Gülər Əhmədova: “Mən Əzrail deyiləm, onu öldürməmişəm”
Ötən gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə məhbəsdə olan keçmiş millət vəkili Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə veriblər.
Qeyd edək ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra deputat olmuş Gülər Əhmədova mandatından imtina edib. Fevralın 13-də isə onun barəsində həbs-qətimkan tədbiri seçilib. Bundan sonra həmin müddət iki dəfə artırılıb.
G.Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə) maddələri ilə təqsirləndirilir.
"Sevinci zəhərləyiblər”
Dünən öncə sabiq deputatın cinayət işində adı hallanan, sonradan Türkiyədə xəstəlikdən vəfat edən Sevinc Babayevanın xalası Zərifə Cəbiyeva şahid qismində ifadə verib. S.Babayevanın xalası deyib ki, bacısı qızının zəhərləndiyini eşidib: "Mənə Sevincin zəhərləndiyini dedilər. Heç bir xəstəxana onu qəbul etmirdi. Birtəhər "Semaşko” xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirdik. Sonra Sevinc zəng elədi ki, xala, məni tez burdan çıxarın, yoxsa öldürəcəklər”. Z.Cəbiyeva qeyd edib ki, mərhum S.Babayevanı "Semaşko”dan çıxarıb Mərkəzi Gömrük Hospitalına aparıblar: "Sevinci orada bir həftəyə sağaltdılar. Sevinc mənə danışırdı ki, restoranlardan birində Gülər Əhmədova ilə birgə nahar ediblər. Həmin vaxt orada başqa adamlar da olub. Deyiblər ki, Sevinc toyuq yeyir. O, toyuğun acı dadını, xoşagəlməz olduğunu hiss edib. Amma utandığından tüpürməyib, yeyib. Elə həmin gün evə gələndə yıxıldığını söyləyirdi. Bundan bir müddət sonra eşitdim ki, Sevinc Türkiyəyə gedib. O Türkiyədə olanda mənə zəng edib, yanındakı kişinin pis adam olduğunu deyirdi. Deyirdi ki, onu bizimlə rus dilində danışmağa qoymur, bütün danışıqlara qulaq asır”. Z.Cəbiyeva vurğulayıb ki, S.Babayeva Türkiyədə ac-susuz qalıb: "Mənə bir qəpiyinin belə olmadığını deyirdi. And içirdi ki, Elşadın Gülərə verdiyi puldan bir qəpik də götürməyib. Gülər Sevincə həmin vaxt deyirmiş ki, azca da dözsün, Azərbaycana gələndə ona vəzifə verəcəklər. Gülərə zəng eləyib, Sevinci niyə Türkiyəyə göndərdiyini soruşdum. O da mənə dedi ki, Sevinc Türkiyəyə özü gedib”.
"... yetimdir, qapılarda böyüyüb, 40 kişiyə ata deyib”
Bundan sonra məhkəmə prosesində sualları cavablandıran Z.Cəbiyevaya sual müttəhim G.Əhmədovadan gəlib. Sabiq millət vəkili Z.Cəbiyevadan S.Babayevanı görmək üçün niyə Türkiyəyə getmədiyini soruşub. Z.Cəbiyeva isə deyib ki, Sevinc onun yanına kimsənin getməsini istəməyib: "Onu da deyirdi ki, bir müddətdən sonra ona vəzifə verəcəklər”.
G.Əhmədova: "Sevincə vəzifə veriləcəyi barədə ona heç bir söz deyilməyib”.
Z.Cəbiyeva: "Bakıda xəstəxanada həkim bizə dedi ki, Sevinc zəhərlənib. G.Əhmədova: "Elə bir şey olmayıb. Həkim də belə bir rəy yazmayıb. Sən Sevinci bədbəxt elədin. Sevincin yaşadığı kişilərin də başına oyun açmısınız. Sevincdən istifadə etmisiniz. Gəlib burda bilmədiklərinizi danışırsınız. Sevinc kim idi ki, onu öldürsünlər? Mənim adımdan istifadə etdiyi üçün onu qovmuşdum. Sevincin anasının vəziyyətini yaxşı bilirəm. Çünki mən də anayam. Ayxana (S.Babayevanın oğlu-red) sualların çoxunu ona görə vermədim ki, yetimdir, qapılarda böyüyüb, 40 kişiyə ata deyib. Mən Əzrail deyiləm, onu öldürməmişəm”.
"Gülər dedi ki, məsələ həll olunacaq, bir az gözlə”
Məhkəmədə S.Babayevanın bacısı Təranə Səfərova da şahid qismində ifadə verib: "Yay ayları idi. Sevinc evə gəlib dedi ki, Gülər Əhmədova ilə balıq yemişəm, zəhərlənmişəm. Həkim də mənə dedi ki, Sevinci zəhərləyiblər, 6 ay ömrü qalıb. Bir müddət sonra bacım Azərbaycanı tərk etməli olduğunu dedi və getdi. Sonra Türkiyədən zəng edib dedi ki, pulu yoxdur, qızıllarını satıb xərcləyir. Dedim ki, Ayxan yanına gəlmək istəyir. O da dedi ki, Ayxanla mən də gedim. Bizi Türkiyədə Səlcuq Ağlayanla oğlu qarşıladı. Onlar bizi maşında bir neçə saat gəzirdilər. Qorxdum, başladım ağlamağa ki, vallah, heç nəyimiz yoxdur, elə bacımı görmək istəyirəm. Sonra Sevincin yanına getdik. Çox pis vəziyyətdə idi. Gülər Əhmədova, buna görə səni bağışlamayacağam. Sevinc ölənə kimi sənə inanırdı”.
