“Nabucco” məqsədinə çata bilmədi

Ona görə də şirkət fəaliyyətinə xitam verdi



Uzun müddətdir böyük müzakirələrə səbəb olan "Nabucco” layihəsi iflasa uğrayıb. Belə ki, "Nabucco” Konsorsium şirkəti fəaliyyətini artıq dayandırıb. Həmçinin şirkətin saytı da http://www.nabucco-pipeline.com bağlanıb. Şirkətin bütün işçiləri işdən azad edilib.

Qeyd edək ki, sözügedən layihənin fiaskoya uğraması ilə bağlı müxtəlif fikirlər səslənməkdədir.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban isə "Şərq”ə açıqlamasında layihənin iflas səbəblərini belə izah edib: "Nabucco” layihə olaraq 2002-ci ildə meydana çıxıb. O zaman Yaxın Şərq qazının Avropaya daşınması kimi qələmə verilirdi. Ancaq onun hədəfləri 2004-cü ildən Türkmən qazı, 2006-cı ildən isə Azərbaycan qazına tuşlandı. 2012-ci ilin fevralında "Nabucco” "Nabucco-West”ə çevrildi. 2013-cü ilin 28 iyununda Azərbaycan həmin variantı seçmədi”.

Mərkəz sədrinin qənaətinə görə, Azərbaycan "Nabucco”nu dəstəkləmədikdən sonra sözügedən layihənin gündəmdə qalması üçün İsrail və Kipr qazı ortaya atıldı: "Amma bu ilin oktyabr ayında keçirilən təkrar qiymətləndirmə Aralıq dənizindəki qaz ehtiyatlarının o qədər də böyük olmadığını ortaya qoydu. Yataqlardakı qaz ehtiyatlarının ehtimaldan 2 dəfə az olduğunu aşkar etdi. Beləliklə də məlum oldu ki, yaxın 10 il üçün Avropaya bu bölgədən qaz daşımaq üçün heç bir yeni infrastruktura ehtiyac duyulmur. Zənnimcə, məhz bu səbəbdən "Nabucco” layihəsi iştirakçıları Vyanadakı ofislərini bağlamaq qərarına gəliblər”.