Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Barak Obama Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Obama İlham Əliyevi yenidən prezident seçilməsi münasibətilə təbrik edib. Təbrikdə Obama yenidən Azərbaycan Respublikasının Prezidenti vəzifəsinin icrasına başlamasına görə İlham Əliyevə ən xoş arzularını yetirir:
"Strateji tərəfdaşlığımız üzrə önəmli məsələlərə dair müzakirələrimizi davam etdirməyi səbirsizliklə gözləyirəm. İyirmi ildən artıq davam edən ikitərəfli əlaqələrimiz regional sabitliyə mühüm töhfələr verib. Biz bu müddət ərzində Azərbaycanın əldə etdiyi uğurlu iqtisadi və sosial tərəqqini alqışlayır və tərəfdaşlığımızın gücləndirilməsinə, eləcə də ortaq çağırışlar üzrə əməkdaşlığımızın dərinləşdirilməsinə sadiq qalırıq. ABŞ və Azərbaycan bir sıra məsələlər üzrə həm ikitərəfli şəkildə, həm də son zamanlarda Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında yaxından əməkdaşlıq edir. Biz, Əfqanıstanda tərəfdaşlığınızı və terrorizmlə mübarizə sahəsində birgə əməkdaşlığımızı dəyərləndiririk. Biz, Dağlıq Qarabağ münaqişəsinin sülh və danışıqlar yolu ilə nizamlanmasına nail olmaq məqsədilə tarixi fürsətdən yararlanmaq üçün Sizinlə əməkdaşlıq etməyə hazırıq və bu ayın sonlarında keçiriləcək görüş ilə bağlı Sizin və Ermənistan prezidenti Sarkisyanın qərarını alqışlayırıq. Biz, Cənub Enerji Dəhlizinin inkişafının dəstəklənməsi, iqtisadiyyatın şaxələndirilməsi, regional sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsinə təkan verəcək islahatların davam etdirilməsinə sadiq qalırıq. Azərbaycanla tərəfdaşlığımız sözügedən səylər sayəsində daha da möhkəmlənməyə davam edəcək. Sıx əməkdaşlığımızın davam etdirilməsini səbirsizliklə gözləyir, müstəqilliyinizin bərpasının iyirmi ikinci ildönümündə Sizə və Azərbaycan xalqına sülh və uğurlar diləyirəm”.
ABŞ prezidentinin ölkə başçımız İlham Əliyevə yenidən prezident seçilməsi münasibətilə göndərdiyi təbrik məktubu bir sıra suallara aydınlıq gətirmiş oldu. Çünki Azərbaycanı istəməyən bəzi qüvvələr 9 oktyabr prezident seçkilərindən sonra ABŞ prezidentinin təbrik məktubu ünvanlamadığını bildirərək, buna başqa çalarlar qatmağa cəhdlər edirdilər. Obamanın təbrik göndərməməsini bəziləri ABŞ-ın seçkilərin nəticəsini tanımaması ilə bağlayırdılar. Lakin həmin qüvvələr, xüsusən də müxalifət düşərgəsinin cəmləşdiyi Milli Şura gümanlarında yanılmış oldu.
Çünki Obama Azərbaycan prezidentinə təbrik məktubu göndərdi və o məktubda İlham Əliyev hakimiyyəti ilə əməkdaşlıqda maraqlı olduqlarını söylədi. "ABŞ Azərbaycanı öz strateji tərəfdaşı hesab edir və qarşıdan gələn dövrdə iki ölkə arasındakı əlaqələri daha da inkişaf etdirmək əzmindədir” - deyən B.Obama bu sözlərlə təsdiqlədi ki, rəhbərlik etdiyi ölkə Azərbaycanda keçirilən seçkiləri yüksək dəyərləndirir. ABŞ prezidenti xüsusi olaraq vurğulayır ki, prezident İ.Əliyevin Azərbaycana rəhbərliyi dövründə iki ölkə arasında inkişaf edən əlaqələr regional sabitliyə mühüm töhfələr verib. Bu o anlama gəlir ki, həmin töhvələrin davamının olmasının Ağ Ev adminstrasiyası tərəfdarıdır.
Müşahidəçilərin qənaətincə Obamanın təbrik məktubunda qeyd etdiyi məsələlər, ABŞ-ın Azərbaycandakı hazırkı hakimiyyətlə əməkdaşlıqda maraqlı olduğunun göstəricisidir. Görünən odur ki, prezident İ.Əliyevin rəhbərliyi altında Azərbaycan dünya birliyi tərəfindən etiraf edilən uğurlu sosial və iqtisadi tərəqqi dövrünü yaşayıb, mühüm nailiyyətlər əldə edib. Məktubunda ABŞ prezidentinin öz administrasiyasının ortaq çağırışlar üzrə iki ölkə arasında əməkdaşlığı daha da dərinləşdirmək siyasətinə sadiq qaldığını ifadə etməsi, Azərbaycan-ABŞ arasındakı əlaqələrin müsbət olduğunu göstərir. Azərbaycan prezidentinin apardığı uğurlu daxili və xarici siyasət bu gün ABŞ rəhbəri tərəfindən alqışlanır. ABŞ prezidenti həm ikitərəfli formatda, həm də son illər BMT Təhlükəsizlik Şurası çərçivəsində iki ölkə arasında əməkdaşlığı yüksək qiymətləndirir.
Obamanın Azərbaycanın regionda və dünyada sülh və sabitliyin təmin olunmasına, beynəlxalq terrorizmə qarşı mübarizəyə töhfəsini xüsusi qeyd edərək dəyərləndirməsi onu göstərir ki, prezident İlham Əliyevin atdığı addımlar Azərbaycanı inkişafa aparıb. Həmin siyasət bu gün də davam etməkdədir.
Təbrik məktubunda Obama Dağlıq Qarabağ münaqişəsinə də toxunub. ABŞ prezidenti öz ölkəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycan prezidenti ilə əməkdaşlıq etməyə hazır olduğunu ifadə edib. Bununla yanaşı qarşıdan gələn dövrdə Azərbaycan və Ermənistan dövlət başçılarının görüşmək barədə qərarlarını alqışladığını bildirib.
Bir çox analitiklər bildirirlər ki, Obamanın təbrik məktubu göstərir ki, Azərbaycanda keçirilən 9 oktyabr prezident seçkiləri demokratik, şəffaf şəkildə baş tutub. Bunun sübutu dünyanın ən önəmli dövlətlərinin başçıları tərəfindən Azərbaycan prezidenti İlham Əliyevə göndərdiyi təbrik məktublarıdır. Bu məktubların sırasına ABŞ kimi dünyanın nüfuzlu dövlətinin prezidentinin də məktubu əlavə olundu. Obama məktubunun sonunda İlham Əliyevə gələcək fəaliyyətində uğurlar arzulaması isə, Azərbaycanı istəməyən qüvvələrə, uydurma şaiələr yayan insanlara sanki bir cavab oldu. "Azərbaycanda keçirilən seçkiləri Amerika tanımır”, "Barak Obama təbrik göndərmədi”, "ABŞ-Azərbaycan əlaqələri pisdir” kimi uydurma, qərəzli ifadələrdən istifadə edən bəzi qüvvələrin gümanları tamamilə səhf çıxdı desək, yanılmarıq.