Son zamanlar küçədə, ictimai nəqliyyatda, ətrafımızda eynək taxan azyaşlı uşaqlarla çox rastlaşırıq. Ekspertlər uşaqların belə erkən yaşlarda göz problemləri ilə üzləşməsini müxtəlif səbəblərlə əlaqələndirir. Bu səbəblər içərisində daha çox genetik hallar və texnologiyanın inkişafı göstərilir. Nəticədə valideynlərin uşaqları ilə az vaxt keçirməsi, onları daha çox həyatımızın ayrılmaz bir hissəsinə çevirilən telefon, planşet, internet kimi vasitələrə yönəltməsi fəsadlar yaradır.
Bu problemlə bağlı "Şərq”ə danışan oftalmoloq Aynur Zöhrabova uşaqların göz zəifliyinin səbəblərini müxtəlif aspektlərdən açıqlayıb.
Onun sözlərinə görə, azyaşlıların göz problemləri valideynlərin diqqətsizliyi, uşaqları sakitləşdirmək məqsədilə asılılığa gətirib çıxara biləcək texnoloji vasitələrə cəlb etməsi kimi səbəblərlə yanaşı, genetik cəhətdən zəifliyə meyilliliyin olması nəticəsində də yarana bilər: "Bəzən uşaqlarda kiçik yaşlarında göz problemləri yarandıqda insanlar bunu ancaq telefon, kompyuter, televizor kimi vasitələrə asılılıqda görür. Əslində tam olaraq belə deyil. Bu problemin səbəblərini açıqlamaq üçün genetik cəhətlərə də diqqət yetirmək lazımdır. Məsələn, əgər nəsildə genetik göz zəifliyi problemi varsa, şərt deyil ki, bu atadan və ya anadan keçsin. Bəzən bir neçə nəsil sonradan da bu problemlər təkrarlana bilir. Zəifgörmə və ya digər göz problemləri növlərə bölünür. Yaxını və uzağı zəifgörmə halları təəssüf ki, geniş yayılıb. Uzağı zəif görmə adətən məktəb illərində başlayır. Məktəb illərində uşaqların göz yüklənməsi daha çox olur və genetik meyillilik olan uşaqlarda əlavə vasitələrin təsiri nəticəsində bu problem daha da intensivləşir. Yetkinlik yaşına qədər uşaqlara vaxtında tibbi müdaxilə olunmadığında zəiflik problemi daha da artır”.
Valideynlərin planlı şəkildə, uşaqlarına vaxtını düzgün bölmə rejimini öyrətməyi tövsiyə edən həkim onların vaxtaşırı müayinələrə gedərək, həkim məsləhətlərinə düzgün əməl etmələrinin vacibliyini önə çəkib: "Azyaşlı uşaqlarda göz problemləri ilk öncə "yalançı zəiflik” adlandırdığımız proses ilə başlayır. Bu, sadə dillə desək, gözün yorulmasıdır. "Yalançı zəifliyin” ciddi problemə çevrilməməsi üçün uşaqların göz rejimini düzgün qurmaq lazımdır. Uşaqların telefon və ya planşetlə oynamağına, televizora baxmağına, asılı vəziyyətdə kitab oxumağına valideynlər tərəfindən nəzarət olunmalıdır. Çünki gözə normal istirahət verilməsə, bu, uşaqlar üçün problemin ciddiləşməsinə gətirib çıxara bilər. Uşaqlarda mövcud olan və ya sonradan qazanılmış görmə zəifliklərinin əksəriyyəti lazımi müalicələrdən sonra 18 yaşına çatdıqda lazer korreksiyası vasitəsilə bərpa oluna bilir”.
