Zahid Məmmədov: “Yerüstü metro xətti çəkmək, yeraltı işlərdən daha ucuz başa gəlir”
Azərbaycanda gələcəkdə paytaxta yaxın yerləşən ərazilərə yerüstü metro xətləri çəkilə bilər. Amma bu nəqliyyat növündən Sumqayıt kimi uzaq məsafələrə deyil, nisbətən daha yaxın ərazilər üçün istifadə olunması nəzərdən keçirilir. Bu barədə Bakı Metropoliteninin inşaat işləri üzrə rəis müavini Rizvan Bayramov Sumqayıt şəhərinə metro xəttinin çəkilməsi ilə bağlı jurnalistlərin sualını cavablandırarkən bildirib.
Onun sözlərinə görə, Sumqayıt şəhərinə metro xəttinin çəkilməsi asan məsələ deyil və çoxlu maliyyə xərcləri tələb edir: "Mövcud metro xətlərinin uzunluğu təqribən 31,5 km-dir. Əgər metro xəttini "Avtovağzal” stansiyasından Sumqayıta qədər davam etdirsək, xətt əlavə olaraq təqribən 30-35 km davam etməlidir. Yəni 1967-ci ildən bu vaxta qədər tunel tikintisində nə qədər məsafə qət edilibsə, indi də təqribən o qədər xətt çəkilməlidir”.
Digər tərəfdən, R.Bayramov "20 Yanvar” metrostansiyasının ərazisindən Sumqayıt istiqamətində yerləşən yaşayış massivlərində sıxlığın nisbətən az olduğunu və bunun üçün əlavə metro xəttinin vacib olmadığını vurğulayıb: "Lakin bir çox ölkələrdə şəhər mərkəzindən uzaqlaşdıqca, metro xətləri yerin üstü ilə çəkilir. Gələcəkdə bu, Azərbaycanda da mümkündür. Sumqayıta qədər olmasa da, hər halda yaxın ərazilərə qədər davam etdirilə bilər”.
Yerüstü metro xəttinin çəkilməsi ideyası iqtisadçılar tərəfindən müsbət qarşılanıb.
İqtisadçı-ekspert Qubad İbadoğlu KİV-ə açıqlamasında bildirib ki, Sumqayıt-Bakı arasında bu cür layihənin həyata keçirilməsinə ehtiyac var: "Avtovağzal-Sumqayıt arasında yeraltı metro xətti çəkilərsə, bu layihəyə kifayət qədər maddi vəsait tələb olunacaq. Amma bu layihə yerüstü xətlərlə çəkilərsə, məncə o qədər də ciddi pul aparan layihə olmayacaq. Bu xətt daha çox elektrik qatarına oxşaya bilər. Bir ərazidən gələn xətlər gəlib metro xəttinə birləşə bilər. Dünya praktikasında bu cür layihələr geniş tətbiq olunur. Məsələn, aeroportdan gələn qatar, hansısa metro xəttinə birləşib, yolunu davam etdirir. Bu cür kombinələşdirilmiş variantdan istifadə oluna bilər. Bu layihə həyata keçərsə, Sumqayıt-Bakı arasında sərnişin sıxlığının da aradan qalxmasına kömək edə bilər.
Sumqayıt-Bakı arasında bu cür layihənin həyata keçirilməsinə ehtiyac var. Sumqayıta Bakıdan iki yol var ki, ondan ancaq biri müasir tələblərə cavab verir. Amma təbii ki, bu yola alternativ olaraq, dəmir yolu xətlərinin də çəkilməsi düzgün olar”.
