MƏLƏK xanım...

Həm ailəsini, həm sənətini, həm də xalqını qorudu

Hətta elə böyük problem olub ki, mən hansısa işimi təxirə sala bilərdim, ancaq o buna imkan verməyib. Deyib ki, bütün çətinlikləri mən öz üzərimə götürürəm, sən sənətində boşluq yaratma

Bürcü - Əqrəb.

Sevdiyi rəng - Rəngarəngliyi sevsə də, əsasən yaşıl rəngə önəm verir.

Sevdiyi gül- Xrezantema

Sevdiyi ətir- əsasən "Versace”,

"Sisley”, "Koko Şanel”

Sevdiyi fəsil- Yaz, payız

Ən çox sevdiyi serial- "Klon”(Hadi obrazı), "Möhtəşəm Yüzyıl”, "Yapraq dökümü”

Sevdiyi ölkə - İtaliya, Hollandiya

Sevdiyi şəhər - Paris (Eyfel qülləsi)

Sevdiyi maşın markası - "Leksus”

Sevdiyi zinət əşyası - daş-qaş, ağ qızıl üstündə ağ brilliant.

Xaraktercə - romantik

Muğamlarımız mahiyyətinə, xarakterinə görə bir-birindən fərqləndiyi kimi, onu ifa edən xanəndələrimiz də bu baxımdan fərqlənə bilirlər. Daha dəqiq desək, muğamın fərqli rəngləri, tərzləri olduğu kimi, muğam ifaçılarının də səslərinin rəngi bəzən özünəməxsus, bəzən rəngarəng olur.

Azərbaycan səhnəsində qəlbləri titrədən, bəzən yanıqlı səsi ilə bülbülləri susdurmağı bacaran, bəzən şux ifası ilə sönmüş qəlblərə məlhəm olmağı bacaran bir səs də var. O səs sözün həqiqi mənasında xanım-xatun xanəndənin professional ifasından xəbər verir. Söhbət Xalq artisti Mələkxanım Əyyubovadan gedir. Onun haqqında danışılanda adətən səsinin rəngarəngliyi daha çox ön plana çəkilir. Muğam sənətində sözünü deyən xanəndə xanımların ifa tərzində bir məqam hər zaman diqqət çəkib. Onlar səs tembrlərinə uyğun muğamlara üstünlük veriblər. Elə ona görə də Rübabə Muradova, Fatma Mehrəliyeva və digər xanım xanəndələrin adları çəkiləndə onların hərəsinə bir muğamı daha çox yaraşdırıblar. Əksər hallarda adlarını sevərək andığımız karifeylərimiz belə ya bir, ya da iki muğama daha çox möhür vurmuş olublar. Çox az sayda xanəndə xanımın adını çəkmək olar ki, onun səs tembri bütün muğamlara uyğun gəlsin. Yəqin bu da Allahın bir lütfü sayılır. Elə ulu Tanrı bugünkü yazımızın qəhrəmanını çox sevdiyindən bunu ondan əsirgəməyib. Onun ifasında demək olar ki, bütün muğamlar, təsniflər gözəl, özünəməxsus səslənir.

"İrs”dən keçən gənclik yolu

Onunla ilk tanışlığım isə hələ uşaq yaşlarına təsadüf edib. Hərçənd bugünkü qəhrəmanım da bilməzdi ki, həftədə 2-3 dəfə İçərişəhərin dar küçələrindən keçərək hər dəfə onu dinləmək üçün "İrs” Teatrına gələn, kənarda sakitcə oturub dinləməkdən, onu seyr etməkdən zövq alan bu kiçik qızcığaz - yəni bəndəniz bir gün onunla jurnalist kimi həmsöhbət olacaq. Heç vaxt unuda bilməyəcəyim uşaqlıq xatirələrim var. O xatirələrdə qırıq-qırıq lentə bənzər kadrları biri-birinə bərkidib, uşaqlığıma qayıtmağa, onları canlandırmağa çalışıram. Mələkxanım Əyyubova "İrs” Teatrına demək olar ki, tez-tez gəlirdi. İlk vaxtlar onun səsindən çox üzünün gözəlliyi, o zamanlar mənim üçün nağıla bənzər milli geyimlərdə səhnəyə çıxması maraqlı görünərdi. Milli geyimlərdə olan daş-qaşlar, işləmələr hərdən məni sözün həqiqi mənasında bu dünyadan çox-çox uzaqlara, nağıl aləminə aparardı. Nağıl dünyamdan isə o vaxt ayılardım ki, Mələkxanım Əyyubova oxumağa başlayardı.

