Fransada yaşayan soydaşımız Nazim Məmmədli azərbaycanlıları bu ölkəyə gətirib erməni adıyla qaçqın statusu alan cinayətkar şəbəkənin əməllərindən sosial şəbəkə vasitəsilə xəbər verib. N.Məmmədli bu insanların artıq illərdir öz murdar bizneslərini uğurla davam etdirdiklərini yazır:
- Sizə onların cinayətkar sxemini yazıram. Əlacsızlıqdan, aclıqdan Azərbaycanı tərk etmək istəyən insanları tora salır, ev-eşiyini satdırır, sonra Bakıda onlara ata və ya anasının erməni olması haqda VVAQ vasitəsilə saxta sənəd düzəldirlər. Bundan sonra onları Bakıdan Almaniyanın Frankfurt şəhərinə yola salırlar. Frankfurtda onları Almaniyada yaşayan və əslən Şəkidən olan Sabir və onun həyat yoldaşı Kifayət qarşılayırlar. Onlar bu adamları bir müddət Almaniyadakı evlərində saxlayırlar. Bu müddətdə onlara Fransadakı Miqrasiya İdarəsindəki söhbətdə nə deyəcəkləri barədə məşq keçirlər. Gələn adamlar bu dialoqa hazır olduqdan sonra Sabir onları öz maşını ilə Almaniyadan Parisə aparır və Fransada "Zina Tumanyan” saxta ad-soyadı ilə yaşayan Hədiyyə Bahadır qızına təhvil verir. Bunun müqabilində 6-12 min avro arasında pul alırlar. Daha sonra qaçqınlar Fransa Miqrasiya İdarəsinə təhvil verilir. Bu insanlar erməniləşdirildiyi üçün 90 faiz hallarda 2-3 ay ərzində oturum izni alırlar. Hədiyyə Bahadır qızı - Zina Tumanyan illərdir Azərbaycandan Fransaya ailələr gətirməklə məşğuldur. Burada isə gətirilən azərbaycanlılar yerli hökümət dairələrinə erməni kimi təqdim olunur. Guya ki, bu ailələr Azərbaycanın təzyiqi nəticəsində qaçıb gəliblər. Bu minvalla Sabir-Kifayət-Zina üçlüyü son 5-6 il ərzində minlərlə Azərbaycan vətəndaşını Fransada erməniləşdirib. Bunun hesabına onlar hədsiz dərəcədə var-dövlət sahibi olublar. Sabirin Şəkidə və Bakıda evləri, iş yerləri, son model avtomobilləri var. Çox qəribədir ki, "quşu gözündən vuran” Azərbaycanın hüquq-mühafizə orqanları onlara bu illər ərazində "qaşın üstə gözün var” deməyib.
"Zina Tumanyan” Azərbaycana necə gedib-gəlir?
Müəllif yazır ki, Fransada yaşayan azərbaycanlılar bu bandanın əməlləri haqda hər şeyi bilirlər. Bu bandanın Bakıda çox böyük havadarları var:
- Bir sual ortaya çıxa bilər: bəs bu erməniləşən azərbaycanlılar və Zina Tumanyanlar Azərbaycana necə gedib gəlirlər? Onun da yolunu tapıb banda. Həmin insanlar Fransada aldığı erməni familiyası olan qaçqın pasportu ilə Gürcüstana gəlirlər. Daha sonra Gürcüstanda həmin pasportları gizlədərək əllərində Azərbaycan vətəndaşı olduqlarını göstərən sənədlərlə Azərbaycana keçirlər. Azərbaycanla Gürcüstan arasında vizasız rejim olduğundan sərhəddə rüşvət verərək Azərbaycana, daha sonra geriyə qayıdır, oradan da Parisə uçurlar”.
N.Məmmədli yazıda konkret adlar çəkir: Şəki şəhərindən Muradov Rövşən Lütvəli oğlu. Rövşən ailəsi ilə birlikdə əvvəl Almaniyaya Hədiyyənin qardaşı Sabirin evinə yerləşmişdi. Orada Rövşənin arvadına saxta erməni pasportu düzəldərək, Fransaya keçmişdilər. Fransa hökuməti onların yalan dosye üzərində gəldiyini bildi və bu ilin aprel ayında Azərbaycana deportasiya etdilər. Bu adamlar indi Şəkidə heç nə olmayıbmış kimi yaşayırlar. Maraqlıdır, bu adamlar Azərbaycanda yaşadıqları halda niyə məsuliyyətə cəlb edilmirlər?
