Türkiyə Suriya münasibətləri yenidən gərginləşib. Ağ Ev rəhbəri Barak Obamanın Suriyaya hərbi müdaxilə məsələsini növbəti dəfə gündəmə gətirməsi iki ölkə arasındakı münasibətləri mürəkkəb məcraya yönəldib. Belə ki, ötən gün Türkiyə ordusu Suriya ilə sərhəddə yerləşən Reyhanlı rayonunda xüsusi əməliyyat keçirib. Hətta, yerli sakinlər şəhərə girişi məhdudlaşdırıblar. Əməliyyatın qeyri-qanuni qruplaşmalara və qaçaqmalçılara qarşı keçirildiyi iddia olunur. Amma ekspertlər bunu rəsmi Ankaranın Suriyaya təzyiq metodu kimi dəyərləndirirlər.
Politoloq Elşən Manafov da prosesin qeyri-leqal qruplaşmalara və qaçaqmalçılara qarşı yönəldiyinin inandırıcı olmadığını deyib: "Qardaş Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın verdiyi açıqlamalardan çıxış etsək, Türkiyə və Suriya münasibətlərinin yenidən gərgin müstəviyə keçdiyini görəcəyik. Çünki Ərdoğan B.Əsədi öz xalqına dövlət terroru həyata keçirən bir siyasətçi kimi təqdim edir. Digər tərəfdən, türkiyəli baş nazir Qərbin və ələlxüsus da Amerikanın Suriyaya yürütdüyü siyasəti dəstəkləyir. Xüsusi məqam ondan ibarətdir ki, Ərdoğan iqtidarı Qərbin xüsusi xidmət orqanlarının Türkiyədə kürd faktorundan istifadə etməsindən çox ehiyatlanır. Hətta, B.Əsəd kürdlərə belə bir vəd verib ki, Suriya iqtidarını dəstəkləsələr, "Kürdüstanın” yaradılmasında onlara dəstək olacaq. Hesab edirəm ki, Ərdoğan bu addımları Türkiyənin milli təhlükəsizlik maraqlarından çıxış edərək atır”.
Siyasi təhlilçinin qənaətinə görə, Türkiyə yaxın-orta Şərqdəki vəziyyətdən istifadə edərək regional dövlət olma imkanlarının güclü olduğunu nümayiş etdirmək istəyir: "Amma, Ərdoğan fərqinə varmamış deyil ki, onun diplomatiyası Rusiyanın və İranın ciddi narazılığına səbəb olur. Ona görə də Suriyaya münasibətdə Türkiyənin həyata keçirdiyi siyasət onun regional dövlət kimi imkanlarını gücləndirməyəcək”.
Bununla yanaşı ekspert qeyd edib ki, Suriya ilə bağlı mövqeyinə görə Türkiyə müxalifəti Ərdoğan iqtidarını ciddi şəkildə tənqid edir: "Güman edirəm ki, Türkiyədə günü sabah parlament seçkiləri keçirilsə, Ərdoğanın partiyası uduzacaq”.