Oktyabrın 5-də Rumıniyanın paytaxtı Buxarest şəhərində dünyanın ən böyük siyasi gənclər təşkilatı - Avropa Xalqlar Partiyası Gənclik Təşkilatının Prezidentlər Şurasının forumu keçirilib.
Forumda qəbul edilmiş "Gələcək Şərq Tərəfdaşlığı” adlı qətnamədə Avropa Azərbaycan Cəmiyyətinin (AAC) lobbiçilik fəaliyyəti nəticəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair bənd daxil edilib.
AAC-dan APA-ya verilən məlumata görə, həmin bənddə deyilir ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olmuş 4 qətnamə (822, 853, 874, 884) həyata keçirilməli və Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ətraf yeddi rayonunun Ermənistan tərəfindən işğalına son qoyulmalıdır.
Qeyd edək ki, Buxarest sammiti 2013-cü il noyabrın 28-29-da Vilnüsdə keçiriləcək Avropa İttifaqı Şərq Tərəfdaşlığının üçüncü sammiti çərçivəsində təşkil olunub.