Türkiyədə olanda S.Babayeva ilə G.Əhmədovanın "Skype” vasitəsilə danışdıqlarının şahidi olduğunu deyən T.Səfərova "Gülər dedi ki, məsələ həll olunacaq, bir az gözlə” - söyləyib: "Mən də Sevincə dedim ki, bunun nağıllarına inanma. Bakıya gələndə Gülərin bacısı Gülnara zəng etdim. Bildirdim ki, Gülnar, gəl birləşək, bacılarımıza kömək edək, onlar bu oyundan qurtarsınlar. O da dedi ki, heç bir kömək edə bilməz. Bir müddət sonra Gülər mənə zəng elədi ki, gəl ərizə yaz ki, Sevinc özü Türkiyəyə gedib. Mən amma buna razı olmadım. Sevinc mənə deyirdi ki, Gülərlə görüşmə, qoy səni tanımasın”. T.Səfərovanın sözlərinə görə, Səlcuq Ağlayan zəng edib deyib, S.Babayeva xəstədir: "Bizə dedi beş min pul lazımdı. Ondan sonra anamgil Gülərin evinə getdilər. Gülər onlara deyib ki, 20 min pul verir, amma sənədə imza atsınlar. Biz də razı olmadıq”.
"Sənə nifrət edirəm. O videodakıların hamısı düzdür”
Suallara cavab verən T.Səfərova deyib ki, Ayxan Türkiyədə anası Sevinclə savaşıb: "Ayxan dedi ki, Gülər sənin torbanı "tikib”, göndərib bura. Gəl gedək Azərbaycana. Sevinc isə razı olmadı. Sevinc deyirdi ki, Gülərin əri ona 650 manat verib. Onu da deyirdi ki, gör, məni nə hesab edir ki, ordan bura 650 manat göndərir?”.
T.Səfərova: "Atamız Elşad Abdullayevi yaxşı tanıyırdı. Sevincin də Elşadla münasibətləri yaxşı idi”.
G.Əhmədova: "Təranə mənimlə yanaşı ölkənin tanınmış adamlarına da şər atır”.
T.Səfərova: "Sevinci sən zəhərləmisən. Tapşırmışdın ki, heç bir xəstəxanaya qəbul etməsinlər. Sən artistsən. Sənin və oğlanlarının haqqında Türkiyədə "abjora” deyirdilər. Deyirdilər ki, Gülər gəlib burda 3 qoyunun kababını tıxır, üstündən də rakı içir”.
G.Əhmədova: "Artist sənsən. Özü də xalq artistisən”.
T.Səfərova: "Sən Elşadın pullarını alandan sonra varlandın. Səməd Vurğun bağında restoran, Qız Qalasının yanındakı oteli nə ilə almısan? Hamısı Elşadın pulu ilə olub. Sənə nifrət edirəm. O videodakıların hamısı düzdür”.
G.Əhmədova: "Əgər sən deyən obyektlər varsa, hamısını sənə bağışlayıram. Elşad gəlib ifadə vermir. Bunların dedikləri isə hamısı şər-böhtandır. Bu adamları öyrədib göndəriblər məhkəməyə”.
"Səlcuq evində tapança ilə gəzirdi. Mənə maraqlıdır, Gülər, sən bu banditləri hardan tapmışdın?”
Günün ikinci yarısında davam edən prosesdə G.Əhmədova bildirib ki, S.Babayeva üçün nə lazımdırsa edib: "İndi deyir ki, sen heç nə etmədin. Amma mən Sevinc üçün nə lazımdır etmişəm. Sevinc mənə diri lazım idi. Onun yası da mənim pulumla yola verilib.
T.Səfərova isə deyib ki, S.Babayevanın yas mərasiminə G.Əhmədova tərəfindən gələn olmayıb: "Düzdü, Sevincin meyitinin ölkəyə gətirilməsində Gülərin verdiyi pul istifadə edildi. Sevincin yasına isə gələn olmadı”.
G.Əhmədova: "Elşad sonrakı videoları yayandan sonra Sevincin Türkiyədən geri qayıtmağını tələb etdim. O mənə Azərbaycana qeyri-leqal yolla qayıtmaq istədiyini demişdi. Mən də razı olmadım. Dedim ki, sənə bilet alıram, qayıt gəl. O videoların çəkilməsinə hansı şəraitdə imkan vermisən, gəl, danış. Onunla çox sərt danışdım və tələb etdim ki, qayıtsın. Lakin o qayıtmadı. Bu işdə mənimlə bərabər, Sevinc də təqsirləndirilən şəxs idi. Sevinc Elşadın bütün zibillərini bilirdi. Xəstəliyi ilə bağlı da mənə danışmışdı. Deyirdi ki, ağ ciyərində problem var, ağrı verir. Həm də onu infarkt vurub”.