A.Zöhrabova eynək taxmağa ehtiyac olan uşaqlara eynək seçərkən valideynlərin diqqət etməli olduğu məqamları nəzərə çatdırıb və deyib ki, valideynlər təkbaşına uşaq üçün eynək almamalıdır, mütləq uşaqların da iştirakı ilə eynəklər yoxlanmalı və onlara uyğun eynəklər seçilməlidir: "Görmə zəifliyi olan uşaqlara düzgün eynək yazılması əsasdır. Bəzən valideynlər uşaqların göz müayinəsi, eynək məsləhəti üçün həkimlərə getmək əvəzinə, "optika”lara müraciət edirlər. Bir sıra "optika”larda isə bu müayinə düzgün aparılmır. Sağlamlığımız üçün belə həssas məsələlərdə mütləq həkim məsləhəti ilə hərəkət etmək lazımdır. Düzgün eynək seçimi edilmədikdə uşaqlarda göz problemi adi zəiflikdən göz çəpliyinə qədər gətirib çıxara bilər. Eynək alan zaman uşaqların özlərinin üzərində yoxlanılıb, seçilməsi vacibdir. Biz müraciət edən valideynlərə həmişə məsləhət görürük ki, uşaqları mümkün qədər telefondan, kompyuter və planşetdən uzaq tutsunlar, televizordan müddətli şəkildə istifadə etsinlər. Uşaqların sağlamlığının qorunması üçün valideynlərin üzərinə böyük məsuliyyət düşür, bu səbəbdən onlar həkimlərlə birlikdə düzgün addımlar atmalıdır”.
Psixoloq Şəfahət Abdullayeva da uşaqların sağlamlığı barəsində valideynlərə dəyərli məsləhətlərini "Şərq”lə bölüşüb.
O deyib ki, bəzən valideynlər ağlayan, qışqıran, ərköyünlük edən uşaqlara sakitləşməsi üçün saatlarla kompyuterin, televizorun qarşısında əyləşməyə icazə verir. Onların əlinə telefon, planşet verib, sakitləşdirməyə çalışırlar. Bu uşaqlarda göz zəifliyi ilə yanaşı, inkişafda geri qalma, nitq qüsurları və ünsiyyət problemlərinə gətirib, çıxarır. Hər bir övladının gələcəyini düşünən valideyn bu məsələyə ciddi yanaşmalıdır: "Ata-analar özləri rahat olsun deyə uşaqları texnologiyaya yönləndirirlər, kompyuter, telefon vasitəsilə onları sakitləşdirirlər. Bu da sonradan uşaqların inkişafında mənfi təsirlərin qalmasına səbəb olur. Düzdür, analar həm işləyib, həm övlad böyüdürlərsə, bu, onlar üçün çətin olur ki, uşaqlarına yetərincə vaxt ayırsınlar, düzgün ünsiyyət qura bilsinlər. Lakin gələcəkdə uşaqların üzləşəcəyi ziyanların qarşısını almaq üçün valideynlər həmişə diqqətli olmalıdır. Digər bir tərəfdən isə ata-ananın bütün səylərinə baxmayaraq, uşaq yenə də telefona, kompyuterə maraqlı olacaq, kiçik yaşlarında uşaqların bu marağını bir qədər azaltmaq olar, ancaq tamamilə qarşısını almaq mümkün deyil. Bir tərəfdən də mühit insanları bundan çəkindirə bilmir. Əgər hamı uşağına telefon verirsə, bir ana vermirsə, mühit onu qınamağa başlayır. Buna görə də bu problem qarşısında ciddi maarifləndirmə həyata keçirilməlidir. Tək-tək insanlar deyil, bütün cəmiyyət buna qarşı mübarizə aparmalıdır”.
Ş.Abdullayeva uşaqların sağlamlığına nəzarət və texnoloji vasitələrdən yayındırmaq üçün valideynlərə bəzi məsləhətlər verdi: "Ata-ana övladının gələcəyi, onun sağlam yetişdirilməsi üçün mümkün qədər uşağı ilə çox məşğul olmalıdır. Uşaqlara daha kiçik yaşlardan rəsm çəkməyi öyrətmək, ictimai, romantik, zehni və fiziki bacarıqlarını inkişaf etdirmək üçün oyun oynama vərdişinə yiyələndirmək, uşaqlar üçün daha öyrədici və eyni zamanda əyləndirici şeylərə cəlb etmək lazımdır. Bununla bərabər ata və ana birlikdə uşağı ilə vaxt keçirməlidir”.
Aysel Aslan