Şəhər nəqliyyatı ilə bağlı bir sıra ideyaların müəllifi olan iqtisadçı-professor Zahid Məmmədov da həmkarının fikirləri ilə razıdır. "Şərq”ə açıqlamasında Z.Məmmədov yerüstü metro nəqliyyatından dünyanın bir çox inkişaf etmiş ölkələrində, o cümlədən Türkiyədə də geniş istifadə edildiyini bildirdi:
- Mən dəfələrlə təkliflərlə çıxış etmişəm. Bildirmişəm ki, İstanbul kimi nəhəng, 20 milyonluq bir şəhərdə ictimai nəqliyyat problemini 6 ayın içərisində həll etdilər. Qoy, mütəxəssislər dəvət etsinlər, təklifləri dinləsinlər, optimal çıxış yolu seçilsin. İctimai nəqliyyatdakı vəziyyət, şəhərdəki durum insanları stressə boğur, insanlar əsəb içindədir. İctimai nəqliyyat şəxsi avtomobillərə qarışıb, maşınlar avtobuslara. Nə vaxta qədər eksperiment keçirəcəklər? İctimai nəqliyyat problemini həll etməyin konkret bir neçə yolu var; Birincisi, şəhərdə tramvay xətləri, öz yolu ilə hərəkət edən, digər avtomobillərin yoluna çıxması qadağan olunan nəqliyyat növləri istifadəyə verilməlidir. Avropa ölkələrində "sarı zolaq” anlayışı var. Avtobuslar həmin sarı zolaqla hərəkət edir və onlara heç bir digər minik növü mane olmur. Bunu etmək çox asan bir işdir. İki və üç zolaqlı yolun bir zolağını ancaq avtobuslara ayırırsan, problem həll olunur. Ya avtobuslar ictimai nəqliyyatdan, ümumiyyətlə çıxarılmalıdır, ya da ictimai nəqliyyat olan yerdə şəxsi avtomobillərdən istifadə edilməməlidir. Bütün iri şəhərlərdə nəqliyyat və tıxac problemini ancaq tramvaylar vasitəsilə həll edirlər. Tramvay tıxacların önünü kəsəcək yeganə, iqtisadi cəhətdən sərfəli, ən ucuz, ekoloji baxımdan ən təmiz, sərnişinlər üçün ən rahat nəqliyyat vasitəsidir. Hətta Niderlandda batareya ilə işləyən tramvaylar var. Bunlardan sifariş vermək olar. Bu gözəl nəqliyyat vasitəsi bizdə istifadə olunmur, diqqətdən kənarda qalıb. Halbuki, tramvaylarla bu üzücü tıxac problemini birdəfəlik həll etmək olar. Götürək, İstanbulu. İstanbul həddindən artıq böyük şəhərdir. Orada da tıxaclar olur, amma problemdən alternativ çıxış yolları aranır. İstanbulda tramvay sistemi hələ də mövcuddur. Bizdə isə tramvay xətlərini lazımsız bir şey kimi çıxarıb atdılar. Niyə mərkəzə gəlmək istəyən adam ancaq avtobus gözləməlidir, ya da metroya minməlidir? Hazırda elə dəhşətli vəziyyət yaranıb ki, "İçərişəhər”dən "28 May” ərazisinə getmək üçün saatlarla yolda qalırsan. Tramvayın öz yolu var və bu yolda tıxac yaranması mümkün deyil. Türkiyədə ictimai nəqliyyatda tramvaylara məhz bu səbəbdən geniş yer verilib. Əslində, tramvaylar yerüstü nəqliyyat vasitələrinin ən sərfəlisidir. Tramvaylar elə müasir sürət qatarı kimidir. Türkiyədə yerüstü metro nəqliyyatı artıq neçə ildir tətbiq olunur. Böyük meqapolislərdə ictimai nəqliyyatda yerüstü metro, sürət qatarları ən uğurlu variantdır. Sürət qatarları, elektrik qatarlarının müntəzəm fəaliyyəti bərpa edilməlidir. Dəniz nəqliyyatı işə salınmalıdır. Gəmilər, katerlər. Bayıldan, Badamdardan Əhmədliyə gedən adam sahildə gəmiyə əyləşib evinə getməlidir, daha şəxsi avtomobil, yaxud avtobusla "Neftçilər” prospektindəki tıxacda saatlarla qalmamalıdır. İstanbulda Kadıköydən Qartala 3 saatlıq yolu 30 dəqiqəyə endirdilər. Nəyin hesabına? Sürət tramvayının. Bizdə insanları şəhərdən aeroporta aparan belə bir xidmət növü varmı? Yoxdur. Ramana, Binə, Zabrat kimi yerlərə insanlar saatlarla yol gedir. Ağırlıq düşür metronun üzərinə. Daim basırıq, sıxlıq olur. Yerüstü metro xətti çəkiləcəksə, belə uzaq məsafələrə, şəhərkənarı yerlərə çəkilməlidir ki, insanlar rahat gedib-gələ bilsin, şəhərdaxili yollarda tıxaclar aradan qalxsın. Yerüstü metro xətti çəkmək, yeraltı işlərdən daha ucuz başa gəlir. Bunlar bir növ sürət qatarları, sürət tramvayları olacaq. İstanbulda, Ankarada belələri var. Görünüşcə də gözəldir, moderndir, iqtisadi baxımdan da sərfəlidir.
Nəqliyyatdakı problemlər artıq strateji bir məsələ halına gəlib. Hesab edirəm ki, təcili surətdə Prezident yanında Nəqliyyat Şurası yaradılmalıdır, xüsusi Dövlət Proqramı hazırlanmalıdır. Şurada bir çox əlaqədar qurumlar - Səhiyyə Nazirliyi, DİN, DYP, Vergilər Nazirliyi, Maliyyə Nazirliyi, hamısı təmsil olunmalıdır və ictimai nəqliyyatdakı problemlər həllini tapmalıdır. Sərnişindaşımada modernləşmə, müasirləşmə aparılmalıdır və daha az xərc tələb edən vasitələrə üstünlük verilməlidir.