"Sovet dönəmində kənd təsərrüfatı məhsullarının bazarlara çıxarılması ilə "Azərittifaq” - Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı deyilən bir qurum məşğul olub. İndi həmin qurum fəaliyyətsizdir”. Bu sözləri Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Sabir Vəliyev fermer və kəndlinin becərdiyi məhsulların bazarlara çıxarmasını əngəlləyən problemlərdən danışarkən deyib. Nazirlik rəsmisi qeyd edib ki, "Azərittifaq” hazırda heç kimə lazım deyil: " Əslində bu tədarük işini onlar həyata keçirməli idi. Onların nə qədər əmlakı vardı. Həmin əmlak hara getdi, talan edildi, ya necə oldu, bilinmədi. Bu dəqiqə belə bir təşkilat yox kimidir. Heç dövlət özəlləşmə proqramında da "Azərittifaq”ın adı yoxdur. Mən belə təşkilatın yaşamasına tərəfdar deyiləm. Hesab edirəm ki, bu qurum əhaliyə xidməti müasir tələbə uyğun təşkil etməyəcək”.
"Azərittifaq” İdarə Heyətinin sədri, deputat Eldar Quliyev isə qeyd edib ki, rəhbərlik etdiyi qurumun fəaliyyətində yaranmış passivliyə səbəb satış məntəqələrinin onların tərkibindən çıxması olub: "Sovet dövründə məhsulların tədarükü bilavasitə "Azərittifaq”a tapşırılmışdı. Məhsulun bir hissəsi emal müəssisələrinə gedirdi. Bir hissəsi şəhərə gətirilib, kooperativ ticarət təşkilatlarına verilirdi. Bir hissəsi isə "Azərittifaq”ın bazarlarda olan satış yerlərinə verilirdi. Bazarlar özəlləşdiriləndən sonra satış məntəqələri "Azərittifaq”ın tərkibindən çıxdı. Bakı, Sumqayıt, Gəncə kimi böyük şəhərlərdə fəaliyyət göstərən meyvə-tərəvəz mağazaları ləğv edildi”.
Qurum sədri onu da əlavə edib ki, "Azərittifaq” yeni proqram hazırlayır və bu proqram yaxın gələcəkdə ictimaiyyətə təqdim ediləcək: "Dəfələrlə Bakı Şəhər İcra Hakimiyyətinə və Nazirlər Kabinetinə müraciət etmişik ki, hər rayonda tikilən "göydələnlər”dən bizə heç olmasa, 1500-2000 kvadrat metrlik bir yer verilsin. Çünki kənd təsərrüfatı məhsullarının sərbəst satılması üçün hazırkı tələbatlara uyğun marketlərin yaradılmasına ehtiyac var”.