"Mən Vətəndaş Həmrəyliyi Partiyasının sıravi üzvlüyündən yox, təşkilatın Siyasi Şurasından istefa vermişəm”. Bu sözləri "Şərq”ə VHP-dən çıxması barədə mediada yayılan xəbərlərə aydınlıq gətirən Azərbaycan Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev deyib. Partiyanın Siyasi Şura üzvlüyündən çıxmasının səbəblərini açıqlayan qurum rəhbəri atdığı addımın digər partiyalara bir mesaj olduğunu da vurğulayıb: "Siyasi Şuradan ona görə istefa verdim ki, yerimə gənclər gəlsin. Çünki təcrübə göstərir ki, "köhnələr” seçkidə normal iştirak etməyi bacarmır. Qərarım digər siyasilərə də mesajdır. Uzun illər siyasətdə qalan və artıq yaşlanmış şəxslər yerlərini gənclərə verməlidirlər”.
Ə.Əliyev qeyd edir ki, seçki günü 25 məntəqədə müşahidə aparıb. Bəlli oldu ki, müşahidə apardığım məntəqələrin 9-da Milli Şuranın prezidentliyə namizəd kimi irəli sürdüyü Cəmil Həsənlinin təşəbbüsü ilə qeydiyyatdan keçmiş bir nəfər də olsun müşahidəçi yoxdur: "Yəni C.Həsənlinin namizədliyinə dəstək verən sevimli müxalifət, elə içi mən qarışıq, hər məntəqədə 5-6 müşahidəçi təqdim etməliydik ki, səsvermə prosesində hər hansı neqativ hallar yaşanmasın. Amma bu olmadı. Səbəbi də odur ki, müxalif partiyaların rəhbərliyində təmsil olunmuş şəxslər zəif siyasət aparırlar. Ona görə də bu cür liderlər və rəhbərlikdə təmsil olunan digər "yaşlılar” öz postlarından imtina etməlidir. Gənclər siyasi hərəkata daha güclü qoşulmalıdır. Çünki yalnız dinamik gənc nəsil gələcəkdə keçiriləcək seçkilərdə hakimiyyətin demokratik yolla dəyişdirilməsinə öz töhfələrini verə bilər. VHP-də kifayət qədər aktiv cavanlar var. Onlar arasında partiyanın Siyasi Şurasına iddialı olanlar da çoxdur”.