T.Səfərova: "Yalandır. Sevinc sağlam idi, heç bir xəstəliyi də yox idi. Bacım deyirdi ki, Gülər Səlcuqa deyib ki, Sevinci orda saxla, onun dili çox uzundur. Səlcuq evində tapança ilə gəzirdi. Mənə maraqlıdır, Gülər, sən bu banditləri hardan tapmışdın?”.
G.Əhmədova: "Səlcuqu "çerez-çerez” tapmışdım ki, Sevincin yerini öyrənə bilim. Səlcuq onu ac saxlayıbsa, Allah bəlasını versin”.
"Elşadın qohumları arasında rokfellerlər var idi ki, 3 milyon birinə, 5 milyon birinə verirdilər?”
G.Əhmədovanın millət vəkili olanda köməkçisi, nəzarətində olan "Mərkəz” qəzetində isə katibəsi kimi fəaliyyət göstərmiş Adilə Əlihüseynli də prosesdə şahid qismində ifadə verib. A.Əlihüseynli ibtidai istintaqda ifadə verən zaman müstəntiqin ona təzyiq etdiyini deyəndən sonra məhkəmədə onun ibtidai istintaqa ifadəsi elan olunub. A. Əlihüseynli ifadəsində S.Babayeva ilə G.Əhmədovanın münasibətlərinin 2008-ci ildə pisləşdiyini qeyd edib: "Həmin ərəfədə Gülərlə Sevincin otaqda qışqırıq səsi eşidilirdi. Sevinc Gülərdən pulu qaytarmağı tələb edirdi. Gülər Əhmədova isə qaytarmayacağını deyirdi. Daha sonra Gülər Əhmədova Sevinc Babayevanı qəbul etməməyə başladı. Sevinc saatlarla gəlib gözləyirdi. Ağlayıb, deyirdi ki, onu qəbul etsin, camaatın pulunu qaytarsın. Gülər xanım çox aqressiv adam idi. İşçiləri təhqir etməkdən çəkinmirdi. Ona görə də Gülər xanım üçün daimi işçi tapmaq çətin idi.
Bir müddət sonra G.Əhmədova ilə S.Babayevanın barışdıqlarının şahidi olduq”.
Məhkəmədə şahid bu ifadəni qəbul etmədiyini bildirib: "Mən bunları təzyiq altında yazmışam”.
A.Əlihüseynlinin bacısı Günay Vəliyeva da şahid qismində ifadə verib. O da ibtidai istintaqa ifadəni təzyiq altında verdiyini söyləyib. Daha sonra G.Vəliyevanın ibtidai istintaqa ifadəsi elan olunub. G.Vəliyeva ifadəsində S.Babayevanın G.Əhmədovanın ofisinə gəlib ağladığını qeyd edib: "S.Babayeva G.Əhmədovanın yanına gəlib ona pul verdiyini, lakin işini düzəltmədiyini, pul yiyələrinin pulu tələb etdiklərini deyirdi. Sevinc deyirdi ki, bir video var, yayılsa, hamımız əlli-ayaqlı gedəcəyik”. Şahid bir dəfə də tanınmış vəkil Adil İsmayılovu G.Əhmədovanın yanında gördüyünü qeyd edib.
G.Əhmədova isə bildirib ki, onun danışdığı bəzi məqamlar şahidlərin adından yazılıb: "O sözləri mən danışmışam, ayıb olsun müstəntiqə. Bu, kişi hərəkəti deyil. Mən müstəntiqə insan kimi danışmışam ki, Sevinc mənim adımdan danışdığı üçün onu qəbul etməmişəm. Müstəntiq isə götürüb bunu şahidlərin adından yazıb”.
Dövlət ittihamçısı Eldar Həmzəyev isə bu sözlərə görə G.Əhmədovaya etiraz edib.
G.Əhmədova: "Müstəntiq mənə də təzyiq edib. Siz nə danışırsınız. O mənə də xox gəlib. Məni düz 36 saat ac-susuz saxlayıb”.
Bundan sonra Elşad Abdullayevin bacısı oğlu Azad Mürsəliyev ifadə verib: "E.Abdullayevin gizli çəkiliş etdiyi deyilən ofisdə axtarış aparıldı. Mənim orada gizli çəkiliş aparılmasından xəbərim olmayıb.
G.Əhmədova: "Xahiş edirəm, dayına de ki, videoların əslini göndərsin. Elşadın qohumları arasında rokfellerlər var idi ki, 3 milyon birinə, 5 milyon birinə verirdilər?”. A.Mürsəliyev isə nəsillərində imkanlı adamların olduğunu bildirib. G.Əhmədovanın xahişini E.Abdullayevə çatdıracağını da söyləyib. Bundan sonra dünənki proses yekunlaşıb. Növbəti məhkəmə prosesi isə noyabrın 12-də davam etdiriləcək.