Eldar İbrahimovla Ziyafət Əsgərovun məsələni malalaması həmkarlarını hiddətləndirdi
Dünən Milli Məclisdə Torpaq Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsi müzakirə olunub. Parlamentin Aqrar komitəsinin sədri Eldar İbrahimov bildirib ki, dəyişiklikdə Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağında yerləşən torpaq sahələri ilə bağlı tələblərin pozulmasına görə, fiziki şəxslər 4 min manat, vəzifəli şəxslər 8 min manat, hüquqi şəxslər 40 min manat miqdarda cərimələnir. Bu, təkrar törədildikdə isə fiziki şəxslər 5 min manat, vəzifəli şəxslər 10 min manat, hüquqi şəxslər 50 min manat cərimələnəcək.
Sahilboyu 20-50 metrlik zolaqda olan torpaq sahələri dövlətin mülkiyyətində qalmaqla özgəninkiləşdirilə bilməz
Qanun layihəsinə əsasən, Azərbaycana mənsub sahilboyu 20-50 metrlik zolaqda olan torpaq sahələri dövlətin mülkiyyətində qalmaqla özgəninkiləşdirilə bilməz və yalnız müvafiq icra hakimiyyəti orqanının qərarı ilə istifadəyə və icarəyə verilə bilər. Sahilboyu 20-50 metrlik zolağın altında olan torpaq sahəsi müvafiq icra hakimiyyəti orqanının icazəsi əsasında dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq şərti ilə hasara alınma yolu ilə və ya digər üsullarla bağlana bilər. Yalnız dövlətin iqtisadi və ya təhlükəsizlik mənafelərinin təmin edilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının qərarı ilə həmin torpaq sahələrinə gediş-gəliş məhdudlaşdırıla bilər.
"... İmkanlarından istifadə edərək, dəniz qıraqlarını hasarlayıblar”
Qanun layihəsinin müzakirəsinə qatılan millət vəkili Fazil Mustafa dəniz kənarının hasarlanması məsələsinə etiraz edib. O bildirib ki, vətəndaşların dənizdən məhdudlaşmasının motivi də qanuna əlavə olunmalıdır: "Ayrı-ayrı şəxslər imkanlarından istifadə edərək, dəniz qıraqlarını hasarlayıblar. Faktiki olaraq, vətəndaşların dənizə girişinə qadağa qoyulub. Yayda insanlar dənizə gedib, istirahət edə bilmirlər. Kimlərsə dənizə gedən məhəllələrdən dənizə çıxış yolunda hasar tikir. Yalnız bir nəfərin keçib getməsi üçün cığır saxlayırlar. O cığırı da ağılları kəsəndə, bir qapı qoyub bağlayırlar. Düşünürəm ki, insanların nəqliyyatla dənizə tərəf sərbəst hərəkət etməsi üçün yol qoyulmalıdır. Bu gün dənizkənarı yerlərdə vəziyyət acınacaqlı durumdadır. Dar yollu məhəllələrin arasında tıxac yaranır və vətəndaşların istirahət hüququ pozulur. Ona görə bu məsələyə prinsipial yanaşmaq lazımdır. Dənizin insanların üzünə bağlanmasının qarşısı alınmalıdır. Dənizin bu cür istismar olunmasına, təbii sərvətin insanların əlindən alınmasına son qoyulmalıdır”.
"Demək olar ki, dənizin kənarı hasarlanıb”
"Abşeron, Qaradağ, Sumqayıt və bir çox yerlərdə sahilboyunda daş hasarlar tikilib”. Bu sözləri isə xanım millət vəkili Elmira Axundova səsləndirib. O deyib ki, dəniz kənarının hasarlanmasına yol vermək olmaz: "Keçən iclaslarda Zeynəb Xanlarova, Siyavuş Novruzov bildirirdilər ki, bu hasarlar sökülsün. Lakin daş hasarlarla bağlı dəyişiklik bundan sonra tikiləcəklərə şamil ediləcək. Bunun isə elə də böyük əhəmiyyəti olmayacaq. Çünki artıq demək olar ki, dənizin kənarı hasarlanıb. Mən başa düşürəm ki, qanun geriyə şamil olunmur. Amma bu, ümummilli bir məsələdir, milləti narahat edən məsələdir. İnsanların dənizə çıxışı, istirahəti təmin edilməlidir. Hesab edirəm ki, qanun hansısa formada əvvəl çəkilmiş hasarlara da aid edilməlidir”.
"Sizi əmin edirəm ki, çox hallarda həmin hasarların tikilməsi böyük nöqsanlarla həyata keçirilib”
Deputat Fuad Muradov bildirib ki, Azərbaycan qanunvericiliyində mövcud praktikaya əsasən, dənizin sahil zolağında çəkilən hasarların hansı nöqsanlarla həyata keçirilməsini mövcud icra hakimiyyəti orqanı və vətəndaşlar araşdıra bilərlər: "Sizi əmin edirəm ki, çox hallarda həmin hasarların tikilməsi böyük nöqsanlarla həyata keçirilib. Düzdür, qanunun geriyə oxunması mexanizmi yoxdur. Amma bu mexanizmi düşünmək olar. Çünki bu çox ciddi məsələdir. Gənclərimizin, insanlarımızın asudə vaxtının təşkili əsasən yay aylarında, dənizdə gerçəkləşir və onların gündəlik həyatına təsir edir. Bu məsələləri biz mütləq şəkildə qanunla tənzimləməliyik. Fikrimcə, müvafiq komitələrimiz buna baxa bilər və şərait yaradılmalıdır ki, vətəndaşlarımız dənizdən istifadə etsinlər”.
