Yenilik yoxdur

Qazax sakininin neytral ərazidən çıxarılması tərəflərin razılaşmasından sonra həyata keçiriləcək

Bu günlərdə cəbhənin Qazax rayonunun Məzəm kəndi istiqamətində neytral zonada minaya düşən Əli Qədir oğlu Əliyev hələ də neytral zonada qalıb. Onun taleyi haqda heç bir məlumat yoxdur. Beynəlxalq Qızıl Xaç Komitəsi Bakı ofisinin yayım şöbəsinin rəhbəri İlahə Hüseynova isə "Şərq”ə hazırda məsələ ilə bağlı Azərbaycan və Ermənistan rəsmiləri arasındakı dialoqları davam etdirdiklərini bildirib: "Hələlik heç bir yenilik yoxdur. Çünki Ə.Əliyevin neytral ərazidən çıxarılması tərəflərin razılaşmasından sonra həyata keçiriləcək”. Qazax Rayon İcra Hakimiyyətinin məsul işçisi Məmməd Alıyev hadisə ilə əlaqədar yuxarı instansiyalara məlumat verdiklərini qeyd edib: "Məsələyə dövlət səviyyəsində baxılacaq. İnanıram ki, çox yaxın perspektivdə Azərbaycan hökuməti lazımi tədbirlər həyata keçirəcək. Biz də öz növbəmizdə ölkədəki bütün aidiyyəti təşkilatları məlumatlandırmışıq. Hələlik isə hər hansı bir yenilik yoxdur”.