Rusiya Xəzər və Qara dəniz ətrafı əraziləri əhatə edən Cənub Hərbi Dairəsinə yeni hücum təyinatlı hərbi texnikalar cəmləşdirir. Rusiya Müdafiə Nazirliyinin verdiyi məlumata görə, bu ilin sonuna kimi Cənub Hərbi Dairəsinin hərbi hissələri 450-dən artıq müasirləşdirilmiş hərbi texnika - yük və nəqliyyat avtomobilləri, özüyeriyən artilleriya sistemləri, zirehli avtomobillər, müxtəlif raket kompleksləri alacaq.
Bölgədəki hərbi hissələrin silahlanmasına 100 ədəd raket-artilleriya sistemi, o cümlədən "İskəndər-M” operativ-taktik raket kompleksləri, 120 mm çaplı 2S9 "Nona-C” özüyeriyən haubitsa, "Xrizantema-S” tank əleyhinə raket kompleksləri daxil edəcək.
Hərbi dairənin motoatıcı və kəşfiyyat bölmələri isə 250-dən artıq BTR-82A yeni zirehli transportyor, "Tayfun” və "Tiqr-M” tipli zirehli nəqliyyat vasitələri ilə təchiz ediləcək.
Qeyd edək ki, Rusiya 2008-ci ildə Gürcüstanla hərbi münaqişədən sonra Cənub Hərbi Dairəsində sürətli silahlanma işləri aparır. Bu kontekstdə Dairənin tərkibinə daxil olan Ermənistandakı 102-ci hərbi baza da yeni hərbi texnikalarla təchiz olunur.
Rusiyanın Xəzərdə hərbi gücünü artırmasına münasibət bildirən siyasi elmlər doktoru, politoloq Elman Nəsirli deyib ki, bu addım mövcud qanunlara ziddir. Onun sözlərinə görə, Xəzərin statusu probleminin hələ də həllini tapmadığı halda dənizi hərbiləşdirmək olmaz: "Xəzərin statusu ilə bağlı keçirilən müxtəlif sammitlərdə qəbul edilən sənədlərdə diqqəti cəlb edən əsas məqam odur ki, Xəzər sülh, dostluq dənizinə çevrilsin və Xəzərin hərbsizləşdirilməsi istiqamətində işlər görülsün. Xəzər dənizinin Xəzəryanı ölkələr tərəfindən hərbləşdirilməsi nəticə etibarı ilə Xəzərdə konflikt və münaqişə ocağının yaranmasına gətirib çıxara bilər. Ona görə də, Rusiya Xəzərdə hərbi donanmasını gücləndirmək əvəzinə Xəzərin hərbsizləşdirilməsi istiqamətində ciddi addımlar atmalıdır”. E.Nəsirli vurğulayıb ki, bu gün Xəzərdə ən böyük donanma, məhz Rusiyaya aiddir: "Bu ildən başlayaraq Rusiyanın Xəzərə yeni hərbi döyüş gəmilərini daxil etməsi və öz donanmasını gücləndirməsi ilə bağlı atılan addımlar Xəzərin statusunun müəyyənləşdirilməsi ilə bağlı Xəzəryanı ölkələrin keçirdikləri sammitlərin qəbul etdikləri sənədlərin ruhuna uyğun gəlmir. Şimal qonşumuzun bu addımının ən pis cəhəti odur ki, bu Xəzərdə zəncirvari reaksiya doğura bilər. Yəni anoloji addımı Türkmənistan, İran və digər ölkələr də ata bilər”. Belə addımlar atmaqla Rusiyanın özünü nümayiş etdirdiyini vurğulayan politoloq bildirib ki, Rusiyanın Xəzərə yeni gəmilər daxil etməsi Azərbaycan üçün real təhlükə deyil: "Rusiyanın tutduğu mövqe sadəcə, hərbi xarakter daşıyır”.
Politoloq Qabil Hüseynlinin fikrincə isə, Rusiyanın Xəzərə hərbi güc yeritməsi regionun daha da hərbiləşdirilməsi və gərginliyin kəskin hal almasına gətirib çıxara bilər: "Rusiya yenidən sürətlə silahlanma xəttinə qədəm qoyub. Hərbi büdcəni həddən artıq artırıb, hərbi sənaye kompleksinə böyük vəsaitlər yatırır. Ən təhlükəsi odur ki, ölkəmizlə sərhəd zonasında Şimali Qafqaz Hərbi Dairəsinə yeni silah növləri göndərir, şəxsi heyətin tərkibi artırılır, Xəzərdəki hərbi donanma yeni gəmilər, uçuş uzaqlığı 2-3 min kilometr olan raketlərlə silahlanmış kreyserlərlə möhkəmləndirilib. Bütün bunlar onu göstərir ki, Moskva Xəzər dənizində hegemonluğu ələ almaq istəyir, həm də buradan Yaxın Şərqə tamamilə nəzarət etmək fikrindədir”.
Ekspertin qənaətincə, Rusiya yenidən fövqəldövlət kimi zühur etməyə başlayıb: "Hansı ki, bu fövqəldövlət qonşu xalqlar üçün ciddi təhlükə kəsb edir. Onların Gömrük İttifaqı və Avrasiya İttifaqı ideyası da postsovet ölkələri üçün ciddi təhlükə mənbəyidir. Rusiyanın indiki addımları Avropa, Yaxın Şərq və respublikamız üçün də təhlükəlidir. Yaxın zamanlarda Avropa və ABŞ Rusiyanın artan militarist siyasətinə qarşı güc qoymasa, ikiqütblü dünyanın yaranması kifayət qədər real olacaq. Bölgədəki digər dövlətlər kiçik ölkələrdir. Onlar hərbi büdcələrini nə qədər artırsa da, Rusiya ilə rəqib olacaq səviyyəyə qalxa bilməyəcəklər. Amma hər halda bölgədə NATO və ABŞ-ın təsirinin gücləndirilməsinə ehtiyac var. Yalnız bu halda Rusiyanın militarizləşmə siyasətini müəyyən mənada neytrallaşdırmaq olar”.