Milli Şuranın yolu hayanadır?

Aydın Mirzəzadə: “Milli Şura” formal olaraq bir müddət qalsa da, yaxın günlərdən etibarən qurum daxlindəkilər bir-birini günahlandırmağa başlayacaqlar”
Gülağa Aslanlı: “Qurum olaraq yola davam edəcəyik”



Prezident seçkilərinin nəticələri konkret olaraq açıqlandı. Xalq prezident İlham Əliyevi yenidən ölkə başçısı seçdi. "Milli Şura”nın "ehtiyat namizədi” Cəmil Həsənli isə seçkilərdə çox az səs toplayaraq siyasi məğlubiyyətə uğradı. Bəs görəsən bundan sonra "mehriban düşmənlərlə” dolu bu qurumun aqibəti necə olacaq? Seçkidəki uğursuzluqdan dolayı bir-birini günahlandırmağa başlayan müxalif partiyalar yaratdıqları ziddiyyətlərlə şuranı parçalayacaqlar, yoxsa hər vəchlə mənasız birliyi qoruyub saxlamağa çalışacaqlar?

Millət vəkili, Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü Aydın Mirzəzadə deyir ki, xalq öz seçimi ilə "Milli Şura”ya olan münasibətini ortaya qoydu: "Milli Şura deyilən qurumun məğlubiyyəti göz önündədir. Baxmayaraq ki, onlar namizədlər irəli sürürdülər və mətbuatda böyük vədlər verirdilər, ancaq seçkiyə hazırsız idilər. Cəmiyyətə hansısa ciddi mesajlar verə bilmirdilər. Həmçinin, xalqla işləməkdə maraqlı deyildilər. "Milli Şura”da toplanan qüvvələr üçün vacib olan hansısa formada 2013-cü il seçkilərini başa vurmaq idi. Əgər onlar seçkidə iştirak etməsəydilər, bu zaman özlərinin üstündən tamamilə xətt çəkmiş olardılar. Əgər partiya rəhbərləri seçkiyə namizəd olaraq qatılsaydılar, onda "liderlər” ciddi surətdə məğlubiyyətə uğrayacaqdı ki, nəticədə partiya rəhbərlərinin kreslonu tərk etməsi məsələsi tələb olunacaqdı. Buna görə də, müxalifət liderləri onların adı ilə seçkiyə qatılacaq bir "qurban” axtarırdılar. Rüstəm İbrahimbəyov variantının uğursuz olacağı elə əvvəlcədən bəlli idi. Onun uzun müddət ölkədən kənarda yaşaması, tez-tez öz mövqeyini dəyişməsi, ziddiyyətli bəyanatları ilə öz tərəfdarlarını belə şoka salması, əlbəttə, onun uğursuzluğundan xəbər verirdi”. Millət vəkilinin sözlərinə görə, müxalifət Cəmil Həsənli variantından istifadə edərək "Cəmil müəllim” timsalında yeni bir imic yaratmağa çalışdılar. Ancaq bu cəhdlər uğursuz oldu. Çünki C.Həsənli çox uğursuz bir format seçdi: "O, bu illər ərzində özünün qazandığı bütün müsbət imici bir kənara qoyaraq, seçkilərə Müsavat-AXCP təmsilçisi kimi getdi. Bu isə teledebatlarda onun nüfuzunun düşməsi ilə nəticələndi. Cəmiyyət də ona etimadsızlıq göstərdi. C.Həsənlinin seçkidə topladığı 5 faiz səs birləşmiş radikal müxalifət üçün çox ağır bir zərbə oldu. Bu səbəbdən müxalif qüvvələrin əməkdaşlığının davam edəcəyi real görsənmir. Çünki "Milli Şura”da birləşən qüvvələr hər zaman seçkiqabağı bir blok yaradır, seçkidən sonra isə bütün uğursuzluqlara görə bir-birini ittiham edirlər. Yəni "Milli Şura” formal olaraq bir müddət qalsa da, yaxın günlərdən etibarən qurum daxlindəkilər bir-birini günahlandırmağa başlayacaqlar”. A.Mirzəzadə vurğulayır ki, ümumilikdə götürəndə builki seçkilər radikal müxalifətə cəmiyyətin ehtiyacının olmadığını birmənalı şəkildə ortaya çıxardı: "Cəmiyyət konstruktivlik və demokratiya axtarır. Bunları isə "Milli Şura” ortaya qoya bilməzdi. Ona görə də Azərbaycan cəmiyyəti İlham Əliyev cənablarına yenidən səs verməklə onun apardığı siyasəti təqdir etdiyini və demokratikləşmə, sosial vəziyyətin yaxşılaşması, ölkənin nüfuzunun artması üçün atılan addımlara alternativ görmədiyini seçkilərlə bir daha sübut etmiş oldu”.

Müsavat başqanının müavini Gülağa Aslanlı isə "Milli Şura”nın seçkidən sonra da öz fəaliyyətini davam etdirəcəyini bildirib: "Milli Şura rəhbərliyi və üzvləri Cəmil Həsənlinin məğlubiyyətini qəbul etmir və belə bir qərar verməyi də düşünmür. Bizə görə seçkinin qalibi C.Həsənlidir. Heç bir təşkilatın "C.Həsənli seçkilərdə uduzdu” deməyə hüquqi və mənəvi haqqı yoxdur. Qurum olaraq yola davam edəcəyik. Əgər kimsə şuradan çıxırsa, bu təşkilatın dağılacağı anlamına gəlməməlidir”.