Millət vəkili qeyd edib ki, dəniz kənarına nəqliyyatın hərəkəti ilə bağlı ümumiyyətlə, yanaşma fərqli olmalıdır: "Dəniz qırağına nəqliyyatın yanaşması bütün müasir qanunvericiliklərdə qadağan olunmalıdır. Ona görə də müəyyən mexanizm fikirləşilməlidir. Görürük ki, yay aylarında bütün nəqliyyat vasitələri dəniz qırağındadır. Heç bir dənizkənarı digər ölkələrdə belə məsələ yoxdur. Müəyyən dayanacaqlar tikilir, maşınlar orada saxlanılır və insanlar dənizə piyada gedirlər. Ona görə dəniz qırağına nəqliyyatın hərəkəti üçün yolun verilməsi ilə qətiyyən razı deyiləm. Xüsusi yanaşma mütləq şəkildə olmalıdır”.
Deputat sədarətə etiraz etdi: "İndi niyə bunu malalayırıq?”
Komitə sədri Eldar İbrahimov isə deputatları mövzudan kənar danışmaqda günahlandırıb: "Qanun layihəsində başqa məsələlər göstərilib. Amma həmkarlarım mahiyyəti üzrə müzakirə aparmırlar”.
Vitse-spiker Ziyafət Əsgərov da Eldar İbrahimovun fikirlərini dəstəklədiyini bildirib: "Mən sizin narahatlığınızı başa düşürəm. Bəli, dənizin kənarının hasarlanması məsələsi də müzakirə olunmalıdır. Amma hazırda müzakirə başqa istiqamətdə gedir. Layihə müzakirə olunmalıdır, mahiyyəti üzrə danışmaq lazımdır”.
Vitse-spikerin bu yanaşması isə bəzi deputatların etirazına səbəb olub.
Millət vəkili Fəzail Ağamalı deputatlara danışmaq üçün söz verilməməsindən şikayətlənib: "İcazə verin, qanunların müzakirəsində bizə verilmiş hüquqdan istifadə edək, sözümüzü deyək. İndi niyə bunu malalayırıq? Malalamağın bizi hara gətirdiyini görürük. Axı bu, milləti narahat edən bir məsələdir. Vətəndaşlar yayda dincəlməyə gedə bilmirlər. Xahiş edirəm, biri-birimizə təmkinli yanaşaq. Dənizin kənarlarının hasarlanması çox absurd bir məsələdir. Vətəndaşlar ailəsi ilə, uşaqları ilə yayda dəniz kənarına gedə bilmirlər. Buna son qoyulmalıdır. Deyirik qanunun geriyə oxunuşu yoxdur. Bu, dövlət ehtiyacları üçündürsə, o zaman müəyyən dəyişikliklər etmək olar ki, problem aradan qaldırılsın”.
"Bizə kürəyimizdən təzyiq edirsiniz... İmkan verin, çıxış edək”
Millət vəkillərinin yerdən danışaraq, qanun layihəsinin səsə qoyulmasına etdikləri çağırışa isə deputat Zahid Oruc etiraz edib. Z.Oruc həmkarlarına sərt iradlar bildirib: "Yeni çağırış parlamentin yalnız bir iclası keçirilib, bu, ikinci toplantıdır. Siz bu qədərmi yorulmusunuz? Parlament müzakirələr yeridir. Burada diskussiyalar aparılmalıdır. Bizə kürəyimizdən təzyiq edirsiniz. Çıxış etmək istəyirik, yerdən səs-küy gəlir. Kim istəmirsə, müzakirələrə qatılmaz, danışanları dinləməz, durub gedə bilər. Onsuz da heç kim dövlətin əleyhinə çıxış etmir. Biz sədarətdən icazə alıb, konstitusion hüququmuzdan istifadə edərək çıxış edirik. Sizə hörmət edirik, siz də bizə hörmət edin. İmkan verin ki, çıxış edək”.
Z.Oruc dənizin hasarlanması məsələsinə də toxunub. O deyib ki, hazırda dəniz kənarında villalar var ki, onlar da kənarlarını hasarlayıblar: "Özlərinə qismət olsun, villaları var, özlərinə aid olan hissələri hasarlayıblar. Məncə, o hasarları sökmək yox, həmin villa sahiblərini ev vergisinə cəlb etmək olar. Bu da büdcəmizə xeyir gətirər. Biz Türkiyə təcrübəsində də görmüşük, dənizin kənarında obyektlər, "yalı”lar var. Amma onlar buna görə vergi verirlər”.
Anar Bayramoğlu