Milli Şura parçalanmaq ərəfəsindədir

Eldəniz Quliyev: “Müsavat Partiyası təşkilatı parçalamaq və ya məhv eləmək istəyir”
Arzu Səmədbəyli: “Prosesin nəticələri sessiyanın sonunda məlum olacaq”

"Müsavat Partiyası öz iddiasından geri çəkilmirsə, Rüstəm İbrahimbəyovun sədrlikdən getməsində israr edirsə, onlar Milli Şuranı parçalamaq və ya məhv eləmək istəyir”. Bu sözləri mətbuata açıqlamasında Milli Şuranın üzvü, "El” Hərəkatının Ali Məclis sədri Eldəniz Quliyev deyib. Onun sözlərinə görə, həmsədrlik məsələsi MŞ-nin növbəti sessiyasında müzakirələr zamanı qəbul edilməsə, R.İbrahimbəyov qurumun sədrliyindən getsə, "El” Hərəkatı və onunla bərabər bir çox ziyalı MŞ-ni tərk edəcək: "Azərbaycan ictimaiyyəti bəzi siyasi partiyaların tez-tez absurd iddialarla çıxış etməsinin şahididir. Bu siyasətin adı "qırt toyuq siyasəti”dir. Bu cür yanaşma heç vaxt xeyir gətirmir. İndiki halda MŞ ölkədə müəyyən siyasi əhəmiyyətə malikdirsə, bu, R.İbrahimbəyovun şəxsiyyəti hesabına olub.

E.Quliyevin açıqlamasını dəyərləndirən "Müsavat” Partiyasının başqan müavini Arzu Səmədbəyli "Şərq”ə bildirib ki, məsələ MŞ-nin növbəti sessiyasında müzakirəyə çıxarılacaq: "Sessiyada hər kəs öz fikirlərini səsləndirəcək. Biz də münasibətimizi bildirəcəyik. E.Quliyev də düşüncələrini irəli sürə bilər. MŞ məsələni müzakirə edəcək. Hansı təklifləri qəbul edəcəyi isə qurumun səlahiyyətində olan işdir. Prosesin nəticələri sessiyanın sonunda məlum olacaq. İndidən hər hansı bir prinsip irəli sürmək düzgün deyil”.

A.Səmədbəyli MŞ-nin işinin yenidən təşkil olunması və gücləndirilməsi ilə bağlı təkliflərinin olduğunu da qeyd edib: "Bunları sessiyadan öncə açıqlamaq istəmirəm. Yəqin ki, sessiya zamanı açıqlanacaq”.