Heç özüm də ağlıma belə gətirməzdim ki, heyranlıqla izlədiyim bu gənc xanımdan vaxt gələcək müsahibə götürəcəm, onun barəsində yazılar yazacam. Bu mənim onunla, ondan xəbərsiz ilk və qiyabi tanışlığım oldu. Budur, bu gün milyonlar kimi, mənim də pərəstiş etdiyim xanəndə xanımdan yenə yazmalı oldum.

Onun "Leyli”si

Bütün Leyli obrazını yaradanların öz üslubları, xarakterləri, zəhmət və fədakarlıqları olub. Bu gün hamısını ehtiramla xatırlayırıq. Opera səhnəsində böyük karifeylərin yaratdığı Leylini oynamaq, onların qarşısında çıxış etmək şansı da hər gənc ifaçıya nəsib olmurdu. Ən əsası bu leylilər arasında yenisini, özünkünü yaratmaq xanəndədən zəhmətlə yanaşı, böyük iradə tələb edirdi. Amma Mələkxanım Əyyubovanın yaratdığı Leyli obrazı öz dəsti-xətti ilə digərlərindən fərqlənə bildi. Bu isə o qədər də asan deyildi. Mələkxanıma qədər Opera və Balet Teatrında böyük sənətkarlar, Rübabə Muradova, Zeynəb Xanlarova, Həqiqət Rzayeva və başqalarının ifasında Leyli təqdim olunub. Bütün bu leylilərdən fərqlənmək, Leyli olaraq sevilmək, opera səhnəsində səhnəyə çıxaraq alqış qazanmaq isə heç də asan deyildi. Ancaq Mələkxanım Əyyubova bunu bacardı. Məhz özünəməxsus ifası ilə Leyliyə möhürünü vura bildi. Etiraf etməliyik ki, Rübabə Muradovanın Leylisi Opera Teatrının tarixində təkrarsız və bənzərsiz olaraq qalıb. Ondan əvvəl səhnədə olanlar da, ondan sonra gələnlər də Leylini onun ruhunu qaldıra biləcəyi səviyyəyə çatdıra bilməyiblər. Bütün bu həqiqətlərin arasında bir həqiqət də danılmazdır. Əsas odur ki, Mələkxanım Əyyubova öz Leylisini yaddaşlarda saxlaya bildi. Təkcə səsi ilə deyil, eyni zamanda səhnə plastikası ilə də fərqlənə bildi Mələkxanım.

Bu gün xanım xanəndələrin adı çəkiləndə, nədənsə, onun adı daha ön sıralarda səslənir. Yəqin illərin təcrübəsi, sənət yolunda çəkdiyi əziyyəti ilə hələ sağlığında xanəndə Mələkxanım Əyyubova məktəbi yarada bilib.

Pedaqoq kimi fəaliyyəti

Onun yaradıcılıq yolunu müxtəlif janrlara bölmək mümkündür ki, bunlar da ayrı-ayrılıqda Azərbaycan musiqisinin tarixi sayılmalıdır. Çünki Xalq artisti həm Opera və Balet Teatrının aktrisası kimi, həm də xalq və bəstəkar mahnılarının, muğamlarımızın təkrarsız ifaçısı kimi milli musiqimizin inkişafına töhfəsini verib. Xanəndə xanım bilgilərini, muğam haqqında fikirlərini tələbələri ilə də bölüşməyi bacarır. Bu keyfiyyət də hər sənətkara xas deyil. O, paylaşmağı, öyrətməyi, sözün həqiqi mənasında özündən sonra tələbələr yetişdirməyi sevən pedaqoq olaraq da seçilə bilib.

