Smitin anti-Azərbaycan layihəsi...

Spiker Oqtay Əsədov ABŞ-ın ölkəmizdəki səfirini açıqlama verməyə çağırdı



"Azərbaycanla Amerika arasında hərtərəfli əməkdaşlıq var və bu əməkdaşlıq sadəcə iki dövlətin maraqlarına xidmət etmir. Həm də regionda və region sərhədlərindən kənarda sabitliyin, təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır. Amerikada bəlli çevrələrin təsiri altında olanlar bu əlaqələrə xələl gətirirlər. Ermənipərəst konqresmenlər təcavüzə məruz qalanları təcavüzdə günahlandırırlar. Amerika müəyyən mənada demokratik dəyərlər daşıyıcısı Azərbaycan xalqının, siyasətçilərinin yaddaşında qalıb və bu addımlar ilk növbədə Amerikanın maraqlarına yönəlib”.

Bu fikirlər Milli Məclisin ötən gün keçirilən toplantısında millət vəkili Sahib Alıyev tərəfindən səsləndirilib. Deputat Amerika konqresində Helsinki Komissiyasının sədri Kristofer Smitin anti-Azərbaycan əleyhinə hazırladığı qanun layihəsini sərt tənqid edib.

"Bunun nəyi şokdur?”

Kristofer Smitin hazırladığı qanun layihəsinə Milli Məclis sədri Oqtay Əsədov da münasibət bildirib. Spiker deyib ki, adi bir təşkilatın verdiyi bu açıqlama şok kimi qarşılanmamalıdır: "Mənə yarım saat öncə ermənilərin ən radikal diaspor rəhbərlərindən Aram Hambaryanın tvitter səhifəsində Kristofer Smitlə Amerika konqresində çəkilən şəklini göstərdilər. Şəklin altında qeyd edilir ki, onun işini dəstəkləmək üçün Amerika Konqresində görüşlər keçirir. Çox əfsuslar olsun ki, bir çox jurnalistlərimiz bu hadisəni şok hadisə kimi yazıblar. Bunun nəyi şokdur? Məsələni bu qədər şişirtmək, insanlar arasında yaymaq səhvdir. 100 faiz əminəm ki, bu layihə Konqresdən keçməyəcək. Bu bir daha göstərir ki, Smit erməni diasporunun təsiri altında olan şəxsdir. Smit özü əvvəllər demokrat olub, sonra respublikaçı olub. O sadəcə Helsinki komissiyasının üzvüdür və onun bu sənədini elə də ciddiyə almaq lazım deyil. O bir QHT rəhbəridir.” O.Əsədov hesab edir ki, K.Smit bu hərəkəti ilə Azərbaycanla ABŞ arasındakı münasibətləri korlamağa çalışır.

Spiker: "31 dekabrda əfv fərmanı gözlənilir”

Spiker qeyd edib ki, layihənin indi hazırlanması təsadüfi deyil: "Azərbaycan Prezidenti mütəmadi olaraq əfv fərmanı imzalamaqla həbsdə olan insanları azad edir. Növbəti belə bir əfv fərmanı isə 31 dekbar ərəfəsində gözlənilir. Smit kimilər hesab edirlər ki, guya, Azərbaycana təzyiq ediblər, ondan sonra məhbuslar azad edilib. Və yaxud da bu yolla münasibətləri korlamağa çalışır və Azərbaycanı vadar edir ki, həmin məhbuslar azad edilməsin. Odur ki, bu yolla iki ölkə arasındakı münasibətləri pozmağa çalışırlar. Yenə də deyirəm, buna çox böyük diqqət verməməliyik. ABŞ-ın Azərbaycandakı səfirliyinə deyin, açıqlama versinlər ki, bu Amerikanın mövqeyidir, yoxsa ermənilərə işləyən deputatın fikridir?!”.