Tuluza hotellərinin saxta sakinləri
Yazı müəllifi Fransa hökumətindən oturma izni ala bilməyən azərbaycanlıların hotellərdə sərgərdan qalmasından da yazıb:
- Fransanın Tuluza şəhərindəki hoteldə rastlaşdığım bir azərbaycanlı mənə Zina Tumanyanın (Hədiyyə Bahadır qızı) ona və başqa azərbaycanlılara qarşi əməllərindən danışdı. O, Bakıdan olduğunu, adının İsmayıl, soyadınınsa Mahmudzadə olmasını dedi. Fransaya mühacirət etməsindən danışdı. Dedi ki, Bakıda Əhmədli qəsəbəsində yaşayıb. Həyat yoldaşı Şəkidəndir, əsl adı Nigar Məmməd qızı Sədrəddinovadir. İki azyaşlı uşaqları var, oğlunun adı Səməd, qızının adi isə Leyladır. Nigarın atası Məmməd Sədrəddinov hazırda Şəkidə "Kapitalbank”da baş mühasib işləyir. İsmayılgilin Tuluzaya gəlməsinə də qayınatası Məmməd vasitəçilik edib. Belə ki, Məmməd əvvəldən yerlisi kimi tanıdığı və Şəkidə "Dağ dibi” deyilən məhəllədən olan Hədiyyə Bahadır qızı ilə razılaşaraq İsmayılın ailəsi ilə birgə Fransaya getmək məsələsini həll edib.
Hədiyyə bu işə görə Məmməddən 12 min avro alıb və onlar ölkəni öz sənədləri ilə tərk ediblər. Ən ucuz Avstriya vizası ilə qara yollarla Almaniyaya gəliblər. Almaniyada onları Hədiyyənin qardaşı Sabir qarşılayıb və bir ay Sabirin evində qalıblar. Sonradan Hədiyyə Nigar Mahmudzadənin adını saxta yollarla haırlatdığı pasportda Nelli Babayan qoyub və onları qardaşı Sabirin avtomobili ilə özünün yaşadığı Tuluza şəhərinə gətizdirib. Onlar burada ər azərbaycanlı, arvad isə erməni kimi təslim olublar. İki ildir ki, burdadılar, bu iki il ərzində fransanin "ofpr”a adlanan məhkəməsi siyasi sığınacaqla bağlı müraciətlərinə rədd cavabı verib. İkinci instansiya kimi isə Avropa Məhkəməsi bunlara rədd cavabı verib. Onlar öz dosyelərində yazıblar ki, guya Nigarın atası erməni olub və onun "erməni” atasını o vaxt Şəkidə azərbaycanlılar öldürüb. Ona görə də hələ də Fransa dövləti tərəfindən dosyeləri ciddi qəbul olunmayan bu ailə hotellərdə günlərini keçirir. İsmayıl mənə bu şəhərdə xeyli şəkili olduğunu bildirdi və dedi ki, hamısı da Hədiyyənin - Zinanın qurbanlarıdır.
"Zina”nın eyni ssenari ilə Fransanın Tuluza şəhərinə yollayıb hotellərdə çürüməyə məhkum etdiyi daha 3 ailə də var. Vüqar Şamil oğlu Mustafazadə məşhur skripkaçı Kamil Mustafazadənin qardaşıdır. Onun həyat yoldaşı Kifayət, oğlu Vasif və qızı Zəhra da buradadırlar. Ataları Şəkidə məşhur qarmon ifaçısı Şamil kişidir. Vüqar özü bura gələnə kimi Şəkidən Bakıya öz şəxsi maşını ilə müştəri daşıyıb, yaxşı da dolanışığı olub. Vüqarın qayınatası Sabir Şəkidə 9 nömrəli marşrut avtobusunun sürücüsüdür. Vüqar Fransaya qayınatasının vasitəçiliyi ilə gəlib. Belə ki, həmin dediyim o dələduz qadın Hədiyyə ilə Sabir uzaq qohum sayılırlar. Vüqar qayınatası Sabirin vasitəsilə Hədiyyəyə 15 min avro ödəyib. Eyni ilə İsmayıl kimi o bura gəlib çıxıb. Yəni onun kimi əvvəlcə Almaniyaya Hədiyyənin qardaşı Sabirin evinə, oradan isə 1 ay sonra eyni marşrutla Tuluza şəhərinə gətiriliblər. Orada Hədiyyə, Vüqarın arvadı Mustafazadə Kifayət Sabir qızına saxta pasport düzəldilib, sənəddə ər azərbaycanlı, arvad isə erməni Asya Sarkisyan kimi göstərilib.
