Rusiyaya göz dağı...

Türkiyə və İsrail razılaşdılar, bütün əlaqələr bərpa olunacaq
Rusiya, İran, İraq və Suriya koalisiyası İsrailin belə addım atmasına səbəb oldu


Türkiyə İsraillə barışdı. Bu ölkələr arasında münasibətlərin normallaşmasına dair razılaşmanın detalları məlum olub. İlkin razılaşmanı İsveçrədə İsrailin baş naziri Benyamin Netanyahu və Türkiyə Xarici İşlər Nazirliyinin aparat rəhbəri Firudin Sinirlioğlu imzalayıblar. Razılaşmanın maddələrinə əsasən İsrail tərəfi hadisə zamanı ölən 10 Türkiyə vətəndaşının ailələrinə 20 milyon dollar təzminat ödəyəcək.

İki ölkənin səfirliklərinin fəaliyyəti bərpa ediləcək, geri çağırılan səfirlər yenidən göndəriləcək. Türkiyə İsrail hərbçilərinə qarşı məhkəmə prosesindən imtina edəcək. Bu barədə Türkiyə Böyük Millət Məclisində qanun qəbul ediləcək. HƏMAS təşkilatının Türkiyədəki fəaliyyəti məhdudlaşdırılacaq. Təşkilatın liderlərindən sayılan Salih əl-Arusi Türkiyədən deportasiya ediləcək. Əl-Arusi 3 İsrail hərbçisini qaçıraraq, öldürməkdə təqsirləndirilir. Təbii qazla bağlı müzakirələr aparılacaq. Razılaşma imzalandığı gündən Türkiyə və İsrail bu sahədə birgə fəaliyyət göstərəcək, İsrail qazının Türkiyə və Avropaya nəqli üçün boru xətti tikiləcək. Qeyd edək ki, İsrail hərbçiləri 2010-cu il mayın 30-da Qəzzaya humanitar yardım aparan Türkiyəyə məxsus "Mavi Mərmərə” gəmisində olan 10 nəfəri öldürüb. Bu hadisədən sonra iki dövlət arasında münasibətlər gərginləşib, diplomatik əlaqələr kəsilib. Bu arada qeyd edək ki, sözügedən ölkələr arasında səfirlərin geri qaytarılması məsələsi də daxil olmaqla əlaqələrin normallaşdırılmasına dair ilkin razılıq əldə olunub. Diplomatik münasibətlərin bərpasına dair razılaşma İsveçrədə keçirilmiş görüşdə əldə olunub. Razılaşma çərçivəsində İsrail həlak olan şəxslərin ailələrinə kompensasiya ödəmə fondu yaradacaq.

Mövcud vəziyyəti şərh edən tanınmış analitik Arzu Nağıyev söyləyib ki, Türkiyə ilə İsrail arasında 2008-2010-cu illərə qədər nəzərəçarpan gərginlik olmayıb: "Onlar strateji müttəfiq olmasalar da, strateji əməkdaşlıq ediblər. İsrailin müstəqilliyini tanıyan dövlətlərdən bəlkə də birincisi Ankara olub. Bundan sonra təxminən 2008-ci ilə qədər adıçəkilən ölkələr arasında hərbi, iqtisadi sahədə müəyyən müqavilələr bağlanıb. Onlar zamanında bir-biri ilə sıx münasibətlər qurublar. Həmin ölkələr arasındakı gərginlik ilk dəfə Türkiyəyə məxsus "Mavi Mərmərə” gəmisinin Qəzza bölgəsinə yardım aparan zaman İsrail hərbi dəniz qüvvələri tərəfindən vurulmasından sonra başlayıb. Bundan başqa, ikinci problem Rəcəb Tayyib Ərdoğanın AKP rəhbərliyinə gələndən sonra başladı. Rəsmi Təl-Əviv düşünürdü ki, islamçılar dövlət başına gəldilər və bu, İsrailə qarşı əməliyyatla nəticələnə bilər. Lakin qısa müddət ərzində bu məsələyə aydınlıq gətirildi”.

Müsahibimiz diqqətə çatdırıb ki, adıçəkilən ölkələr arasındakı yaxınlaşma iki faktorla bağlıdır: "Birincisi, Rusiya İran, İraq və Suriyadan koalisiya yaradıb, Hizbullahdan istifadə etməyə başladılar. Daha doğrusu, İran xüsusi xidmət orqanlarının nümayəndələrindən ibarət dəstələrdən istifadə etməyə başladılar. Əlbəttə, bu, İsrailə xoş gəlmədi. Ona görə ki, Suriya ilə İsrail arasında da problemlər var və yaşanmaqdadır. Bax, həmin koalisiyanın yaranması da Ankara ilə Təl-Əvivi yaxınlaşdırdı. İkinci amil isə Türkiyə-Rusiya arasındakı gərginliyə görə, İsraillə Türkiyə arasında münasibət yaxşılaşıb”.

Ekspert qeyd edib ki, Təl-Əvivlə Ankara arasında qaz müqavilələri də mövcuddur: "Onlar tarixən düşmən olmayıblar. Son vaxtlar regionda baş verən hadisələrdən sonra onlar arasında yaxınlaşmalar yenidən bərpa olunub və bu yaxınlıq yəqin ki, davam etdiriləcək”.

Ayyət Əhməd