(Əvvəli ötən sayımızda...)
Jurnalistikanın ən önəmli qollarından biri də idman jurnalistikasıdır. Ayrı-ayrı ölkələrdə jurnalistikanın bu növü xüsusi bir sahə kimi öz inkişaf yolunu tutub. Ancaq Azərbaycanda idman jurnalistikası ilə bağlı müəyyən problemlər var. Daha doğrusu, bəzi ekspertlər hesab edir ki, idman mətbuatı digər sahə jurnalistikasının kölgəsində qalıb. Qeyd etmək lazımdır ki, müəyyən çatışmazlıqlara rəğmən son dövrlər Azərbaycan idman mətbuatında tərəqqi hiss olunur. İdmanla bağlı xüsusi qəzetlər, jurnallar, portallar fəaliyyət göstərir. Bu ildən isə idman jurnalistikası ayrıca ixtisas kimi tədris olunacaq.
Azərbaycanda ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) sayı artırılıb. Nazirlər Kabineti bununla bağlı "Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifat”ında dəyişiklik edib. Dəyişikliyə əsasən Humanitar və sosial ixtisaslar qrupu üzrə jurnalistikada "idman jurnalistikası”, Səhiyyə, rifah və xidmət ixtisasları qrupu üzrə bədən tərbiyəsi və idmanda "idman tibbi və reabilitasiya” ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların sırasına daxil edilib. Eyni zamanda bədən tərbiyəsi və idmanda "bədən tərbiyəsi və idmanda tibbi-bioloji təminat və reabilitasiya” ixtisasının isə adı dəyişdirilib, "bədən tərbiyəsi və idmanda tibbi-bioloji təminat” ixtisası adlandırılıb.
"Report” informasiya agentliyinin idman departamentinin redaktoru, İdman Araşdırmalar Mərkəzinin sədri Elşən Məmmədov "Şərq”ə açıqlamasında idman jurnalistikası üzrə magistr ixtisasının açılmasının təqdirəlayiq addım olduğunu deyib:
"Müvafiq qurumlardan bu qərarı çoxdan gözləyirdik. Çünki Azərbaycanda idman dövlət siyasətinin vacib istiqamətinə çevrilibsə, Milli Olimpiya Komitəsinə Prezident İlham Əliyev, yüksək nəticələr göstərən federasiyalara dövlət məmurları rəhbərlik edirsə, idman jurnalistikası da bu səviyyə ilə ayaqlaşmalıdır. Əslində yaradıcılıq potensialı və imkanları baxımından ayaqlaşır da. Amma bu, intensiv xarakter almayıb, belə potensiala malik idman jurnalistləri çox azdır”.
İdman Araşdırmalar Mərkəzi olaraq, bir neçə il əvvəl Gənclər və İdman Nazirliyi qarşısında məsələ qaldırdıqlarını vurğulayan E.Məmmədovun sözlərinə görə, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında idman jurnalistikası üzrə ayrıca ixtisas açılmasını təklif ediblər: "Niyə məhz ADBTİA-da? Çünki idman jurnalistikası - sahə jurnalistikasıdır. Özü də Mətbuat Şurasının sədri Əflatun Amaşovun da təsdiqlədiyi kimi, jurnalistikanın ən fəal sahəsidir. İdman jurnalisti idman növlərini mükəmməl bilməli, onların spesifik xüsusiyyətlərinə yiyələnməlidir. Bu anlamda idman jurnalistikası ixtisasının ADBTİA-da fəaliyyət göstərməsi daha məqsədəuyğun olardı. Ola bilsin, Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti və digər ali təhsil ocaqlarında jurnalistika ixtisası üzrə idman jurnalistikasından mühazirələr oxunur, amma fakt budur ki, həmin ixtisasları başa vuranlar idman jurnalistikasında çalışmaq istədikdə bu sahədə yazı qabiliyyətlərinin, ayrı-ayrı idman növlərini, terminologiyaları mənimsəmə səviyyələrinin çox aşağı olduğu üzə çıxır”.