Onlara da artıq iki məhkəmənin ikisi də rədd cavabı verib. Hazırda hoteldə qalırlar. Şəkinin "Dağ dibi” məhəlləsindən Əfsər kişinin oğlu Orxan və onun arvadı da Hədiyyənin vasitəsilə, eyni saxtakarlıqla Tuluzaya gətirilib. Hazırda Orxanın da arvadı erməni adı ilə yaşayır.
"Bu işin perspektivi görünmür”
Azərbaycan Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev "Şərq”ə açıqlamasında insanların saxta sənədlərlə həm Azərbaycandan, həm də Azərbaycana daşınması faktlarının mövcud olduğunu dedi:
- Azərbaycanlıların saxta sənədlərlə ölkədən çıxarılması faktları çoxdan məlumdur. Biz bununla bağlı dəfələrlə Azərbaycan hökumətinə müraciət etmişik. Ancaq Azərbaycan hökuməti bu cinayət əməlinin qarşısını niyə ala bilmir, çünki Azərbaycan Respublikası transmilli cinayətkarlığa qarşı Konvensiyaya qoşulsa da, insan alveri və qanunsuz daşınmaya dair beynəlxalq protokolu imzalasa da, öz qanunvericiliyini həmin protokola uyğunlaşdırmayıb. Və demək ki, bu əməllə bağlı cinayət məsuliyyəti də təyin etməyib. Biz bilirik ki, saxta sənədlərlə qaçqın statusu istənilməsi daha çox ermənilər tərəfindən tətbiq olunan əməldir. Amma təəssüf ki, bəzi azərbaycanlılar da bu "təcrübədən” son vaxtlar istifadə edirlər. Həmin şəxslərlə bağlı cinayət işi başlatmağın çətinliyi bundadır ki, Fransa hökuməti bu dövlətə qaçqın statusu üçün müraciət etmiş şəxslərlə bağlı məlumat vermir. Və bu da tamamilə qanunidir və beynəlxalq hüquq normaları çərçivəsindədir. Qaçqın statusu almış və ya bunun üçün müraciət etmiş, hətta o statusu almamış olsa belə o şəxs barəsində ikinci bir dövlətə məlumat verilmir. Qaçqın statusu üçün müraciət edənlərlə bağlı konfedensiallıq qorunur. Əks halda həmin şəxslər Fransa hökumətini məhkəməyə verə bilər. Bu şəxslərin sənədlərinin əsli Fransa hökumətindədir. Sənədin əsli yoxdursa, necə cinayət işi açıla bilər? Azərbaycan hüquq-mühafizə orqanları sorğu verə bilər. Amma bunun da perspektivi görünmür. Fransaya erməni kimi sığınmış şəxslər barəsində məlumatı olan kimlərdirsə, onlar mütləq Azərbacyan hüquq-mühafizə orqanlarına məlumat göndərməlidir. Amma perspektiv yenə görünmür. Bu xəbərlərdən yalnız əməliyyat məlumatı kimi istifadə oluna bilər. Mən düşünmürəm ki, həmin şəxslər saxta sənədləri Azərbaycanda alıblar. Hansısa VVAQ idarəsinin azərbaycanlıya erməni ad və soyadı ilə saxta sənəd verəcəyi inandırıcı deyil. O sənədlər saxtalaşdırılıb, ancaq harda, bunu hüquq-mühafizə orqanları müəyyənləşdirə bilər.