Moskvada miqrant “ovu” davam edir

Bu proses siyasi məsələ olduğu üçün öz həllini tapması xeyli vaxt aparacaq

Rusiyada baş verən olaylar, vətəndaşlarımızın sıxışdırılması, Azərbaycana müxtəlif vasitələrlə təzyiq edilməsi hələ də aktualdı və getdikcə bu gərginlik geniş vüsət alır. Belə ki, Moskvada azərbaycanlı iş adamı Qod Nisanova məxsus olan "Sadavod” bazarında 1000 nəfərin saxlanması ilə nəticələnən əməliyyatdan sonra bazarda yenidən axtarış aparılıb. Rusiya mətbuatı xəbər verir ki, bazarda mütəşəkkil cinayətkarlıq və qanunsuz miqrasiyaya qarşı yeni əməliyyat keçirilib. Məlumata görə, "Sipər-2 " əməliyyatı təhlükəli vəziyyət yaradıb. Bazardakı insanlar Moskva dairəvi yolu vasitəsilə polisdən qaçmağa çalışırlar. Şahidlərin sözlərinə görə, yolda təhlükəli vəziyyət yaranıb.

"Mənim sənədlərimlə bağlı hər şey qaydasındadır. Mən Luqanskdanam və "Sadavod”da işləyirəm. Ancaq mən də polisdən qaçmalı oldum. Ona görə ki, onlar hamını saxlayıb pul alırlar” - deyə özünü Yura kimi təqdim edən şəxs bildirib. Bazarda çox sayda polis avtobusu var. Bazarın çıxışında isə 10 OMON əməkdaşı dayanıb. Bundan əvvəl isə "Belaya daça” bazarında əməliyyat keçirilib. İlkin məlumatlara görə, "Sadavod”da yaxın xarici ölkələrdən olan 600 miqrant saxlanılıb. Onların əvvəllər törədilən cinayətlərlə əlaqəsi öyrənilir.

Bütün bunların siyasi oyunun tərkib hissəsi olduğunu deyən millət vəkili Vahid Əhmədov isə hesab edir ki, miqrantlara qarşı bu basqılar Azərbaycanı Gömrük İttifaqına qoşmaq üçün Rusiyanın həyata keçirdiyi siyasətdir:

"Rusiyada azərbaycanlıların sıxışdırılması elə-belə yox, çox ciddi məsələdir. Bu proses siyasi məsələ olduğu üçün öz həllini tapması xeyli vaxt aparacaq. Son vaxtlar bölgədə baş verən situasiyalara nəzər yetirsək, aydın olur ki, bütün bunların arxasında Rusiya rəhbərliyi dayanıb. Onların məqsədi Azərbaycanı digər MDB ölkələri kimi Avrasiya Birliyi və Gömrük İttifaqına üzvlüyünü təmin etməkdir. Bu isə birmənalı Azərbaycanın dövlət və milli maraqlarına zidd olduğu üçün ölkə başçısı onlara istədiyini vermir. Azərbaycanın müstəqilliyinin qorunub-saxlanılması ilə bağlı Prezidentin mövqeyi birmənalı və dəyişməzdir. O, dövlət müstəqilliyini sonuna qədər qoruyacağına andiçmə mərasimindən sonra da söz verib”.

Miqrantların Rusiyadan qovulmasının arxasında Azərbaycanı küncə sıxışdırmaq və ölkəmizin hər iki ittifaqa üzvlük məsələsinin dayandığını vurğulayan millət vəkilinin sözlərinə görə, deputatların Moskva səfərindən sonra da təzyiqlərin davam etməsi göstərir ki, məsələ yuxarı eşalonda öz həllini tapmalıdır: "Soydaşlarımızın Rusiyada sıxışdırılması bizim üçün hər nə qədər ağır olsa da, əlimizdən bir şey gəlmir. Siyasi məsələ olduğu üçün bir müddət çəkəcək. O vaxta qədər ki, iki ölkə arasındakı siyasi ziddiyyətlər öz həllini tapacaq. Hələ ki, Gömrük İttifaqı məsələsində tərəflər razılaşa bilmədiyi üçün Rusiya təzyiq vasitəsi kimi miqrantlardan istifadə edəcək. Çox təəssüf ki, bu da ölkəmiz və miqrantlarımız üçün yaxşı heç nə vəd eləmir. Bu təzyiqlərdən dolayı insanlar orada min bir əziyyətlə qurduqları ev-eşiklərini, mülklərini atıb gəlmək məcburiyyətində qalır”.

Azərbaycan müstəqilliyinin hər şeydən vacib olduğunu vurğulayan V.Əhmədovun sözlərinə görə, bu və digər məsələ üzündən Rusiyadakı vətəndaşlarımızın ölkəyə qayıtması zərurətə çevrilsə, o zaman 500-600 min, bəlkə də 1 milyon nəfərdən söhbət gedəcək: "Amma nə qədər ağır olsa da, vətəndaşlarımızı qəbul edib, yerləşdirməliyik. Onlara iş verərək, lazım gələrsə ərzaqla da təmin etməliyik. Bu bizim borcumuzdur. Qarabağ müharibəsi zamanı nə qədər qaçqınımız, məcburi köçkünümüz oldu, onları necə yerbəyer etdiksə, bunları da edərik. Üstəlik, indi iqtisadi durumumuz, imkanlarımız daha yaxşıdır. Ancaq bir daha deyirəm ki, problem ciddidir”.