Dünən xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda prezident seçkiləri üzrə müşahidə missiyasının rəhbəri Pino Arlaçinin başçılıq etdiyi Avropa Parlamenti nümayəndə heyətini qəbul edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycanla Avropa qurumları, o cümlədən Avropa Parlamenti arasında qurulmuş əməkdaşlığın əhəmiyyəti qeyd olunub. Əlaqələrin daha da inkişaf etdirilməsi üçün aparılan danışıqların hazırkı vəziyyətinə dair fikir mübadiləsi aparılıb. Görüşdə Azərbaycanda keçiriləcək prezident seçkilərinə hazırlıq prosesi və seçki müşahidəçilərin fəaliyyəti üçün yaradılmış şərait də müzakirə olunub. Elmar Məmmədyarov Azərbaycanın əsas makro iqtisadi göstəriciləri, əldə edilmiş iqtisadi və siyasi sabitlik, həyata keçirilmiş iri layihələr və ölkəmizin regionun inkişafına verdiyi töhfələr barədə məlumat verib. Ermənistan-Azərbaycan münaqişəsinə toxunan nazir Elmar Məmmədyarov hazırkı status-kvonun qəbul edilməz olduğunu, münaqişənin nizamlanma prosesində irəliləyişə nail olmaq üçün Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasının vacib olduğunu vurğulayıb. Pino Arlaçi isə Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesində Avropa Parlamentinin daha yaxından iştirakına tərəfdar olduqlarını bildirib.