Maliyyə Nazirliyi 2014-cü ilin dövlət və icmal büdcələrinin layihəsini təqdim edib. Nazirliyin rəsmi saytında 2014-cü ilin büdcə gəlirləri, konkret sahələr üzrə ayrılan xərclər açıqlanıb. Məlumatda növbəti ilin dövlət büdcəsinin 50 faizinin Neft Fondundan maliyyələşəcəyi qeyd edilir. Təhsil, müdafiə xərcləri də ötənilkinə nisbətən artıqdır. Məsələn, konkret təhsilin maliyyələşməsi üçün nəzərdə tutulan xərclərin dövlət büdcəsində çəkisi 8,2 faizdir. Bu da 2013-cü ilə nisbətdə 0,5 faiz çoxdur. Eləcə də müdafiə xərcləri üçün nəzərdə tutulan vəsait ötənilkinə nisbətən çoxdur. Ümumiyyətlə, büdcə layihəsinə nəzər salanda 2014-cü il üçün ayrı-ayrı sahələrə ayrılan xərclərin ötən illərə nisbətdə xeyli artdığı görünür. 2013-cü ilin 9 ayında dövlət büdcəsinin icrasına dair açıqlanan məlumatda isə 1610,3 mln. manat məbləğində büdcə artıqlığı (profisit) yarandığı qeyd olunub. Dövlət və icmal büdcələrini "Şərq”ə şərh edən iqtisadçı-ekspert Vüqar Bayramov 2014-cü ilin dövlət büdcəsində bir sıra müsbət məqamlar olduğunu dedi: - 2014-cü ilin dövlət büdcəsi son illərin yeganə büdcəsidir ki, əvvəlkilərə nisbətən az proqnozlaşdırılıb və praktiki olaraq 2013-cü ilin büdcəsinə nisbətən daha kiçikdir. Gəlirlər baxımından, 2014-cü ildə dövlət büdcəsinə 2013-cü illə müqayisədə daha az vəsait daxil olur. Eyni zamanda, təbii ki, büdcədə diqqət çəkən məqam onunla bağlıdır ki, ilk dəfə olaraq dövlət büdcəsində kifayət qədər böyük kəsir nəzərdə tutulub və kəsir 1,7 milyard manata yaxın olacaq. Bu da ümumdaxili məhsulun təxminən 3 faizi deməkdi. Büdcə gəlirlərinin az olmasına rəğmən büdcə xərclərinin stabil saxlanması dövlət büdcəsində kəsirin yaranmasına səbəb olub. Bütövlükdə 2014-cü ilin dövlət büdcəsinin müsbət tərəfləri var. Birincisi, Dövlət Neft Fondundan transferlərdə kifayət qədər ciddi azalmalar var. Əgər 2013-cü ilin dövlət büdcəsi gəlirlərinin 60 faizə yaxını Dövlət Neft Fondundan transferlər hesabına formalaşırdısa, bu rəqəm 2014-cü ildə 50 faizə qədər azalıb. Bu o deməkdir ki, 2014-cü il dövlət büdcəsinin gəlirlərinin yarısı Dövlət Neft Fondunun gəlirləri hesabına formalaşacaq. Bu da müsbət haldır. Çünki DNF-nun transferlərinin büdcədəki payının azalması dövlət büdcəsinin Neft Fondundan asılılığını aradan qaldırır. Azərbaycan dövlətinin ən ciddi problemi odur ki, büdcədə neft sektorunun payı çoxdur. Amma artıq bu tendensiya azalmağa doğru gedir. Dövlət büdcəsində qeyri-neft sektorunun payı artır. Bu da büdcə gəlirlərinin daha real olmasına imkan yaradır. Və bunlar real rəqəmlərdir.
Digər müsbət məqam vergili daxilolmalarının artırılması ilə bağlı büdcə proqnozunun nəzərdə tutulmasıdır. 2014-cü ilin dövlət büdcəsində artıq vergili daxilolmaların payında hiss edilən kəskin artımlar müşahidə olunacaq. Bu da sözsüz ki, dövlət büdcəsində qeyri-neft sektorunun payının artırılması baxımından əhəmiyyətlidir. Əvvəlki illərdə büdcə daha çox investisiya yönümlü idisə, 2014-cü ildən başlayaraq bu təzahürün getdikcə azaldığı və büdcənin daha çox sosial yönümlüyünün artması qeydə alınacaq. Bu da investisiyalara ayrılan vəsaitin azaldılması baxımından əhəmiyyətli olacaq. Dövlət büdcəsində neft sektorunun payının azalması, qeyri-neft sektorunun payının çoxalması baxımından müsbət məqamlar var. Bununla belə büdcə gəlirlərinin əvvəlki illərlə müqayisədə azalması diqqətçəkən ən mühüm məqamdır.
İqtisadçı dövlət büdcəsində artıq vəsaitin yaranmasına da aydınlıq gətirdi:
- Əvvəlki illərdə xərclərin gəlirlərdən az olması, gəlirlərin xərclərdən artıq olması faktları qeydə alınırdı. Amma 2014-cü ildə isə xərclər gəlirlərdən artıq olacaq. Bu o deməkdir ki, büdcədə kəsir olacaq. Kəsir xərclərin gəlirlərdən çox olması ilə bağlıdır. Əslində, bütün büdcələrdə kəsirlər qeydə alınır. Gəlirlərin azalması müşahidə olunur, amma Azərbaycan hökuməti buna baxmayaraq xərcləri əvvəlki səviyyədə qoruyub saxlamağa çalışır. Görürük ki, bütün sahələr üzrə ayrılan dövlət vəsaitinin miqdarı artırılıb. Təhsil, müdafiə və s. sektorlara. Proqnozlaşdırılır ki, investisiya xərclərində azalmalar olacaq. Bu səbəbdən digər xərclərdə artımlar olacağı proqnozlaşdırılır. Çünki 2014-cü ilin dövlət büdcəsində kəsir var, bu da digər xərclərin artırılmasına imkan verir. Maliyyə Nazirliyi istiqrazlar dövriyyəyə buraxacaq, yəni daxili borclanmaya gedəcək, bu baxımdan kəsir digər sosialyönümlü artımların həyata keçirilməsinə imkan verəcək. Təhsil sektoruna artımlar isə növbəti ildən təhsildə adambaşına maliyyələşmə mexanizminə keçilməsinin nəzərdə tutulması ilə bağlıdır. Amma bir məqam var ki, dövlət vəsaitinin miqdarı artırılırsa, bunun müqabilində daha çox iş görülməlidir. Yoxsa, bu, sadəcə rəqəmlər olaraq yadda qalacaq.