E.Məmmədovun sözlərinə görə, idman jurnalistikası ixtisası özünün idman qurğuları, lazımi maddi-texniki bazası, idman sahəsi üzrə kafedra və fakültələrin olduğu ali təhsil ocağında açılmalıdır. Hazırda belə tələblərə yalnız ADBTİA cavab verir. Yalnız bu halda ixtisaslaşma idman jurnalistikasında müsbət effekt verəcək. Əks halda, idman jurnalistikası yenə idmana marağı olan savadlı abituriyentlərin sınaq poliqonuna çevriləcək.
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Beynəlxalq Jurnalistika kafedrasının dosenti Vüqar Zifəroğlu da hesab edir ki, magistratura pilləsində idman jurnalistikasının ixtisas kimi tədris olunması müsbət təsirini göstərəcək.
Ümumiyyətlə, jurnalistikada ixtisaslaşmanın müasir tələb olduğunu qeyd edən Vüqar müəllimin sözlərinə görə, jurnalistin konkret bir sahə üzrə ixtisaslaşması, onun bir peşəkar olaraq yetişməyinə, cəmiyyətdə qəbul edilməsinə son dərəcə ciddi təsir göstərir: "İdman jurnalistikası, müasir jurnalistikada ən çox dəbdə olan qollardan biridir. Bizdə də idman jurnalistikası kifayət qədər populyardır və ciddi izləyici auditoriyası var. Bu baxımdan qəbul edilən qərar müsbət qiymətləndirilməlidir və sözsüz ki, idman sahəsi üzrə ixtisaslaşacaq peşəkar jurnalistlərin hazırlanmasına münbit şərait yaradacaq. Amma şəxsən mən arzu edərdim ki, bizdə analitik və araşdırma jurnalistikasına da diqqət ayrılaydı”.
AFFA yanında Media Komitəsinin sədri, "Futbol+” qəzetinin baş redaktoru Mahir Rüstəmli idman jurnalistikası üzrə magistr ixtisasının açılmasının müsbət hal olduğunu deyib.
Amma o hesab edir ki, tədris prosesinə idman jurnalistikasına bələd olan adamlar cəlb olunacağı, kadr seçimi düzgün aparılacağı halda bu sahədə müəyyən irəliləyişlər əldə etmək olar: "İdman jurnalistikasının bəzi spesifik xüsusiyyətləri var ki, ümumi jurnalistika prinsiplərindən bir qədər fərqlənir. İdmandan yazan jurnalist jurnalistikanın qayda-qanunları ilə yanaşı, idman sahəsinin incəliklərinə də yaxından bələd olmalı, idmançılarla daimi ünsiyyətdə olmalıdır. Sadaladığım bu qeydlərə əməl olunacağı təqdirdə idman jurnalistikası üzrə magistr ixtisasının açılmasının effektiv olacağına inanıram”.
Tədris prosesində kimlərin iştirak etməsinin daha məqsədəuyğun olacağına gəldikdə isə M.Rüstəmli deyib ki, Şakir Yaqubov, Məzahir Süleymanzadə kimi öz işinin peşəkarı olan jurnalistlər idman jurnalistikası ixtisası üzrə magistr təhsili alan tələbələrə öz bilik və təcrübələrini paylaşsalar, kifayət qədər əhəmiyyətli bir nəticə əldə olunar.
Təklif gələcəyi halda M.Rüstəmli özünün də əlindən gələn dəstəyi verməyə hazır olduğunu deyib: "Sözün düzü, pedaqoji təcrübəm olmadığı üçün bu suala cavab verməkdə çətinlik çəkirəm. Amma onu deyim ki, seminarlarda və təlimlərdə iştirak etməyə və bir-iki saatlıq mühazirə oxumağa hazıram. Amma tədris prosesində iştirakımla bağlı təklif olsa, düşünə bilərəm”.
