Qobustan həbsxanasında cəza çəkən siyasətçi Nemət Pənahlının yaxınları neçə vaxtdır bildirir ki, kamera yoldaşı ona təzyiqlər edir, bu isə gündəlik dava-şavaya gətirir. Onlar ya Nemət Pənahlının, ya da o biri dustağın başqa kameraya keçirilməsini istəyir.
Məhbusun həyat yoldaşı Həcər Pənahlı oktyabrın 8-də "Media forum” saytına deyib ki, dünən Nemət Pənahlı ilə telefon əlaqəsi saxlayıb: "Nemət eyni vəziyyətin davam etdiyini dedi. Nə həmin məhbusu kameradan çıxarıblar, nə Nemətin yerini dəyişiblər. Şəkər dərmanını bir həftə gecikdirdikləri üçün səhhəti pisləşib. Ombudsman Aparatının şöbə müdiri Vüqar Məhərrəmov söz vermişdi ki, Nemətə baş çəkəcək. Ancaq getməyib. Vəkili də yanına buraxmırlar. Nemət telefonda "Mədət Quliyevə (Penitensiar Xidmətin rəisi - red.) müraciət elə” deyən kimi əlaqəni kəsirlər”. Nemət Pənahlı 2011-ci il yanvarın 8-də tutulub, xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurma ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.