Türkiyə iqtidarı çoxdan gözlənilən "Demokratikləşmə paketi” adlandırılan sənədi elan edib. Baş nazir Rəcəb Tayyib Ərdoğanın özünün açıqladığı sənəd Türkiyə siyasətinin və cəmiyyətinin bütün tərəflərini əhatə edən geniş təkliflər paketindən ibarət olduğu bildirilir. Baş nazir bildirib ki, yeni paketdə nəzərdə tutulan islahatların bir qismi qanunların dəyişdirilməsi, bir qismi isə idarəçilik üsullarında dəyişiklik olunması ilə tətbiq olunacaq.
Ən çox diqqət çəkən məqam kürd və digər dillərlə tədrisə icazədir. Başqa sözlə, özəl orta məktəblərdə müxtəlif dil və ləhcələrdə tədrisə icazə veriləcək. Bu məktəblərdə yalnız müəyyən dərslərin türk dilində keçirilməsi şərt qoyulacaq. Artıq çadralı qadın müəllimlərin də, dərsə gəlmələrinə qadağa olmayacaq. Ümumiyyətlə, Türkiyə Silahlı Qüvvələri, hakimlər, vəkillər və polis sistemi istisna ilə, bütün dövlət qurumlarında qadınlar çadra ilə işə gələ biləcəklər. Orta məktəblərdə şagirdlər şagird andı da içməyəcəklər.
Xatırladaq ki, bu and Atatürk prinsiplərinə sədaqəti özündə ehtiva edir.
Bu sənədə əsasən Türkiyədə seçki sistemində də ciddi dəyişikliklər nəzərdə tutulur. Bundan başqa, süryanilərə aid monastrın onlara qaytarılması, Roman (qaraçı) Dili və Mədəniyyəti İnstitutunun yaradılması planlaşdırılır. Eyni zamanda, hökumətin qaraçılara yönəlik bir sıra planların, həmçinin qaraçılara yeni yaşayış binalarının tikilməsi təkliflərinin olduğu qeyd edilir. Sənədin ən mühüm məqamlarından biri isə PKK lideri Öcalanın həbsdən çıxıb siyasətlə məşğul olmasına icazənin verməsidir.
Bəzi ekspertlər hesab edirlər ki, sözügedən qanun paketi Ərdoğan hakimiyyəti tərəfindən 2014-cü il üçün hesablanıb və bununla AKP-nin qarşıdakı seçkilərdə imkanlarını və şanslarını genişləndirmək istəyir.
"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu sənədi dəyərləndirərkən deyib ki, hökumət tərəfindən hazırlanan "Demokratikləşmə paketi”ndə tək qanunlar nəzərdə tutulmayıb: "Buraya hökumətin ata biləcəyi addımlar da salınıb. Həmçinin, ölkənin təhsil sistemindəki müəyyən yeniliklər, hicablı xanımların dövlət idarələrində çalışması imkanları, məktəblərdə and içmə mərasimlərinin ortadan qaldırılması, proporsional seçki sistemində 10 faizlik həddin aşağı endirilməsi imkanları kimi məsələlərdə "Demokratikləşmə paketi”ndə yer alıb. Digər tərəfdən kürdlərə yönəlik bəzi məsələlər və kəndlərin adlarının geri qaytarılması, özəl məktəblərdə kürdcə təhsil sözügedən qanun paketində öz əksini tapacaq. Təbii ki, Ərdoğan bu addımı ilə həm özünün reytinqini qaldırmağa, həm də ki, islahatçı kimi görünməyə çalışır. O da nəzərə alınmalıdır ki, qarşıdan bələdiyyə, parlament və prezident seçkiləri gəlir. Bununla AKP hökuməti yenidən xalqın dəstəyini qazanmağa can atır”. Politoloqun sözlərinə görə, "Demokratikləşmə paketi”ndə Avropa Birliyinə üzv olmaq istiqamətində də müəyyən addımlar atmaq nəzərdə tutulub: "Bəziləri Ərdoğanın daha yüksək addımlar atmasının lazım olduğu qənaətindədirlər. Lakin Ərdoğan dediyi kimi bu hələ ilkdir və bundan sonra inkişaf üçün başqa addımlar da gözləniləndir. Təbii ki, AKP hakimiyyətinin yeni qanun paketi parlamentdə olan CHP və MHP millət vəkilləri tərəfindən etirazla qarşılanacaq. Kürdlərin partiyası olan Barış və Demokratik Partiyası isə "Demokratikləşmə paketi”ni yetərsiz saysa da, yeni layihə ilə kürdlərin də bir çox problemləri öz həllini tapacaq və nəticədə PKK tərki silah olmaq məcburiyyətində qalacaq”.
Politoloq Natiq Mirinin sözlərinə görə isə AKP iqtidarının hazırladığı bu qanun layihəsi Türkiyə cəmiyyətinin bir çox maraqlarına xidmət edəcək: "Kürdlərlə bağlı məsələyə gəldikdə isə, hesab edirəm ki, bu "Demokratikləşmə paketi”ni kürdlərin böyük bir qismi müsbət qarşılayacaq. AKP iqtidarının bu qanun layihəsini qəbul etməyənlər isə separatçılığa meyilli olan kürdlərdir. Onlar xarici havadarlarının dəstəyi ilə Türkiyədə olan bu problemi hər zaman gündəmdə saxlamaq və vəziyyəti daha da gərginləşdirmək istəyirlər. Ona görə də mən hesab edirəm ki, separatçılar Türkiyədə olan mövcud durumu daha da gərginləşdirəcək və qəbul olunan yeni "Demokratikləşmə Paketi”, "Kürd sorunu”nu həll edə bilməyəcək. Qalan müddəalar isə zənnimcə, Türkiyə cəmiyyətinin inkişafına yönələn addımların tərkib hissələridir”.