Şeyx Məkkədə səs verəcək

3600-dən artıq zəvvarın hamısı artıq müqəddəs məkandadır

Azərbaycanlı zəvvarları Həcc səfərinə aparan sonuncu təyyarə bu gün yola düşüb və bununla da 3600-dən artıq zəvvarın hamısı artıq müqəddəs məkandadır. Bu barədə məlumatı "Şərq”ə Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşovadan aldıq. R.Dadaşova zəvvarların hamısının sağ-salamat Səudiyyə Ərəbistanına çatdığını və yerləşdirildiyini bildirdi.

R.Dadaşova həmçinin qeyd etdi ki, QMİ sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə də artıq Məkkə şəhərinə yola düşüb. Səfərdə məqsəd Həcc ziyarətinin təşkili və ziyarətin gedişi ilə yerində tanış olmaqdır. A.Paşazadə eyni zamanda ziyarəti təşkil edən qurumun rəhbəri kimi prezident seçkiləri ilə bağlı Məkkədə azərbaycanlı zəvvarların səsverməsinin təşkilində şəxsən iştirak edəcək. QMİ sədri və onu müşayiət edən şəxslər seçki günü zəvvarlarla birgə Məkkə şəhərində səs verəcəklər. Şeyxin səfəri oktyabrın 11-də başa çatacaq. Azərbaycanın Səudiyyə Ərəbistanı ilə apardığı danışıqlar nəticəsində səsvermənin keçirilməsi ilə bağlı razılıq əldə olunub və azərbaycanlı zəvvarların seçki günü Məkkədə səsverməsi təmin ediləcək: "QMİ Azərbaycanda Həcc missiyasının rəhbəri olaraq zəvvarların səfərini təşkil etdiyi kimi, onların səsvermə hüququndan yararlanmasını da təmin edəcək”. R.Dadaşova qeyd etdi ki, Azərbaycan Mərkəzi Seçki Komissiyasının səlahiyyətli nümayəndəsi Ramiq Nurəliyev də seçki prosesinə nəzarət eləmək üçün Məkkəyə ezam edilib. Mətbuat xidmətinin rəhbəri onu da bildirdi ki, QMİ-nin xarici əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov da artıq Səudiyyə Ərəbistanındadır. "İdarənin nümayəndələri həmişə ziyarətə gedən qruplarda təmsil olunur. Bu, ziyarət məsələləri ilə daha yaxından maraqlanmaq, yarana biləcək çatışmazlıqları yerində aradan qaldırmaq məqsədi daşıyır”.