Avropa Şurası müsəlmanların və yəhudilərin dini adətlərindən olan sünnət barədə tarixi və etirazlara səbəb olan bir qərar imzalayıb. AŞPA-nın üzvü olan türk millət vəkillərinin qərarın mətnini dəyişmək səyləri isə heç bir nəticə verməyib. Strasburqda qəbul edilən qərarda, sünnətin oğlan uşaqları üçün tibbi baxımdan lazım olmadığı qeyd olunub. Qərara görə, uşaqların şəxsi icazəsi olmadan sünnət etmək olmaz. Sözügedən qərara bir neçə ölkədən, o cümlədən Türkiyə və İsraildən etiraz gəlib. İsrailin Xarici İşlər Nazirliyi qərarın dərhal ləğv edilməsini tələb edib və bildirib ki, sünnət islam və yəhudiliyin qədim dini ənənəsidir: "Bunu qızların sünnət edilməsi kimi vəhşiliklə qarşılaşdırmaq bir cəhalətin göstəricisidir. Bu qərar qurumu hörmətdən salır və Avropaya nifrət və irqçi çıxışları artırır”.
Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa AŞPA-nın anormal bir qərar verdiyini deyib: "Qərarın qəbul olunması bir sıra motivasiya ilə bağlıdır. Birincisi odur ki, indiyə qədər bu istiqamətdə bəzən naşı cərrahiyə metodlarının tətbiq olunması uşaqlar üçün müəyyən problemlər yaradıb. Yəni sünnətin normal və tibbi qaydalara uyğun həyata keçirilməməsi faktları var. İkinci motiv isə odur ki, qurum sünnəti insan iradəsinə müdaxilə kimi görür. Guya gələcəkdə yəni insan böyüyəndə valideynlərinin onun üçün müəyyən etdiyi dini görüşə və rituala maraq göstərməyə bilər və s. Yəni bu "narahatlıqlar” əsas götürülərək qərar qəbul olunub”. Millət vəkilinin sözlərinə görə, sünnətin tibbi nöqteyi-nəzərdən əsaslandırılmasının ciddi bir inandırıcılığı yoxdur: "Fikrimcə, bu qərar Avropada xristianlığın stimullaşdırılması üçün düşünülən bir addımdır. Təbii ki, olduqca yanlış bir yanaşmadır. Hətta İsrailin xarici işlər naziri də buna sərt etirazını bildirdi. Məncə, Türkiyə ilə yanaşı, Azərbaycan da bu məsələdə öz etirazını ortaya qoymalıdır. Çünki sünnət tarixən formalaşan dini rituallardan biridir və bunun qadağan olunması Avropanın digər xalqların dəyərlərinə nə dərəcədə yanlış yanaşmasının bir göstəricisidir”.