Həyat yoldaşının qulağını kəsən tutuldu

Çingiz Mehdiyevi 8 ilədək həbs gözləyir

Bir müddət öncə həyat yoldaşına verdiyi amansız işgəncələrə görə, Azərbaycan cəmiyyətində qınaq və tənqid obyektinə çevrilən Astara rayon sakini 33 yaşlı Çingiz Mehdiyev həbs edilib. Cinayətkar prokurorluğun sanksiyasına əsasən həbs olunaraq istintaq orqanlarına təhvil verilib.

Qeyd edək ki, Ç.Mehdiyev 9 il öncə ailə həyatı qurduğu 28 yaşlı həyat yoldaşı Nisə Xəlilovaya qarşı zor tətbiq etməkdə, onun əl-qolunu bağlayaraq işgəncələr verməkdə, müxtəlif bədən xəsarətləri yetirməkdə təqsirləndirilir. N.Xəlilova isə hazırda Astara Mərkəzi rayon Xəstəxanasında müalicə olunur.

Ç.Mehdiyevin törətdiyi cinayət əməlinə aydınlıq gətirən hüquqşünas İradə Cavadova "Şərq”ə açıqlamasında qeyd edib ki, bu hüquq müstəvisində sağlamlığa qəsdən zərbə vurma hesab olunur: "Ç.Mehdiyevin teleməkanlara çıxarılaraq sorğu-sual edilməsi təəssüf doğurur. Çünki o, telekanallarda qadına növbəti dəfə şər atdı. Sözsüz ki, biz bunun böhtan olduğu düşüncəsindəyik. Onun nə deməsi məsələnin real vəziyyətinin təzahürü deyil. Hər hansı bir cinayətkarın efirə çıxıb özünə bəraət qazandırmasını pisləyirəm. Hər şey ortadadır. O xanımına ağır xəsarət yetirib. Hüquq-mühafizə orqanları məsələyə çox ciddi yanaşmalıdır. Məsələdə məişət zorakılığı və qəsdən adamdöymə faktı var. Cinayət Məcəlləsinin 126-cı maddəsinə əsasən cinayətkar 3 ildən 8 ilədək azadlıqdan məhrum edilməlidir”.

Hüquqşünas bildirib ki, zərərçəkmiş dindirləndən sonra Ç.Mehdiyevin cəzası daha da ağırlaşa bilər: "Onun xanıma başqa işgəncələr verməsi də istisna edilmir. Ola bilsin ki, belə zorakılıq mütəmadi olub. Fakt odur ki, Ç.Mehtiyev həyat yoldaşına işgəncə verib. Hesab edirəm ki, cinayəti işgəncələrə uyğun qaldırılaraq 133-cü maddə ilə həll edilməlidir. Çünki Ç Mehdiyev qadının əllərini və ayaqlarını bağlayıb. Bu artıq işgəncə sayılır”.

"Təmiz Dünya” İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova zərərçəkmiş Nisə Xəlilovanın reabilitasiya proseslərinə qatılacaqlarını vurğulayıb: "Lənkəranda "Ailə, Uşaq mərkəzi var. Həmin mərkəz Fransa hökuməti ilə ciddi bir layihə həyata keçirir. Mərkəzdən zərərçəkmişə hər hansı dəstək olmasa, biz birlik olaraq xanımın cəmiyyətə adaptasiyası prosesinə qoşulacağıq. Düşünürəm ki, məsələdə mərkəz daha effektiv yardımlar göstərə bilər. Çünki, mərkəz hadisənin qeydə alındığı regiona daha yaxındır. Sözügedən birlik məsələyə birbaşa müdaxilə etməlidir”.

Psixoloq Samir Əhmədov bildirib ki, zorakılıq hadisələri hazırkı Azərbaycan ailələrinin 70 faizində mövcuddur: "Zorakılıq dedikdə yalnız fiziki zorakılıq nəzərdə tutulmalı deyil. İqtisadi və seksual zorakılıq var. Yəni zorakılıq şillə-təpikdən ibarət deyil. Etiraf edək ki, son zamanlar bu cür hallar çox qeydə alınır. Buna səbəb ailələrdəki problemlərdir. İndiki halda hadisənin hansı psixoloji baxımdan təhlilini vermək mümkün deyil. Çünki problemlərin həllini ancaq konsultasiya zamanı aydınlaşdırmaq olur. Ümumiyyətlə, həyata psixi hazır olmaq lazımdır”.