Kənan M.M: “İtirə-itirə gedirik, çox az qaldıq”
“Şahinin dəfnində mən varlı sənətçi görmədim”
"Məndən qabaqda getmə, mən sənin arxanca gedə bilmərəm. Məndən arxada gəlmə, mən səndən qabaqda gedə bilmərəm. Mənimlə yanaşı addımla və mənim dostum ol!” (Albert Ceyms)
Dostluq haqqında çox fikirlər deyilib, yazılıb... Rejissor Şahin Zəkizadənin vaxtsız ölümü çoxlarını sarsıtdı. Ən çox da bu itki ailəsi ilə yanaşı, əsl dostlarına dərd oldu. Hətta onun vaxtsız ölümü dostlarının dizini bükdü. Adətən güclü görünən, sərt açıqlamaları, bəzən kəskin duruşu olanları belə dost itkisi göz yaşına boğdu, hönkürdüb ağlatdı. Onun hönkürtülü göz yaşları, dost şəklinə sarılıb diz çökməsi isə günün tablosu oldu.
Dost itkisinin acısını bir də tam təsvir etmiş oldu. Bəlkə də məzmunca oxşarlıq olacaq, çünki ağrı, niskil var. Ancaq 15 illik dostunu Şahinin gedişi hönkürtüyə boğdu. Vida mərasiminə gələn Kənan M.M dostunu son mənzilə göz yaşları ilə yola saldı. Görünən tablo əslində çox təsirli idi. İnsan dost itkisi qarşısında bu qədər niskilli və aciz qala bilirmiş. Kənan M.M-in dostu qapısında vidası da çoxlarını ağlatdı. Diz qoyub dostunu son mənzilə yola salan Kənan M.M-in "Məni tək qoyub niyə getdin?” deyərək acısını paylaşması həqiqətən təsirli səhnə oldu. Demək ki, dost acısının zamanı olmazmış. Demək ki, dost acısı insanın dizini bükərmiş. Kənanın dost acısı əslində, bir də bir çoxlarını düşündürə bildi. Mənim həyatda dostum varmı - deyə hər kəs əməlləri ilə bir an da olsa baş-başa qalmış oldu. Bu fani dünyadan hər kəs köçəcək. Bəs sənin yoxluğun dost dizini bükə biləcəkmi? Yaşadığın ömür yolunda dost qazanmağa gücün yetibmi? Kənan M.M-in Şahin Zəkizadənin şəklinə sarılaraq hönkürtü ilə bir kənara çəkilib ağlamasına da don geyindirənlər nə yazıq ki, tapıldı. Amma insani hissləri hələ də özündə formalaşdıranlar üçün Kənan M.M-in dost acısı bir dərs oldu. Həyatda dost olmağı bacarmaq, dost qazanmaq lazım imiş.
Dəfn mərasimindən saatlar sonra Kənan M.M-lə əlaqə yaradıb Şahin Zəkizadə ilə bağlı xatirəsini bölüşməyini xahiş etdik. Bir neçə dəfə telefonda acısını boğa bilməyən Kənan M.M nitqi qırıq susdu, danışa bilmədi. Bir neçə saatdan sonra bir də rejissorla danışmağa çalışdıq. Çətinliklə də olsa Kənan M.M "Şərq”ə dost acısından danışdı:
" ... (Hönkürtüsünü boğmağa çalışıb) onun haqqında keçmişdə danışa bilmirəm. Biz 15 ildi dostluq edirdik. Tələbəlik illərindən dost olmuşuq. Mən, Şahin, Aqil, bir də rəhmətlik Samir (red - rejissor, aktyor Elxan Qasımovun oğlu Samir Qasımovdan söhbət gedir) dost olmuşuq. Qardaşımı itirdim. Şahin sənət dostum idi, universitet dostum idi, əqidə dostum idi, yol dostum idi. O mənim əsl dostlarımdan biri idi. İtirə-itirə də gedirik. Çox az qalmışıq. Azərbaycan tamaşaçısı hələ də bəlkə necə bir rejissor itirdiyinin fərqində deyil. O insan nə qədər sussa da, əslində ciddi işlər barədə arzuları, xəyalları, planları var idi. Şahin millətini sevən bir vətəndaş idi, mömin bir müsəlman idi. Tarixi film çəkmək arzusunda idi. Bəzən onunla danışanda deyirdim ki, bu gün tamaşaçı gülmək, "haaa” etmək üçün film istəyir. Mən ona başa sala bilmirdim ki, tarixi film bu günün tamaşaçısı üçün maraqlı deyil. Sənətə ciddi yanaşmağı sevirdi. Onu özünə dərd etmişdi ki, arzusunda olduğu tarixi filmi ərsəyə gətirməyə imkanı yoxdu. O, insan kimi həqiqətən fərqli idi. Onun vaxtsız gedişi içimi yandırdı. Amma bir tərəfdən də təsəlli tapıram ki, ağrılardan canı qurtardı, çünki xəstəliyi ona çox dözülməz ağrı verirdi. Onun xəstəliyi dövründə nə qədər acı çəkdiyini demək olar heç kim görməyib, bir ailəsi, bir də mən görmüşəm. Bilirsiz, bunu bölüşmək də istəmirəm.
