Dünən Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunda (RATİ) yeni yaranmış Azərbaycan Milli Azadlıq Cəbhəsi Partiyasının (AMAC) təşkilat komitəsinin sədri Hürrü Əliyev və təşkilat nümayəndələri "Türkiyə səfərinin təfərrüatları və nəticələri” mövzusunda mətbuat konfransı keçiriblər. Türkiyə səfəri haqqında məlumat verən H.Əliyev qeyd edib ki, səfər Atatürkün dəfn olunduğu Anıt Qəbri, Məhəmməd Əmin Rəsulzadənin, Alparslan Türkeşin və Muhsin Yazıçıoğlunun məzarını ziyarət etməklə başlanılıb: "Türkiyədə siyasi gündəm çox gərgin olsa da, qardaşlarımız bizi çox gözəl qarşıladılar. İlk görüşümüz Azərbaycan Kültür Dərnəyinin Ankara ofisində, dərnəyin başqanı Cəmil Ünal və başqan yardımçısı Səlcuq Onalla baş tutdu. Bundan sonra Böyük Birlik Partiyasının mərkəzi qərargahında partiyanın sədri Mustafa Dəstəci, gənəl sekretar başqanı Üzeyir Tuncla görüşdük. Həmin görüşə Muhsin Yazıçıoğlunun oğlu Furqan Yazıçıoğlu da qatılmışdı. Həmçinin, Milliyətçi Türkiyə Partiyasının başqanı Ahmet Yılmaz, baş katib Fərrux Kapancıoğlu, İraq Türkleri Dərnəyinin başqanı Mahmud Kasapoğlu, Türk Kardeşlik hərəkatı başqanı Ali Göngör, Türkiyə "KAMU-SEN” başqanları ilə də önəmli görüşlərimiz oldu”. H.Əliyev bildirib ki, AMAC təşkilat komitəsi üzvlərinin Türkiyə səfərində zirvə nöqtəsi Cümhuriyyət Xalq Partiyasının sədri, Türkiyə müxalifətinin lideri Kamal Kılıçdaroğlu ilə baş tutan görüş olub.
Təşkilat rəhbərlərinin təkbətək görüşündə H.Əliyev iki qardaş ölkənin yaşadığı problemlərdən danışıb və Kılıçdaroğlunu partiyanın birinci təsis qurultayında iştirak etmək üçün Bakıya dəvət edib: "Kılıçdaroğlu ilə bir çox məsələləri müzakirə etdik. O, bizə siyasi fəaliyyətimizdə uğurlar diləyərək, əlaqələrin davam edəcəyində maraqlı olduğunu ifadə etdi”. Daha sonra AMAC nümayəndələri bir zamanlar Türkiyəni Azərbaycanda və ABŞ-da səfir kimi təmsil etmiş məşhur diplomat, Türkiyənin ana müxalifət partiyası hesab olunan Cümhuriyyət Xalq Partiyasının sədr müavini Faruk Loğoğluyla, AKP-nin xarici əlaqələr şöbəsinin müavin danışmanı Tuba Nur Sönməzlə, Türk Ocaqları Dərnəyi Ankara şöbə başqanı Türkan Hacaloğluyla, Elçibəysevər Kara Küvvetler komutanlığının emekli Albayları ilə görüşlər keçiriblər. Türkiyənin siyasi həyatında önəmli fiqurlar olan bu şəxslərlə görüşməyin ciddi əhəmiyyət daşıdığını deyən H.Əliyev vurğulayıb ki, "biz Azərbaycanda uzun illərdir fəaliyyət göstərən siyasi partiyaların indiyə kimi nail olmadıqları görüşlər keçirərək, onların yaşamadıqları bir səfəri reallaşdırdıq”. Sonda partiya sədri jurnalistlərin suallarını cavablandırıb.