"ABŞ-ın Azərbaycandakı səfirliyi bununla bağlı açıqlama verməlidir”

Parlamentin Beynəlxaq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, Smit erməni fikirlərinin mövqeyini Konqresdə əks etdirmək istəyir: "O həm də ABŞ-ın strateji maraqlarını, Azərbaycan-Amerika maraqlarına xələl gətirən sənədi hazırlayaraq təqdim edib. Bu, ermənipərəst, anti-Azərbaycan qüvvələrin hiyləgər cəhdidir. ABŞ-ın Konqresinə ildə, məsələn, 2014-cü ildə 4 min bunun kimi sənəd daxil olub. ABŞ-ın maraqlarına xidmət edən 120-130 sənəd qəbul edilir. Bu sənədin qəbul olunması ehtimalı isə sıfırdır”. Deputat deyib ki, Azərbaycanda insan haqları ilə bağlı müntəzəm, yüksək səviyyəli işlər aparılır və bu, göz qabağındadır: "İnsan haqları ilə bağlı ənənəvi olaraq əfv fərmanı olur. Erməni diasporu bunların qarşısını almaq üçün təkcə ABŞ-da deyil, başqa ölkələr və təşkilatlarda öz işlərinə başlayıblar”. Millət vəkili qeyd edib ki, bu, Azərbaycana qarşı seçilmiş, konteksdən çıxarılmış ermənipərəst qüvvələrin fəaliyyəti ilə bağlı məsələdir: "AŞ PA-nın qış sessiyasında Azərbaycan nümayəndə heyətinin təşəbbüsü ilə Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə bağlı bir neçə sənəd müzakirə olunacaq.
Belə bir məqamda təpkilər çox olacaq. Onların istəyi də odur ki, kəskin, düzgün olmayan reaksiya verək. Oqtay müəllimin dediyi kimi, ABŞ-ın Azərbaycandakı səfirliyi bununla bağlı açıqlama verməlidir”.

"Hökumət onları həbsdə saxlamaqla məşhurlaşdırır”

Ana Vətən Partiyasının (AVP) sədri, deputat Fəzail Ağamalı deyib ki, Azərbaycana qarşı yenidən hücumlara başlanıb: "Azərbaycanın tutmuş olduğu yol demokratik yoldur. Məni təəssüfləndirən odur ki, ABŞ ATƏT-in Minsk Qrupunun üzvü kimi Dağlıq Qarabağın separatçıları ilə görüşür. Dövlət Departamenti indiyədək bu cür hallara qarşı hüquqi qiymətini verməyib. Bunun da arxasında ermənilərin təsirində olan dövlət katibi Con Kerrinin dirijor çubuğu dayanır”.

Böyük Quruluş Partiyasının (BQP) başqanı, millət vəkili Fazil Mustafa isə deyib ki, Smitin hazırladığı layihə ABŞ-ın mövqeyi deyil: "Bu, Konqresin Azərbaycana münasibəti deyil. Hansısa başıpozuq senatorun mövqeyini ümumi Amerikanın mövqeyi kimi qəbul etməyə gərək yoxdu”. Deputatın qənaətincə, əfv ediləcək məhkumların siyahısını genişləndirmək lazımdır: "Əfvə düşə biləcək adamların əksəriyyəti buraxılandan sonra hansısa proseslərə təsir etmək gücündə deyillər. Biz onların fəaliyyətini, sadəcə məşhurlaşdırırıq. Onsuz da xaricdən qrant almaqla bağlı məsələlər xeyli çətinləşdirilib. Bu adamlar ölkə üçün hansı təhlükəyə səbəbdirlər ki? Elə istedadları da yoxdur ki, proseslərə təsir edə bilsinlər. Bəzən hökumət onları həbsdə saxlamaqla məşhurlaşdırır. Bu da doğru deyil. Məncə, siyasi məhbus adlandırılan şəxslərin hamısını azad etmək lazımdır”.

Sədr deputata irad bildirdi: "Siz hər şeyin birdən-birə olmasını istəyirsiniz”

Millət vəkili Zahid Oruc deyib ki, ABŞ-la Azərbaycan bütün hallarda işləməlidir: "ABŞ Konqresində Azərbaycanla dost olan konqresmenlər varmı? Əlbəttə var. Bir dəfə də onlar bizə uyğun akt hazırlayıblarmı? Ona görə biz ABŞ-la işi gücləndirməliyik. Hesab edirəm ki, bu istiqamətlərdə Azərbaycan diasporu fəallıq nümayiş etdirməlidir”.
Spiker O. Əsədov isə Z.Oruca irad bildirib: "ABŞ-la iş aparılır. Amma bilirsən ki, orada erməni diasporunun tarixi nə vaxtdan başlayır, Azərbaycan diasporunun tarixi nə vaxtdan? 100 ildən çoxdur, orada yaşayan ermənilər artıq amerikalıların ətinə-dırnağına işləyib. Amma biz orada cəmi 20 ildir, diaspor qururuq. 2007-ci ildə Konqresdə məsələ müzakirə olunarkən biz 210 səs əldə etdik. Cəmi 15 səs çatmadı. Bu, göstərici deyilmi? Siz hər şeyin birdən-birə olmasını istəyirsiniz”.

