"Kürdəxanı istintaq təcridxanasında intihar etmiş Bakı sakini Nurlana Əsədovanın ölümündə nəzarətçilər günahkardır”. Bu fikri "Şərq”ə İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov bildirib. Komitə sədri qeyd edib ki, istər təcridxana olsun, istərsə də cəzaçəkmə müəssisəsi saxlanılan şəxslərin, məhbusların həyatına rəhbərlik və nəzarətçilər cavabdehlik daşıyır: - İntihar hadisəsi baş veribsə, burada ilk növbədə nəzarətçilər günahkardır. Saxlanılan şəxsin həyatına görə nəzarətçilər məsuliyyət daşıyır. Birincisi, məhkum kamerada tək saxanılmır. Bu hadisədə mən inanmıram ki, o xanım kamerada tək olub. İkincisi, nəzarətçilər hər 5 dəqiqədən bir kameranın gözlüyündən içəri baxmalı, vəziyyəti nəzarət altında saxlamalıdırlar. Necə ola bilər ki, istintaq altında olan şəxs, bütün gecəni nəzarətsiz qalıb, səhər saatlarında mələfədən asılmış vəziyyətdə tapılıb. Deməli, onun intihar etməsi üçün şərait olub. Nəzarətçilər diqqətli olsaydılar və öz vəzifələrinin öhdəsindən gəlmiş olsaydılar, bu faciəli hadisə də yaşanmazdı. Heç olmasa, onun intihar etməsinin qarşısını alardılar. E.Behbudov intihar etmiş məhkumun Azərbaycanın tanınmış müğənnilərindən birinin bacısı olması haqda məlumat eşitdiyini də dedi:
- Adını deməyəcəm kimdir, amma mən də belə eşitmişəm ki, bu xanım, tanınan bir müğənninin bacısıdır. Bizim üçün onun kim olması önəmli deyil, önəmli olan budur ki, bu insan, istintaq təcridxanasında, saxlandığı kamerada intihar edib. Və bunun üçün ona, dolayısıyla imkan yaradılıb.