Çünki bəzi ağzıgöyçəklər bunu da yozacaqlar. Mən dəfn mərasimində olanda videomu çəkiblər, sonra da mənə onu göndərənlər oldu. Görürəm ki, videonun altında şərh yazanlar arasında insanlıqdan uzaqları da oldu. Yazıblar ki, Kənan onun videoya çəkildiyini görüb ağlayır. Çox hissiyatsız, soyuqqanlı millət olmuşuq. Belələrinə nə deyəsən? Bilmirəm o insanlarda insanlıq hissi varmı görən? Mən həyatda dost dediyim qardaşımı itirmişəm, bundan çətin ağrı varmı görən? Bəli, dost ağrısı insanı çökdürə bilir. Mən şənliklərdə selfi üçün çəkilib dost olan münasibətlərdən danışmıram. Mən çətin gündə də, xoş gündə də sənə dost olan əsl insani duyğulardan danışıram. Mənim dostum vaxtsız gedib, gəncliyimin xatirəsini də onunla son mənzilə yola salıramsa, necə hönkürməyim? Sadəcə mənim şəkli qucaqlayıb hönkürdüyüm vaxt bəzi xatirələrim yadıma düşdü. Mən dayana bilmədim. Rəhmətlik Samir, Aqil, Şahin, bir də mən...
Gəncliyimizdə olan anlar yadıma düşdü. Son vaxtlar Şahin tez-tez Samirin şəkillərini paylaşırdı. Onu xatırlayırdı. Görünür, yanına gedəcəyini hiss edirmiş.
Bunlar yadıma düşdü, insanam, hisslərimi boğa bilmədim. Azaldıq, çox azaldıq. İndiki şou-biznesdəki dostluqlarla müqayisə edə bilməyəcəyim bir dostluğumuz var idi bizim. İnsanlar hər səhər yuxudan duranda ölüm barədə düşünsələr, axşam evlərinə xoşbəxt dönərlər. Gecələr qorxulu yuxular görməmək üçün gündüzlər insan kimi yaşayarlar. Müxbirlər soruşdular ki, niyə dəfndə tanınmışlar az idi? Nə cavab verəydim? Dedim yəqin bu gün hava çox soyuqdu, gələ bilməyiblər. Şahinin dəfnində mən varlı sənətçi görmədim. Biz yalnız yaxşı gündə selfi çəkib paylaşanlarıq. "Bu gün bu tortu yedim”, "Filan maşının mübarəkdi”, "Filan ətrə görə filan şirkətə təşəkkür edirəm” deyənlərimiz o qədər çoxalıblar ki, insani hissləri unutmağa başlayıblar. Dünya fanidi. Biz də bir gün gedərik. Amma insanlığımızı gedəndə itirməyək. Mən əslində gedənlərdən yox, qalanlardan nigaranam. Çünki gedən axirətinə gedir. Qalanlardan nigaran qalmışam. Allah Şahinin yoldaşı Səbinəyə səbr versin. Allah Şahinin yerini cənnət etsin! Biz adi rejissoru deyil, əslində ciddi bir kino rejissorunu itirdik. Heyif ki, o, istedadının efirə, kinoya gətirə bilmədi, buna zamanı yetmədi. Allah rəhmət eləsin!”
Tahirə