Səhnə ilə yanaşı, ailəsini qoruyan sənətkar

Maraqlı məqamlardan biri də odur ki, Mələkxanım Əyyubova bu illər ərzində sənətinə, yaradıcılığına, səhnəyə nə qədər önəm versə də, bütün bunların içində ailəsinə bağlı olmağı bacarıb. Hərçənd sənətçilər arasında buna nadir hallarda rast gəlmək olur ki, sənəti ilə yanaşı, ailəsinə də sahib çıxa bilsin. Mələkxanımın elə xatunluğunun özəl tərəflərindən biri və bəlkə də ən başlıcası budur. O, ailəsinin xanımı olmağı bacarıb. O, yeri gələndə gözəl, qayğıkeş ana olub, yeri gələndə sədaqətli həyat yoldaşı olduğunu sübut edib, yeri gələndə də sənətkar olaraq özünü təsdiqləyib. Bu baxımdan Mələkxanım Əyyubovanı bəlkə də ən xoşbəxt qadın adlandırmaq olar. Çünki bu qadın sevdiyi sənəti ilə yanaşı, ailəsini, həyat yoldaşını, uşaqlarını da unutmayıb, onlardan da diqqətini, sevgisini əsirgəməyib. Buna alın yazısı da demək olar. Ancaq iradəsi güclü, tərbiyəsi, əxlaqı, mənəviyyatı yüksək olan qadınlar səhnədə olduqları kimi ailələrində də xoşbəxt olmağı bacarırlar.

Bu baxımdan ona qibtə edənlər yəqin ki, az deyil.

Səsinin sehri ilə sevilmək

Böyük sənətkarın səsindəki həzinlik, yanğı oxuduğu "Bayatı-Şiraz”, "Şur”, "Şahnaz”, "Qatar”, "Mahur-hindi”, "Xaric segah” muğamları, müxtəlif Azərbaycan xalq mahnıları ifaçılıq sənəti tariximizə qızıl hərflərlə yazılıb. Dinləyicinin daxili aləminə nüfuz etmək, onda güclü emosional təsir yaratmaq bacarığı Mələkxanım Əyyubovanın yaradıcılığının xarakterik xüsusiyyətlərindən sayıla bilər. Onun muğam sənətində bir qayəsi var. Milli musiqiyə sahib durmaq, onu inkişaf etdirmək. Xalq artistinin milli musiqimizə hədsiz sədaqətlə səciyyələnən həyat yolu gənc xanəndələr nəsli üçün örnək ola bilər.

Milli mədəniyyətimizi dəfələrlə xarici ölkələrdə böyük uğurla təmsil etmiş Mələkxanım Azərbaycan xalq musiqisini müxtəlif xalqların nümayəndələrinə sevdirə bilib və çıxış elədiyi ən mötəbər səhnələrdə dərin rəğbətlə qarşılanıb.

Xalq artisti təkcə muğamlarımzı, xalq mahnılarımızı deyil, eyni zamanda bəstəkar mahnılarına da böyük peşəkarlıqla, sevgi ilə yanaşıb. Onun ifasında bəstəkar mahnılarından gözəl bir nümunəni misal çəkmək olar. Xanəndə sözləri Xuraman Vəfaya məxsus olan "Oyan taxtım, tacım oyan” mahnısını o qədər gözəl ifa edib ki, bu gün bir çoxları bu mahnını xalq mahnısı kimi qəbul etməyə başlayıblar.

Hərdən onun ifasını başqaları ilə müqayisə etməyə çalışanlar da olub. Ancaq Xalq artisti özü səs tembrini, ifa tərzini kimsəyə bənzətmir. Vaxtilə onun ifa tərzini Zeynəb Xanlarovaya bənzədənlər də olub. Ancaq özü belə düşünmür. Xalq artistinin sözlərinə görə, o, sənətə gəldiyi ilk gündən özü kimi tanınmaq istəyib. Dediyinə görə, Zeynəb Xanlarovanın ifasını çox dinləyib, ola bilər, az da olsa bəzi şirinlikləri, ifa tərzindəki oxşarlığı ilk illərdə Zeynəb Xanlarovanı xatırlada bilərdi. Ancaq Qulu Əsgərovun məsləhətlərini dinləyən Mələkxanım Əyyubova bu oxşarlığı zamanla aradan qaldıra bilib. Qulu Əsgərov Mələkxanımı o dəsti-xətdən uzaqlaşdıra bilib. Səs tembrlərindəki oxşarlığa baxmayaraq Mələkxanım Əyyubova qısa zamanda muğam sənətində, professional səhnədə öz üslubunu yarada bilib.

