Tamamilə ciddi, heç bir hissə qapılmadan və çəkinmədən deyirəm: Azərbaycanda televiziya və radio aparıcılarının 99,9 %-i nəinki dilimizi bilmirlər, üstəlik Azərbaycan dilini korlamaqla, ana laylası kimi şirin dilimizə haram qatmaqla, dilimizi eybəcərləşdiməklə məşğuldurlar. Soruşmayacağam ki, televiziya və radio efirlərinə rəhbərlik edənlər hara baxırlar. Çünki ya onların özləri dili bilmirlər, ya da dilimizi korlamaq kimi böyük məsuliyyəti başa düşmürlər.
Televiziya və radio efirləri gənc qız və oğlanların hırıltı, lağlağı, təfəkkürdən, məntiqdən, mənadan, məzmundan uzaq danışıq, laqqırtı yerinə çevrilib. Mən hələ efirdə bəzi müğənnilərin şit, bayağı hərəkətlərindən, gülünc və eybəcər geyimlərindən, görməmiş-görməmiş ev-eşiklərini, bağlarını, maşınlarını, soyuducularındakı yeməkləri nümayiş etdirdiklərindən danışmıram. Evdə boşanıb, efir verilişlərində barışdıqlarını demirəm. Efirdə özlərinə ər, arvad axtardıqlarından bəhs etmirəm. Bütün televiziyalarda saatlarla yemək bişirilməsindən yazmıram. Bu qədər də yemək-içməyə hərislik olarmı?! Bəlkə bu insanların gözləri acdır?! Nə isə...
"Saat doqquz sıfır-sıfırdır” nə deməkdir? "Saat doqquzdur” desəniz, dünya dağılar?
"Hava on beş dərəcə isti təşkil edəcək”... Təşkil edən insan ola bilər, hava yox! "On beş dərəcə isti olacaq” desəniz, nə olar?
"Mənim anam superdir” deməklə ananızı reklam edirsiniz? Nə mənada?
"Ekoloji”, "ailəvi” əvəzinə "ekologiya”, "ailə üçün” desəniz, olmaz?
"Şamplena mahnı” nə cür olur, axı! Ümumiyyətlə, "şamplena” nədirsə, eşidəndə adamın əti tökülür.
"Təzə ət satırlar” deməklə sovet dövrünü xatırladırsınız. Ət təzə olar da, köhnə əti kim alar?
İnsan ilan deyil ki, başqasının başına sarılsın, o da desin "açıl başımdan!”.
"Filankəs mənə atıb” nə deməkdir? Nə atıb? Daş? Ağac? "Məni aldadıb”, "mənə kələk gəlib” desəniz, diliniz quruyar?
"Qoy, onun üstündə göz olsunlar” əvəzinə "qoy, ona göz qoysunlar” deyin də!
Bəs, "yavaş ol” nədir? "Yavaş”, ya da "yavaş tərpən” demək lazımdır.
"Adama ilişmə” deməzlər, "adama sataşma” deyərlər. Mıx-zad deyilsən ki, sənə ilişsinlər! Efir küçə sözlərinin yeri deyil!
"Çingizxan”, "Əhmədxan” deməyi tərgidin, "Çingiz xan”, "Əhməd xan” deyin.
"Qollandiya” ruscadır, "Hollandiya” deyin. "Qollivud” yox, "Hollivud”!
"Azırbaycan” yox, ay bədbəxt, ölkəmizin adını düz de: "Azərbaycan”!
"İndi musiqiyə söz verək” deməzlər. "Musiqi səslənsin”, "musiqi dinləyək” deyərlər.
Hansı idarəyə zəng vurursan, cavan bir qızın ciy-ciy səsi eşidilir: "Filan şöbəyə yaxınlaşın”. "Yaxınlaş” yox, "gəl” demək lazımdır. Sizə zəng vuran adam həmin idarənin yanında, ya içərisində deyil ki, "filan şöbəyə yaxınlaşın” deyəsən. "Filan nazirliyə yaxınlaş” deyənlər də var. Binaya yaxınlaşmaq nəyi həll edir ki?
