Mariya və Yekaterina adlı iki qızı var. Ali təhsillərini başa vuran qızlarla bağlı Rusiya ictimaiyyəti çox az şey bilir.
"Nemtsovu öldürmək lazım deyildi”
Tanınmış müxalif siyasətçisi Boris Nemtsov barədə danışan Putin bu cinayətin üstünün açılacağını deyib: "Nemtsovla şəxsən tanış idim. Onunla heç vaxt münasibətləri korlamamışdım. Amma o, siyasi mübarizə yolunu seçdi. Bu o demək deyildi ki, Nemtsovu öldürmək lazım idi və mən heç zaman belə şeyi qəbul etməzdim”. Putin 1998-ci ildə qətlə yetirilən Qalina Starovoytova işi kimi Nemtsov işinin də uzun illər davam edəcək cinayət faktı olacağını ehtimal edib.
Rusiya Prezidenti bu məsələni Çeçenistanın rəhbəri Ramzan Kadırovla müzakirə etmədiyini də deyib: "Gah deyirlər ki, cinayətkar Çeçenistanda gizlənir, gah da deyirlər ki, xarici ölkələrdən birində. Heç zaman belə məsələləri regional liderlərlə müzakirə etməmişəm və etmək fikrim də yoxdur. Heç kimi cinayət məsuliyyətindən yayındırmaq fikrində deyiləm. Gəlin, obyektiv araşdırmanın sonunu gözləyək”.
İsmayıl