Ekspertizanın rəyi hələ açıqlanmayıb

Elnarə Tofiqqızının ölümünə görə, həkimlərdən heç kim saxlanılmayıb

Jurnalist Anar Niftəliyevin həyat yoldaşı, tənqidçi Elnarə Tofiqqızının ölümü ilə bağlı Nəsimi Rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq aparılır. Qeyd edək ki, Elnarə Tofiqqızı sentyabrın 20-də Bakıdakı "MediSina” Tibb Mərkəzində cərrahiyyə əməliyyatına hazırlıq zamanı vurulan narkozdan keçinib. Ötən həftə tənqidçinin ölümü ilə bağlı cinayət işi başlanıb. Nəsimi Rayon Prokurorluğu işi Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə araşdırır. Mərhumun həyat yoldaşı isə açıqlamasında ötən şənbə günü istintaqa ifadə verdiyini bildirib. A.Niftəliyev məhkəmə-tibb ekspertizasının nəticəsinin hələ ki açıqlanmadığını vurğulayıb: "Bizə ekspertizanın nəticəsini 10-14 gün ərzində açıqlayacaqlarını söyləmişdilər. Bu gün artıq 11-ci gündür. Həkimlərdən saxlanılan yoxdur. Öz fəaliyyətlərini davam etdirirlər. Halbuki istintaq gedən müddətdə onların həkimlik fəaliyyəti dayandırılmalıdır. Həmin həkimlər yenə işə çıxıb, əməliyyatlarını davam etdirirlər. Anestezioloq da iş başındadır. Bilinmir növbəti qurban kim olacaq”.