Xalq artisti ilə qısa söhbətimiz də baş tutdu. Biz suallarımızı verdikcə, onun səmimi cavabları bir az da xanım xanəndə barədə təəssüratlarımızda yanılmadığımızı sübut etdi.

- Mələkxanım, sənət aləmində müxtəlif çətinliklər, xoşagəlməz olayların şahidi olmusuz. Bu sənətə gəldiyiniz üçün peşman olduğunuz vaxt olubmu?

- Səmimiyyətimə inanın ki, yox. Çünki mən bu sənəti sevdiyim qədər də səhnəyə hörmət etməyi bacarmışam. Çalışmışam ki, bu aləmdə olan çirkablar mənə dəyməsin. Soyuq suyu da üfürüb içmişəm. Yəni, sənətimlə ailə həyatımı nizamlamağa çalışmışam. Bunu özündən razılıq kimi görməyin, olanı deyirəm. Dəvət olunduğum hər yerə, hər məclisə getməmişəm. Əvvəlcədən dəvət olunduğum yerə adam göndərirəm ki, görüm məclisdə kim var. Sevmədiyim, xoşlamadığım insanlar olanda o dəvətlərdən imtina etmişəm. Yəni sənətdə özümə hörmət etdirməyi bacarmışam. Xırdalıqlara varmışam ki, sabah peşman olmayım. Ona görə Mələkxanım olmuşam. Sənətkar öz adını qorumalıdı.

- Deyirlər ki, xanəndələr, milli musiqilər ifa edən xanım həmkarlarınız arasında sizə paxıllıq edənlər çoxdu. Varmı belələri?

- Var. Niyə yoxdu ki? Kimin mənə paxıllıq etdiyini də, kimin mənim üzümə yalandan güldüyünü də bilirəm. Sənət adamları arasında paxıllıq, qısqanclıq həmişə olub. Olacaq da. Buna təbii yanaşmaq lazımdı. Sadəcə, mənim belə insanlara yazığım gəlir. Bilirsiz, mən bu sənətə gəldiyim ilk gündən bu paxıllığı hiss etmişəm. Eləsi var ki, üzümə gülür, ancaq paxıllıq onu rahat buraxmır. Ancaq mən bunu o insana hiss etdirmirəm ki, sənin mənə olan münasibətini bilirəm. Bunu kənardan da bilənlər olur. Mən çalışmışam ki, xanım həmkarlarıma həmişə dəstək olum, onlara yaxşı məsləhət verim. Məsləhət də vermişəm. Hətta elələri var ki, onlar qısqanclıqlarını, paxıllıqlarını gizlədə də bilmirlər. Büruzə verirlər. Onlar aciz insanlardı. Mənim xarakterimə bələd olanlar bilirlər ki, mən təbiətən çox mehriban insanam. Kimsənin könlünü qırmağı sevmirəm. Bir də mən belə insanları qınamıram. Çünki sənət aləmində öz zəhmətim və mədəniyyətimlə nəyə nail olduğumu yaxşı bilirəm. Onlar da yaxşı bilirlər ki, Mələkxanım nəyə nail ola bilib. Ona görə də qısqanclıqlarını təbii qarşılayıram.

- Yəni demək istəyirsiniz ki, bugünkü uğurlarınız olmasaydı, siz də kiməsə paxıllıq edə bilərdiz?

- Bilirsiz, insan övladıyıq. Paxıllıq, qısqanclıq hər insanda ola bilən xüsusiyyətdir. Sadəcə, insan bir qədər iradəli olmalıdır, mübariz olmağı bacarmalıdır ki, istəyinə nail olsun. Zəif insanlar istəklərinə çata bilməyəndə qısqanclıq onlara güc gəlir. Ola bilər, sənətdə mən də belə böyük uğurlara imza atmasaydım, kiməsə paxıllıq edərdim. Ancaq yenə deyirəm, insanın ruhu təmiz olmalıdır ki, güclü olsun. Mən bu gün sənətimdə qazandığım hörmətə, sevgiyə görə Allahımdan razıyam.

- Bəzən ailə qurandan sonra xanım sənətçi üçün çətin olur. Yoldaşınız sizə müəyyən qadağalar qoyubmu? Ya da, hansısa qastrol səfərindən ona görə imtina etməli olmusuz?

- Mən yoldaşımdan yerdən göyə qədər razıyam. Çünki o mənə sənətimlə bağlı çərçivə yaratmayıb, məni sıxmayıb. Əksinə, mənə həmişə dəstək olub. Hətta elə böyük problem olub ki, mən hansısa işimi təxirə sala bilərdim, ancaq o buna imkan verməyib. Deyib ki, bütün çətinlikləri mən öz üzərimə götürürəm, sən sənətində boşluq yaratma. Hətta bəzən o mənə irad tutur ki, bunu niyə etmədin? Mən həyat yoldaşıma həmişə minnətdaram. Çünki onun dəstəyi sayəsində mən sənətimi inkişaf etdirmişəm.

- Sənətkarların köhnə ifalarını yeni tərzdə ifa etmələri tendensiya halını alıb...

- Bu işi ilk dəfə görənlərdən biri mənəm. 90-95-ci illərdə bir neçə mahnını yeni formada ifa eləmişəm. "Süsən sünbül” , "Ləbu-ləb”, "Qadan alım”, "Axı mən neyləmişəm” kimi mahnıları İradə İbrahimovadan tutmuş Röyaya qədər hamı o cür ifa edir. Doğrusu, o dövrdə bəstəkar və xalq mahnılarımıza maraq itmişdi, qəbul etmək istəmirdilər. Ona görə bu mahnılara xələl gətirməmək şərtilə yeni aranjimanda oxudum. Xalq mahnısını da, bəstəkar mahnısını da aranjiman etmək olar. Xələl gətirməmək şərtilə.

- Bildiyimə görə, döyüş bölgəsində ən çox konsert verən sənətkarlardansız.

- Gəlin belə danışaq da. 1988-93-cü illər çox çətin oldu. O günlər getsin, bir də gəlməsin. O vaxt günümüz səngərlərdə, konsertlərdə keçirdi. Heç vaxt da bunu çəkməyə qoymamışam. Çünki bu mənim vətəndaşlıq borcumdur.

- Muğam tarixinə nəzər salanda görürük ki, hər bir muğamımızın bir "möhür vuran” ifaçısı olub. Məsələn, İslam Rzayev "Segah”ı, Yaqub Məmmədov "Mənsuriyyə” muğamı ilə tanınıb. Elə xanım xanədələr arasında da ayrı-ayrı muğamlarla möhürünü vuranlar var. Sizin "möhür vurduğunuz” muğam hansıdır?

- Mən səmimi olmağa çalışacam. Əvvəla mənim xoşbəxtliyim sənətçi olaraq ondadır ki, səs tembrim bütün muğamlara uyğun gəlir. İstər "Şahnaz”, istər "Rast”, "Bayatı-Şiraz”, "Segah”, istərsə də başqalarının adını çəkə bilərəm ki, bu muğamların demək olar ki, hamısı repertuarımda yer alıb. Çünki səsim bu muğamları oxumağa imkan verir. Mən deyə bilmərəm ki, bu muğamı o birindən daha üstün oxuyuram. Çünki muğamlar mənim övladlarım kimi mənə doğmadır. Onlar arasında ayrı-seçkilik sala bilmərəm. Mən heç bir muğamı oxuyanda əziyyət çəkmirəm. Elə xanəndə var ki, "Şahnaz” oxuyur, ancaq digər muğam onun səsinə uyğun gəmir. Mənim belə problemim yoxdur. 1995-96-cı illərdən bu yana muğamlarımızı, dəstgahlarımızı çox yazmırlar. Bəs biz "Xalq artisti” fəxri adını niyə almışıq? Niyə dəstgahları oxuyub yazdırmırsınız? Gedin fondu araşdırın, baxın. Yeddi əsas muğamımız var, hələ digərləri bir yana.

- Siz həmin muğamları ifa etmisiniz?

- Etmişəm. Bəs bunları nə vaxt ifa edəcəksiniz? Yaşınız da keçir. Yetmiş yaşınızda oxuyacaqsınız? Məsələn, "Rahab” muğamını Möhübbət Məmmədova oxumuşdu. Amma "möhür vurmaq” sözündən xoşum gəlmir. 1997-ci ildə Əhməd Bakıxanov adına Xalq Çalğı Alətləri Ansamblı ilə bu muğamları lentə yazdırdım. Bu muğamları Canəli Əkbərovun, Nəriman Əliyevin köməyi ilə yazdırmışam. Vacib deyil ki, bu gün çox şey oxuyum. Əsas odur ki, sabah tədris üçün əyani vəsait olsun. Sənətkarlarımız da deyir ki, "oxuduqlarıma möhür vurmuşam”. Bu yaxınlarda "Rast” muğamını oxudum. Bu muğamda 11 şöbə var. Səkkiz şöbəni oxuyub deyirlər ki, "Rast” muğamını ifa elədim. Çünki qalan 3-4 şöbəyə zil səs lazımdır. Ya oxuma, ya da de ki, filan yerə qədər ifa edə bildim. Amma döşünə döymək lazım deyil. "Bayatı şiraz” dəstgahını, "Mirzə Hüseyn” dəstgahını, "Şahnaz”, "Mahur hindi” muğamını tədrisə lazımlı formada oxumuşam. "Çahargah”, "Zabul segah” və "Şur” muğamları isə hazırdır, lentə yazdırmaq qalır. Yeddi əsas muğamdan "Şüştər” və "Humayun”u yazdırmamışam. Onlar da o qədər xarakterik muğamlardı ki... Bu muğamları da oxuyuram. Amma gərək yazdıranda ən yüksək formada olsun. Özümə söz vermişəm ki, gələn ilə qədər yeddi əsas muğamı tamamilə bitirəcəyəm. Ondan sonra 20-25 il əvvəl ifa etdiyim zərb muğamları yenidən lentə aldıracağam.

- Azərbaycanda muğam məktəbini 3 istiqamətə bölürlər: Qarabağ, Bakı, Şirvan. Sizcə doğru bölgüdürmü?

- İllərdir demişəm və yenə də deyirəm ki, bir məktəb var, o da Azərbaycan məktəbidir. Baxın, Canəli Əkbərov cənub zonasındandır.

- Amma məncə, cənubda o qədər də güclü muğam ifaçıları yoxdur.

- Nə danışırsınız? O tərəflər muğamata böyük qiymət verirlər.

- Alim Qasımovla həm həmyerlisiniz, həm də tay-tuşsunuz. O da sənətkardır. Nə əcəb bir duet ifa etmirsiniz?

- 25 il əvvəl mən universiteti bitirəndə Alim Qasımov təzə qəbul olunmuşdu. Amma tanınırdı, sevilirdi. O vaxt dedim ki, "Alim gəl, dövlət orkestrinin müşayiəti ilə duet ifa edək”. Hətta Nəriman Əliyevə dedim ki, "Arazbarı”nı, "Heyratı”nı Alim Qasımovla duet şəklində oxumaq istəyirəm. O vaxt Alimlə oxuduğumuz duetdən çox gənclər bəhrələndilər. Ondan sonra Alimin öz qızı yetişdi. Fərqanə həqiqətən istedadlı qızdır. Biz indi də ailəvi dostuq.

- Bilirəm ki, peşəkar səviyyədə qarmon ifa edirsiniz. Amma ifalarınızda əksər hallarda trio olur. Nə vaxtsa lent yazılarınızda özünüzün qarmon ifanız olub?

- Biz uşaq olanda hər uşaq bir musiqi alətini öyrənirdi. Məni də anam qarmon sinfinə qoydu. İllər keçəndən sonra gördüm ki, xanəndə kimi yetişməyimdə musiqiçi olmağımın nə qədər böyük rolu var. Qarmonu yalnız evdə özümə lazım olanda ifa edirəm.

- Bacınız və qardaşınız uşaqları olan Ramal İsrafilovla, Mirkamil Kamilovla, Valehlə aranız necədir? Bir ara mətbuat yazırdı ki, onlardan narazısınız.

- Onlardan narazıyam, çünki tənbəldirlər. Onların bu yerə gəlib çatmağında mənim böyük əməyim var. Hər birinin təhsil almağında, müsabiqələrdə iştirak etməyində övladım qədər zəhmət qoymuşam. Çünki valideynləri rayonda olublar. 30 ildən artıqdır səhnədəyəm, bu gün də çalışıram ki, nəsə edim.