"Sizdən filan musiqini alaq” və ya "sizdən bir fikir alaq” nədir? "Musiqi eşidək”, "fikir dinləyək” deyə bilməzsiniz?
Şit-şit "arvadağa” deməyi də tərgitsəniz, bəlkə bir az kişiyə oxşayarsınız!
"Səni gözdiyirdim” deyib, ağzınızı niyə əyirsiniz? "Gözləyirdim” deməlisiniz, axı!
"Səni cıraram”, "sürüş burdan”, "get tullan” sözlərinin də mənasını başa düşsəniz, yaxşı olar.
"Bərk gedən oğlan”, "bərk gedən kanal” deyəndə də hoqqabazlıq edirsiniz. Yerişi sürətli olan adama deyərlər "bərk gedən”. Kanal hara bərk gedir?
"Tazə bəy”, "tazə hamam” da qədeş sözləridir. Dilimizdə "təzə” sözü var!
Muğam oxuyanlar misraların axırında "dır” şəkilçisi əvəzinə, "dur” deməsinlər. Məsələn, "nabatdur”, "arvaddur”.
"İlk-öncə” ikisi də bir məna verir. Siz birini deyin.
"Gec qalmışıq” olmaz, "gecikmişik” olar.
İctimaiyyət bütün Azərbaycan insanlarının cəmidir. Ayrıca "idman ictimaiyyəti”, "teatr ictimaiyyəti”, "musiqi ictimaiyyəti” demək mənasızdır.
"Şipşirin”, "yepyeni” sözləri haradan çıxdı? "Baldan şirin”, "təzə-tər” sözləri var.
"Bomba qız”, "bomba oğlan” demək tərbiyəsizlikdir! Hələ film dublyajlarında "düdəmə” kimi söyüş söydüklərini demirəm.
"Nüfuzlu qəzet”, "nüfuzlu televiziya” deyirlər. Nüfuzsuz qəzet olar? Axı, hər qəzeti xalq oxuyur, televiziyalara da xalq baxır. Həmin qəzet, televiziya sizi tənqid edəndə "nüfuzlu” sözünü işlətmirsiniz. Niyə?
Tamada toyda "gəlinimiz superdir” deyəndə onu döyüb, oradan qovmaq lazımdır. Zalım balası bəyin arvadı haqqında görün, nə deyir?!
"Qanunsuz erməni işğalı” demək savadsızlıqdır. Qanuni işğal da olur? "İşğal” elə qanunsuzluq deməkdir.
"İnamlı qələbə” də mənasızdır. Qələbə elə qələbədir. Onun inamsızı olmur.
Hörmətli aparıcılar, sizdən başqa "vətənpərvər şeir”, "vətənpərvər mahnı” deyən eşitməmişəm. Axı, "vətənpərvər” sözü insana aid ola bilər, yəni vətənini sevən, vətəninin başına pərvanə kimi dolanan deməkdir. Şeir, mahnı vətənpərvər ola bilməz!
Ümumiyyətlə, bu "vətənpərvər” sözünü dildən silmək lazımdır. Sovetlərdən qalma arxaik sözdür. İnsan vətənini sevər də! Hamı yarışa girib, sübut etmək istəyir ki, "mən daha vətənpərvərəm”. Bəlkə, mən səndən daha vətənpərvərəm?! "Vətənpərvərlik tərbiyəsi” nə deməkdir? Vətənini, millətini sevməyən adama ha tərbiyə ver, ona təsir edə bilərsən?
Vətənpərvərlikdən dəm vuranların iş yerlərində, evlərində, masalarının üstündə ölkəmizin bayrağını görmüsünüzmü? Sözün qısası, Vətənlə oyun oynamayın!
Ekranlarda adi fəhlədən soruşurlar ki, neçə metr borunu bir-birinə qaynaq etmisən? Cavab verir: "Dövlətin filan qərarı ilə, nazirimizin göstərişi ilə, rayon icra hakimiyyətinin başçısının dəstəyi ilə, idarəmizin müdirinin maddi köməyi ilə, şöbə müdirimizin yaxından iştirakı ilə on beş metr borunu qaynaq etmişəm”.
Ay yazıq, de ki, on beş metr boru qaynaq etmişəm, vəssalam!
Hansı birini deyək?...