Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun Təbiət elmləri kafedrasının müdiri, fizika üzrə fəlsəfə doktoru Yusif Alıyev oktyabrın 28-dən noyabrın 1-dək Rusiyanın Dubna şəhərində Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun İ.M.Frank adına Neytron fizikası laboratoriyasının təşkilatçılığı ilə, Rusiya Fundamental Tədqiqatlar Fondunun dəstəyi ilə həyata keçirilən "Müasir neytronoqrafiya” Gənclərin Beynəlxalq Elmi Məktəb-konfransında iştirak edib.
Fizikanın müasir tədqiqat istiqamətlərindən olan rentgenoqrafik və neytron tədqiqatlarına həsr olunan mühazirə, seminar, konfrans və praktik laboratoriya işləri həyata keçirilib. Həmçinin bu məktəbdə Nobel mükafatına layiq görülən işlərə həsr olunmuş müzakirələr keçirilir və bu sahələrin qabaqcıl alimlərinin məruzələri dinlənilir. 5-ci "Müasir neytronoqrafiya” Gənclərin Beynəlxalq Elmi məktəb-konfransına dünyanın 20 ölkəsindən 400 nəfərə yaxın akademik, professor və gənc tədqiqatçı-alimlər qatılıb. Yusif Alıyevin elmi-tədqiqat mövzusu ilə əlaqədar olaraq "Müasir neytronoqrafiya” Gənclərin Beynəlxalq Elmi məktəbinə göndərdiyi tezis Təşkilat Komitəsi tərəfindən gənc məruzəçilər siyahısına qəbul edilib. Müasir fizikanın geniş sahəsi olan bərk cisimlər fizikası üzrə dünyada nadir neytron-sinxrotron tədqiqatların son nailiyyətləri haqqında geniş məlumatlar dinləyicilərə mühazirələr şəklində məhz bu məktəb vasitəsilə çatdırılır. Y.Alıyevin BNTİ-də təşkil olunan gənc tədqiqatçıların konfrans-seminarında çıxışı konfrans iştirakçıları tərəfindən diqqətlə dinlənilib, elmi-tədqiqat işləri akademik, professor və gənc alimlərin marağına səbəb olub. Tədqiqat işləri ətrafında geniş müzakirələr aparılıb və sonda Yusif Alıyevin məruzəsi yüksək qiymətləndirilərək sertifikata layiq görülüb. Məruzələrdən sonra Y.Alıyev elmi-tədqiqat işləri ilə əlaqədar bərk məhlul kristallarının fiziki, kinetik və kimyəvi parametrləri ilə bağlı professor D.P.Xoxolovla, professor A.M.Balaqurovla, professor D.P.Kozlenko ilə, f.f.d. S.H.Cabarovla geniş elmi diskussiyalar aparıb və onlardan gələcək fiziki ölçmələrdə müştərək əməkdaşlıq təklifini alıb. Y.Alıyevin Dubna Birləşmiş Nüvə Tədqiqatları İnstitutu ilə qurmuş olduğu yeni əlaqələri birbaşa Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun, bilavasitə isə Azərbaycan elminin uğuru kimi dəyərləndirilə bilər.