Futbolinfo.az saytının baş redaktoru Vüsal Mahmudov isə deyib ki, idman jurnalistikası ilə məşğul olan insanların 99 faizi qeyri-ixtisas sahibləridir.
Bunun da səbəbi jurnalistikanın qazanc imkanlarının az olması ilə bağlıdır. Məhz bu səbəbdən də təsadüfi adamlar jurnalistika sahəsinə axın edir: "Bu mənada idman jurnalistikası üzrə magistr ixtisasının açılmasının təqdirəlayiq təşəbbüs olduğunu düşünürəm. Amma tələbələr arasında bu sahəyə tələbatın nə dərəcədə qənaətbəxş olduğunu deyə bilmərəm. Hesab edirəm ki, ilk növbədə hazırlanacaq kadr potensialı üçün müvafiq iş yerləri açılmalıdır. Bunun üçün də hər şeyə Azərbaycan mediasındakı mövcud çatışmazlıqları aradan qaldırmaqla başlamaq lazımdır. Jurnalistika təhsilini seçən insanların perspektiv imkanları həddindən artıq zəif olduğu üçün bu sahə öz cəlbediciliyini itirib. İndiki durumda təhsilin səviyyəsini yaxşılaşdırmaqla idman jurnalistikası sahəsindəki çatışmazlıqları aradan qaldırmaq mümkün deyil. Öncə jurnalistikanın əvvəlki hörmətini geri qaytarmaq və daha sonra təhsil sahəsində mütərəqqi addımlar atmaq lazımdır”.
Komanda.az saytının baş redaktoru Rəşad Ergün:
- İdman jurnalistikasının ayrıca ixtisas olaraq tədrisi planı varsa, təbii ki, bu, müsbət addımdı. Yəqin ki, bu ixtisaslaşmanın gələcəkdə ortaya qoyacağı yaxşı bir şeylər olacaq. Amma çox yox, cüzi. Çünki bu gün Azərbaycanın idman jurnalistikasının əsas problemi ixtisaslaşmanın olmaması deyil. Bizim bəlamız ümumi savadsızlıqdı. Adi cümlə quruluşunu, durğu işarələrinin istifadəsini bilməyən yetərincə idman jurnalisti var. Və əminəm ki, bu jurnalistlər orta məktəbi aşağı qiymətlərlə oxuyublar, ali məktəblərə necə gedib çıxıblar, bunu Allah bilir. Hətta çoxunun ali təhsili də yoxdu. İxtisaslaşma idman mətbuatının çəkisinin, nüfuzunun artması baxımından faydalı olacaq. Ancaq jurnalistikadakı savadsızlığı aradan qaldırmaq üçün çarə deyil.
Bakı Slavyan Universitetində oxuduğunu vurğulayan Qafqazinfo.az saytının idman yazarı Elsevər Məmmədov təhsil aldığı müddətdə onlara idman jurnalistikası üzrə dərs keçirildiyini deyib: "Amma ayrıca ixtisas olması əladır. Bu gün idman jurnalistikasında vəziyyət çox biabırçıdır. Jurnalistikadan xəbəri olmayanlar gəlib işləyir. İdman jurnalistikası haqqında universitetdə hər hansı bilgi alanlar isə ümumiyyətlə yoxdur. Bu, əla fikirdir. Təbii ki, layiqli insanlar orda dərs desə. Fikrimcə, bu, ixtisas kimi tədris olunacaqsa, onda Azərbaycan idman jurnalistikasının əsaslarından sayılan "Futbol+” qəzetinin baş redaktoru Mahir Rüstəmli, orada vaxtilə redaktor işləmiş Vüsal Mahmudov kimi insanlardan istifadə etmək lazımdır. Yoxsa ayrıca ixtisas olmasının da mənası yoxdur”.
Şəymən
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb