Rusiya Gürcüstana qucaq açır

Natiq Miri: “Rusiya xeyli müddətdir ki, Gürcüstanda möhkəmlənmək və 2016-cı ildə Gürcüstanda keçiriləcək parlament seçkilərində revanş götürmək istəyir”



"Rusiya Prezidenti Vladimir Putinin Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğv edəcəyi barədə bəyanatı düzgün addımdır”. Bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili çıxış edib. Hökumət başçısının sözlərinə görə, məlum addım Rusiyada yaşayan gürcülər üçün də çox əhəmiyyətlidir:

"Gürcüstan və Rusiya arasındakı fikir ayrılıqlarına baxmayaraq, son 3 ildə biz ticarət, nəqliyyat və humanitar sahələrdə irəliyə doğru nəzərəçarpan addımlar atmışıq. Biz Rusiyaya qarşı praqmatik siyasətimizi davam etdirəcəyik. Rusiyadan da bununla bağlı qarşılıq gözləyirik. Yaxın günlərdə biz tarixi hadisə olacaq Avropa Komissiyası tərəfindən Gürcüstan vətəndaşları üçün viza sadələşdirilməsi qərarı gözləyirik. Gürcüstan hökumətinin ehtiyatlı siyasəti konkret nəticələrə gətirib çıxarır. Bu yanaşma isə vətəndaşlarımız və Qərb tərəfdaşlarımız tərəfindən alqışlanır”.

Putinin addımını şərh edən politoloq Natiq Miri "Şərq”ə bildirib ki, Moskva-Tiflis münasibətlərinin yaxşılaşması nə İsrail-Türkiyə, nə də Ankara-Moskva münasibətlərindən irəli gəlir. Ekspertin sözlərinə görə, Rusiya xeyli müddətdir ki, Gürcüstanda möhkəmlənmək və 2016-cı ildə Gürcüstanda keçiriləcək parlament seçkilərində revanş götürmək istəyir: "Rusiyanın Cənubi Qafqazda Ermənistandan sonra, növbəti qalanı, Avropaya çıxış qapısını əldə etmək istəyir. Məsələ bundan ibarətdir. Bilirsiniz ki, son zamanlar Gürcüstanın Rusiyadan qaz alması gündəmdədir. Şimal qonşumuz Gürcüstanda möhkəmlənmək istəyir. Vizanın götürülməsi də Gürcüstan ictimaiyyətində Kremlə yönəlik müsbət rəy formalaşdıracaq. Çünki Gürcüstan postsovet ölkəsi olduğu üçün bu ölkə əhalisinin əksəriyyəti Moskva ilə əlaqəli insanlardır. Rusiyada 1 milyondan çox gürcü yaşayır. Hətta Gürcüstanda yaşayan gürcülər belə Rusiyaya bağlı insanlardır. Vizanın götürülməsi gürcü vətəndaşları üçün çətinliklərin aradan qaldırılması anlamına gəlir. Bu da Rusiyaya yönəlik müəyyən müsbət tendensiya yarada bilər. Ən azından 2016-cı ilin fevralında baş tutacaq parlament seçkiləri öncəsi Rusiyanın hazırlığıdır. Bir sözlə, Rusiyanın növbəti dəfə Cənubi Qafqazda möhkəmlənmə cəhdidir”.

Ayyət Əhməd