Müsavat Partiyası növbəti qurultayına hazırlaşır. Artıq bütün təşkilati işlər yekunlaşıb və sadəcə qurultay üçün geniş tutumlu zal tapmaq qalıb. Qeyd edək ki, partiya başqanı İsa Qəmbərin rəhbərliyə yenidən iddia etməyəcəyini açıqlaması ilə birlikdə qurum rəhbərliyinə namizəd göstərilənlərin sayı artmağa başlayıb. Ən şanslı namizəd Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılı hesab edilsə də, Qubad İbadoğlu və Arzu Səmədbəyli kimi ağır çəkili digər namizədlərin də adı çəkilir. Amma son günlər partiya rəhbərliyində adı hallandırılan liderlərdən biri də "Milli Şura”nın (MŞ) prezident seçkilərində vahid namizəd kimi irəli sürdüyü Cəmil Həsənlidir. MŞ liderini Müsavat başqanı kimi görən siyasilər deyir ki, C.Həsənli professordur və Müsavat irsinin araşdırıcılarındandır. Bu səbəbdən də onun başqan olmasına heç kimin etiraz etməyə haqqı yoxdur. Xüsusən də 9 oktyabr seçkisində apardığı təbliğat və ondan sonrakı xarici səfərləri C.Həsənlinin siyasi "nüfuzunu” xeyli qaldırıb.
Professorun Müsavat rəhbəri olması məsələsinə münasibət bildirən siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev isə deyir ki, C.Həsənlini başqan gətirməkdənsə, elə İ.Qəmbər yerində qalsa yaxşıdır: "İndidən Müsavatın qərargahına 5-6 arvad yığıb əllərinə dəsmal versinlər, onlar oturub müxalifətin gününə ağlasınlar. Cəmil Həsənlinin Müsavat başqanı olması M.Ə.Rəsulzadə adına ən böyük xəyanətdir. Çünki onunla bağlı çox ciddi ittihamlar gündəmə gəlib. Əgər bu adam ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin agenti statusundadırsa, onun Müsavat başqanı vəzifəsinə gətirilməsi Azərbaycan müxalifətinin tamamilə məhvi deməkdir. İ.Qəmbərin yerinə ən yaxşı namizədlər Arif Hacılı və Rauf Arifoğludur”.