- Çox nadir hallarda müsahibə verirsiniz. Elə bil mətbuatdan qaçırsınız.

- Dediyim sözü dəyişdirib elə bir formada yazırlar ki, mətbuatdan qorxuram. İllərdir sənətdəyəm, suyu da üfürə-üfürə içmişəm ki, haqqımda pis fikirlər olmasın. Hər sözümə, geyimimə fikir vermişəm. Xalq məni sevirsə, başqa cür etməyə də ixtiyarım yoxdur. Bəzən dediyin fikrə elə başlıq verirlər ki, adam peşman olur. Bizim fikrimizi sizə deyirik, siz cəmiyyətə çatdırırsınız. Axı mənim də ailəm var, evim var. Evdə soruşurlar ki, niyə belə demisən..? Deyirəm ki, "vallah, mən belə deməmişəm”.

- Muğam ifaçısı olan qadınların bəlli geyim tərzi var - uzun ətək və qapalı geyim. Amma son vaxtlar muğam ifaçılarının geyim tərzində də dəyişiklik var. Elə bil ətəklər bir az qısalıb...

- Bəlkə kimsə dediyimlə razılaşmır. Muğam ifaçısı gəzməyə gedəndə, məclisə gedəndə nə cür istəyirsə, geyinsin. Amma muğam ifaçısının dizdən yuxarı ətək geyinib muğam oxumağını ona yaraşdırmıram. Səhnədən kənarda istədiyini geyinə bilər. Mən köhnə fikirli adam deyiləm. Bütün geyimlərim rənginə qədər yeni modeldədir. Amma muğam oxuyuramsa, dizimdən ətək geyinib oxuya bilmərəm. Şalvar da geyinirəm, ətək də. Amma səhnədən kənarda. İfaçı var ki, şalvar geyinib muğam oxuyur.

- Kim?

- Bir deyil, iki deyil. Şalvar geyinib muğam oxuyanı necə dinləmək olar ki?!

- Geyim demişkən, bildiyim qədər brend geyimlərə üstünlük verirsiz. Səhnə geyimlərinizi necə seçirsiz?

- Düzünü desəm, pul xərcləməyi, şopinq etməyi sevirəm. Ancaq elə nə gəldi almıram. Lazım olana, keyfiyyətli məhsula pul verəndə xəsislik etmirəm. Xaricdə olarkən brend mağazalardan alış-veriş edirəm. Qaldı səhnə geyimlərimə, demək olar ki, hamısını tikdirirəm. Bir çox modelyerlərlə çalışmışam. Fəxriyyə Xələfova, Gülnarə Xəlilova, stilist Syama və başqaları ilə əməkdaşlıq etmişəim. Son vaxtlar isə daha çox "Çakteks”dən geyinirəm. Bilirsiz, səhnə, efir elə yerdir ki, gündəlik geyindiyin geyim sənə yaraşa bilər, ancaq efirdən, səhnədən o qədər də gözəl görünməz, rəngi yaraşmaz. Bunlara diqqət yetirməyə çalışıram. Az-çox zövqüm var. Özümə yaraşanı geyinirəm.

- Qadın xanəndələr arasında dəflə oxumaq ideyası kimə məxsusdur?

- Qadın ifaçılarından mənim, Səkinə İsmayılovanın muğamın inkişafında səylərimiz az olmayıb. İlk dəfə biz əlimizə dəf alıb oxuduq. Bizə qədər qadın xanəndələr dəflə oxumurdular. Biz ucuz yolu seçib toylarda oxumadıq. Bizdən sonra gələn nəsil - Nəzakət Teymurova, Aygün Bayramova, Könül Xasıyeva da bizə baxıb əllərinə dəf alıb, muğam sənətini eyni qaydada davam etdirdilər. Ənənəni gənclər davam etdirir. Muğam müsabiqəsində elə iştirakçıları dinləyirəm ki, onlar artıq əsl xanəndədir. Onlar haqqında əlavə fikir söyləməyə ehtiyac yoxdur. Amma onların gələcəyi daim nəzarətdə olmalıdır. Əgər restoran proqramlarına meyilli olsalar, peşəkarlıq səviyyəsini itirəcəklər.

Tahirə Məmmədqızı