ADP sədri istefa verdi

Sərdar Cəlaloğlu bu qərara seçki gecəsi gəlibPərviz Həşimlinin



Azərbaycan Demokrat Partiyasının (ADP) rəhbəri Sərdar Cəlaloğlu sədr vəzifəsindən istefa etməsi barədə ərizə ilə ADP-nin İcra Aparatına müraciət edib. O bildirib ki, 2005-ci ildə irəli sürdüyü konstruktiv müxalifətçilik kursu ölkə və beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənmədiyinə görə özünü iflasa uğramış sayır.

Buna görə də 2013-cü il prezident seçkilərindəki məğlubiyyətin bütün məsuliyyətini öz üzərinə götürən S.Cəlaloğlu, tərəfdarlarının apardığı mübarizəyə kölgə salmamaq məqsədilə partiyanın sədri vəzifəsindən istefa vermək qərarına gəlib. Məsələyə münasibət bildirən siyasilər ADP sədrinin istefa qərarına müxtəlif mövqedən yanaşıblar.

Partiya sədrinin birinci müavini, İcra Aparatının rəhbəri Həsrət Rüstəmov deyib ki, partiyanın İdarə Heyəti sədrin istefa ərizəsini təsdiqləməyə bilər. Sədrin öz postunda qalmasını istəyənlərin çox olduğunu bildirən H.Rüstəmov elə ilk gündən S.Cəlaloğlunun getməsinin əleyhinədir: "Seçki gecəsi Sərdar bəy istefa verəcəyini dedi. Mən şəxsən ona mane olmağa çalışdım, amma xeyri olmadı. Bu gün ərizə ilə rəhbəri olduğum İcra Aparatına müraciət etdi. Gələn həftənin birinci günü İdarə Heyətinin toplantısı olacaq və orada qərar qəbul olunacaq”. Sədr müavini İdarə Heyətinin 11 üzvdən ibarət olduğunu və oradakı şəxslərin müstəqil qərar verəcəklərini bildirdi: "İndidən hansı qərarın qəbul olunacağını demək çətindir. Bütün hallarda S.Cəlaloğlunun bu addımı təqdir olunmalıdır. Çünki müxalifət düşərgəsində bu vaxta qədər heç bir sədr məğlubiyyətə görə istefa verməyib. Biz onun sədrlikdən istefa verməsini istəmirik”.

Millət vəkili Zahid Oruc Sərdar Cəlaloğlunun cəsarətli addım atdığını deyib:

"S.Cəlaloğlu, siyasətdə nüfuzlu şəxsdir və özünəməxsus dəsti-xətti, yolu var. Həqiqətən də 2005-ci ildə, məhz müxalif düşərgədə fərqli bir siyasətin, inteqrasiya proseslərinin aparılması üçün ADP tərəfindən müəyyən təşəbbüslər olmuşdu. Sonrakı illərdə də S.Cəlaloğlu tərəfindən müxalif çevrədəki duruma aid kəskin və tamamilə fərqli açıqlamalar meydana gəlib ki, bunlar da qarşı tərəfdəki qüvvələr tərəfindən qəbul edilməyib və bir sıra hallarda ciddi konfliktlərə səbəb olub.

Seçki dönəmində S.Cəlaloğlunun prezidentliyə namizəd olması və ideyalarını müəyyən bir səviyyədə ictimailəşdirməsi də mühüm və ciddi addım idi. Ancaq bundan sonrakı hərəkətlər ADP daxilində qiymətləndirilməlidir: "Partiya başçısı olan şəxsin məsuliyyəti öz üzərinə götürməsi müxtəlif reaksiyalara səbəb olur. Amma biz keçmişdə dəfələrlə məğlub olan digər müxalif rəhbərlərin bu cür hərəkətlərinin şahidi olmamışıq. Namizədlərin əksəriyyəti prezident seçkilərində xalqın seçiminə hörmətlə yanaşaraq siyasi mədəniyyət nümunəsi kimi ölkə başçısını təbrik ediblər. Düşünürəm ki, bu addımları "Milli Şuraçılar” da atmalıdır. Seçkinin nəticəsi onlara da bir dərs olmalı və istefa dalğası şuraçılarda da baş verməlidir”.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev isə S.Cəlaloğlunun şəxsi qərarına şərh verməyin düzgün olmadığını düşünür: "Sərdar bəy ölkənin tanınmış siyasətçilərindən biridir. Vətənpərvər adamdır. Ailə üzvləri torpaqlarımızın müdafiəsi uğrunda vuruşub. Hətta onlardan biri əlillik dərəcəsi alıb. Böyük hörmətim var Sərdar bəyə. Amma bu qərar, onun özünə aiddir və partiyadaxili məsələdir. Ona görə də kiminsə daxili qərarına şərh verməyim yerinə düşməz”.