İctimai yerlərdə siqaretin qadağan olunması yenidən gündəmə gəlib. Milli Məclisin dünənki iclasında millət vəkili Qənirə Paşayeva "Tütün və tütün məhsulları haqqında” qanunun qəbulunun vacib olduğunu bildirib. Mövcud qanunvericiliyə əsasən, 18 yaşına qədər uşaqlara siqaret satılmağın qadağan olduğunu vurğulayan xanım millət vəkili qanuna əməl olunmamasından gileylənib: "Diqqət yetirəndə görürük ki, nəinki 18 yaş, 5 yaşından yuxarı uşaqların hamısına siqaret satılır. Ona görə də qanunvericiliyə yenidən baxılmalı və 18 yaşından aşağı uşaqlara siqaret satılmasının qarşısı alınmalıdır. Uşaqlara siqaret satanlar barədə də ciddi məsuliyyət nəzərdə tutulmalıdır”. Spiker Oqtay Əsədov deyib ki, bu qanun layihəsi zəruridir: "İnanıram ki, yaz sessiyasına qədər bu qanun layihəsi işlənib hazırlanacaq və qəbul ediləcək”. Millət vəkili Musa Quliyev belə bir qanun layihəsinin sosial siyasət komitəsində hazırlandığını söyləyib: "Ancaq bəzi problemlər var. Məsələn, Bakı Dənizkənarı Milli Parkında siqaret çəkilməsinə qadağa qoya bilərik. Bu məsələlərə cəmiyyət hazır olmalıdır”.
Dənizkənarı Milli Parkda siqaret çəkilməsinin qadağan olunması qərarını dəstəkləyən Əmək Hüquqları Müdafiə Liqasının sədri Sahib Məmmədovun təkcə siqaretin ictimai yerlərdə çəkilməsinə görə deyil, eyni zamanda ictimai yerləri zibilləməklə bağlı qayda-qanunun sərtləşdirilməsinin də tərəfdarı olduğunu deyib: "Xüsusən siqaret elə bir şeydir ki, onu çəkən təkcə özünə zərər vurmur, üstəlik, çəkməyənlərə daha çox ziyan vurur, onları da passiv siqaret çəkən edir. Çünki əgər bir nəfər siqaret çəkirsə, digərləri də bu tüstülü hava ilə nəfəs almalı olur. Bu baxımdan mən Dənizkənarı Milli Parkda siqaret çəkilməsinin qadağan olunmasının tərəfdarıyam. Amma mənim fikrimcə, burda radikal yanaşma olmamalıdır”. Liqa rəhbərinin qənaətincə, siqaret çəkməyə görə yüksək cərimənin tutulması qeyri-realdır. Onun sözlərinə görə, qanunu tətbiq edən şəxs və ya orqan hansısa şəxsi yolda tutub ondan bu cəriməni ala bilməyəcək: "Bilirsiniz ki, küçələrdə hərəkət qaydalarını pozmağa görə təkcə sürücülər deyil, eyni zamanda piyadalar da cərimələnir. Amma bunu praktikada tətbiq etmək olmur. Çünki birinin üstündə sənədi olmur, o birisində pul olmur. Yəni bu nöqteyi-nəzərdən ilkin cərimənin miqdarı simvolik də olmamalıdır. Əgər ilkin mərhələdə Milli Parkda siqaret çəkməyə görə tutulan cərimənin miqdarı 3-5, ya da 5-10 manat miqdarında olsa, daha yaxşı olar. Bir neçə ildən sonra bu miqdarı bir qədər də artırmaq olar. Yoxsa, birdən-birə 50-100 manat cərimə tətbiq etmək mümkün deyil. Bu gün kimdən bulvarda siqaret çəkdiyinə görə 50 manat almaq olar? Onlardan cəriməni almaq mümkün olmayacaq. İmkanlı insanlar isə öz maşınlarında, orda-burda siqaret çəkirlər”.
18 yaşına qədər olan uşaqlara siqaret satmağın qanunla qadağan olması məsələsinə toxunan hüquq müdafiəçisi də bu qanuna əməl olunmadığını deyib: "Təcrübə göstərir ki, qanunu qəbul etməklə problem həll olunmur. Problemi aradan qaldırmaq üçün əvvəlcə düzgün mexanizm hazırlanmalı və cəmiyyətdə maarifləndirmə xarakterli kampaniyalar aparmaq lazımdır”.