"MDB daxilində viza rejiminin tətbiq edilməsi keçmiş sovet respublikalarını özümüzdən kənara itələmək mənasına gələcək. Biz onları özümüzdən uzaqlaşdırmaq yerinə, yaxınlaşdırmalıyıq. Ancaq bu yolda işimizi elə qurmalıyıq ki, yerli əhalini qıcıqlandırmasın, əksinə, müsbət reaksiya doğursun”.
Bu sözləri Rusiya prezidenti Vladimir Putin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammitinin yekunları ilə bağlı keçirilən mətbuat konfransında deyib. Miqrasiya problemi mövzusunda sualı cavablandıran Putin bildirib ki, Rusiyanın əmək bazarı yerli vətəndaşlar tərəfindən doldurulmayan iş yerlərinin doldurulmasına ehtiyac duyur: "Ona görə də biz əmək bazarı ilə bağlı məsələlərə daha diqqətlə yanaşmalı, miqrantların hansı iş yerlərinə buraxılması məsələsini daha peşəkar səviyyədə həll etməliyik”. Politoloq Qabil Hüseynlinin sözlərinə görə, viza rejiminin tətbiq edilməsinin müsbət nəticə verməyəcəyini anlayan Rusiya siyasi manevr edir: "Viza rejimi Rusiyanın daxilində problem yaratmaqla yanaşı, ölkənin xarici siyasətinə qarşı da ikrah hissi formalaşdırır. Bunun nəticəsi olaraq qonşu ölkələrlə münasibətlər daha da pisləşə bilər. Hamıya bəllidir ki, Putinin arzuları, xüsusi layihələri var. Layihələr içində Avrasiya Birliyi (AB) və Gömrük İttifaqı (Gİ) böyük əhəmiyyət kəsb edir. Birlik məsələlərinin populyarlaşdığı və müəyyən qədər özünə tərəfdar topladığı bir dönəmdə viza rejiminin tətbiqi bu planların "suya düşməsinə” səbəb ola bilər. Ona görə də diplomatik manevr edən Rusiya viza rejimini tətbiq etməməklə, həm bu ölkələrdə yaşayan xalqların bir növ rəğbətini qazanmağa çalışır, həm də ölkələrin siyasi rəhbərliyini sözügedən birliklərə yönəldir. Çünki şimal qonşumuz dərk edir ki, viza rejiminin tətbiqi xalqlar arasında yadlaşmanı artıracaq və soyuqluq yaradacaq. Dünyaya nəzər salsaq görərik ki, bir sıra ölkələr viza rejimini ya sadələşdirir, ya da tamamilə aradan qaldırır. Avropa Birliyini (AB) misal gətirə bilərik. Putin də AB-nə bənzər bir qurum yaradacığını bəyan edir, bu istiqamətdə addımlar atır və çalışır ki, addımları AB-nə oxşasın. Hər halda Putin ağıllı hərəkət edərək birliyin önündə dayanan maneələri təmizləyir”.
Q.Hüseynli vurğulayır ki, bir sıra ölkələrdə yerli əhali bəzi işləri ya görmür, ya da ki, görə bilmir: "Xüsusilə də, demoqrafiq problemlərin olduğu ölkələrdə vəziyyət bu cürdür. Rusiya nəhəng bir bazardır. Bu ölkəyə kifayət qədər böyük işçi qüvvəsi lazımdır. Rusiyaya üz tutan işçi qüvvəsi ticarət sahələrini, iaşə sistemlərini doldura bilər ki, bu işləri ruslar keyfiyyətli baxımdan görə bilmirlər. Eyni zamanda, tikinti, meşəqırma və mədən sənayesində də kənardan gələn işçi qüvvəsinə böyük ehtiyac var. Məsələn, Komidə, Arxangelskdə meşə sənayesində, ağac emalı zavodlarında çalışan miqrantların 80-90 faizi miqrantlardır. Bu baxımdan Rusiya gözəl başa düşür ki, ölkəyə gələn işçi miqrantlar dövlətin qalxınmasında böyük rol oynayırlar. Bu kimi sahələr miqrantların hesabına inkişaf edir. Düşünürəm ki, miqrant əməyinə Rusiyanın hər zaman ehtiyacı olacaq”.