"Əfvdən sonra görək hansı bəhanəni tapacaqlar”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyev isə qeyd edib ki, bu gün mətbuatda Ermənistanda referendumun saxtalaşdırıldığı barədə xəbər oxuyub: "ABŞ səfirliyi qeyd edib ki, sənədi saxtalaşdıranlar tədbirlərə çağırılmasın. Bizdə Əfv Komissiyasının üzvləri qeyd edirlər ki, əfv sərəncamı olacaq. Leyla və Arif Yunuslar azad edilib. Əfv sərəncamı imzalanandan deyəcəklər ki, onların addımından sonra əfv oldu. Məncə, buna diqqət etmək lazım deyil, əfv verilməlidir. Əfvdən sonra görək hansı bəhanəni tapacaqlar”.

Xanım deputat Elmira Axundova isə deyib ki, anti-Azərbaycan mövqeyində olan şəxslər onsuz da bir bəhanə tapırlar: "Bunun əfvlə, məncə, əlaqəsi yoxdur. 20 il bundan öncə Azərbaycanda əfv oldu, güllələnmə ləğv edildi. O zaman heç əfv yadlarına da düşmürdü. Bizim ölkəmizə qarşı olan qüvvələr hardan olsa, bir bəhanə tapırlar. Əfv Komissiyasının iclası keçirilib, siyahı var. Hesab edirəm ki, cənab prezident humanistlik göstərib, bir çox insanları əfv edəcək, ailələr sevinəcəklər”.

"Bu məsələdə dərəbəylik ola bilməz”

Komitə sədrləri və deputatlara parlamentin plenar iclaslarında növbədənkənar çıxış etmək hüququ veriləcək. Bu barədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. O deyib ki, hazırkı nizamnaməyə əsasən, Milli Məclisin iclasında növbədənkənar çıxış etmək hüququna Azərbaycan Prezidenti, Milli Məclisin sədri və sədr müavinləri malikdir.

Amma parlamentin dünənki iclasında Daxili Nizamnamnaməsinə edilən dəyişikliklər nəticəsində komitə sədrləri və deputatlara iclaslarda növbədənkənar çıxış etmək hüququ verilib. Deputatlar eyni anda iki komitənin üzvü də ola biləcəklər. Dəyişikliklərə əsasən, komitə sədrlərinə və deputatlara növbədənkənar çıxış etmək üçün söz Milli Məclisin sədri tərəfindən verilə bilər.

Hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan millət vəkili Siyavuş Novruzov isə çıxışında deputatlara növbədənkənar çıxış imkanı verilməsi ilə bağlı dəyişikliyə etiraz edib. O deyib ki, qanun layihəsindəki köhnə variant qalmalıdır: "Etirazımın səbəbi odur ki, bu məsələ necə tənzimlənəcək. Çünki komitə sədrlərini başa düşmək olar. Hansısa məsələ olanda onlara söz verilməsi başadüşüləndir. Burada 20 nəfər çıxışa yazılır. Söz verməyəndə deyirlər ki, daxili nizamnaməni pozursunuz. Veriləndə isə kənar çıxışlar olur”.

Spiker O.Əsədov S.Novruzova cavab verərək qeyd edib ki, söz vermək səlahiyyəti ona məxsusdur: "Hansısa deputat ezamiyyətə göndərilə bilər və o gələndə, çıxış etmək istəyə bilər. Belə olan halda ona növbədənkənar çıxış imkanı verilməlidir və bu da mənim səlahiyyətimdədir. Bu məsələdə dərəbəylik yarana bilməz.

Həm də komitə iclasında məsələ qaldırıldı ki, niyə Milli Məclis sədrinin müavinlərindən biri müxalifət, azlıqda qalan partiyaların nümayəndələrindən olmur? Düzdür, o məsələyə cavab verilmədi. Sonra mən bəzi yoldaşlarla söhbət edərək dedim ki, nə vaxt azlıqda qalan ən az 25 nəfərlik qrup yaradar, o zaman bu təkliflə çıxış edərlər. Onların hər hansı fikirləri olarsa, o zaman mənə müraciət edə bilərlər”. Nizamnaməyə dəyişikliklər müzakirələrdən sonra səsə qoyularaq qəbul olunub.

Anar Bayramoğlu