Kürdəmirdə amansız zorakılıq...

İt damında yatmağa məcbur edilən gəlin ailəsindən ayrılmaq istəmir



Kürdəmir rayonunda qadına qarşı şiddətli zorakılıq faktı aşkarlanıb. "Təmas” Regional İctimai Birliyinin sədri Südabə Məmmədova virtualaz.org saytına açıqlamasında Kürdəmirdə baş vermiş müdhiş hadisə barədə danışıb.

Hüquq müdafiəçisi bildirib ki, zorakılığa məruz qalmış qadın hazırda Gəncə şəhərindəki sığınacaqda qalır. Hadisənin təfərrüatını öyrənmək üçün dünən S.Məmmədova ilə əlaqə saxladıq. Birlik sədri "Şərq”ə açıqlamasında bildirdi ki, sözügedən hadisə 2 il əvvəl - 2011-ci ildə baş verib. Bəs hadisə barədə niyə 2 il sonra məlumat açıqlanıb və qadın niyə indi sığınacağa gəlib? S.Məmmədovanın dediklərinin özü də bizim üçün heyrətli oldu:

- 2 il əvvəl baş vermiş hadisə barədə qadın bizim sığınacağa gələndən sonra məlumatlı olduq. Qadın özü evdə başına gətirilənlərdən danışdı. Dediyinə görə, qapılarındakı itə vaxtında yemək verə bilməyib. Buna görə onu döyərək itlə birgə it damında yatmağa məcbur ediblər. Ancaq qadın bildirdi ki, bu zorakılığı ona qarşı həyat yoldaşı deyil, qaynı edib. Qadının sözlərindən belə məlum olur ki, ailənin qəribə "qanunları” var. Gəlin qayınatanı, qayınları çimizdirməlidir. Həyat yoldaşlarının qoyduğu qaydaları pozan gəlinlərə sözün həqiqi mənasında zülm verirlər. Qaynı öz həyat yoldaşına qarşı da zorakılıq tətbiq edir.

Zorakılığa məruz qalmış qadının 2 ildən sonra sığınacağa üz tutmasının səbəbi nədir?

S.Məmmədova qeyd etdi ki, qadın evdən qovulduğu üçün sığınacağa gəlib. Evdən qovulmasaydı, bu hadisə barədə məlumatlı olmayacaqdıq, qadın da, digər gəlinlər kimi işgəncələrə dözüb ailədə, evdə qalacaqdı:

- Sabah (bu gün -red.) onların boşanma məsələsinə baxılacaq. Boşanma üçün məhkəməyə müraciət edən də kişidir. Qadın isə ərindən boşanmaq istəmədiyini deyir. Deyir, balalarım var, neyləyəcəm?! Ərindən çox da narazılıq etmir. Əsasən qaynının onunla pis davrandığını deyir. Görünür, ərini pisləmək, günahlandırmaq istəmir. Ailəsinə qayıtmaq istəyir. Bu, ilk belə hadisə deyil. Azərbaycan qadınlarının çoxu belədir. Həyat yoldaşları nə qədər qəddarlıq, zorakılıq etsə də, yenə də ailədə qalmağı, boşanmamağı üstün tuturlar.

S.Məmmədova məhkəmə prosesində iştirak edəcəklərini və qadına hüquqi yardım göstərəcəklərini də bildirdi.

S.Məmmədova qeyd etdi ki, qadın psixoloji sarsıntı keçirib, qorxub. Durumu hələ də yaxşı deyil. Hazırda sığınacaqda yaşayır. Bununla belə qadın psixoloji və fiziki təzyiqlərlə bağlı hüquq-mühafizə orqanlarına şikayət etmək istəmir. Hətta birlik sədrindən hadisəni gizlətməsini, xəbəri yaymamasını xahiş edib:

- Getməyə yeri olmadığından ailəsinə geri dönməyə, yenə də bu şəraitdə yaşamağa razıdır. Çünki sığınacaq evindən çıxandan sonra iki azyaşlı övladı ilə küçədə qalmaq məcburiyyətindədir. Qadın evdən qovularkən azyaşlı uşaqlarını ona verməyiblər. Lakin sonradan həyat yoldaşı və qaynı evdə olmayanda uşaqlarını götürə bilib. Amma ata uşaqların sənədlərini vermir. Buna görə də rayon hüquq-mühafizə orqanlarından kömək istəyəcəyik”.

S.Məmmədova qadınların məlumatsızlığından da şikayətləndi: "Dəfələrlə belə hadisələrlə rastlaşırıq. Qadın söyülür, döyülür, əlil olur, amma şikayət etməkdən çəkinir. Hətta həyat yoldaşı ilə barışıb yenidən eyni həyatı yaşayır. Çünki bölgələrdə qadınların işlə təminatında ciddi problemlər var. Üstəlik, həyat yoldaşından ayrılan qadınlara qarşı münasibət birmənalı deyil”.

"Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova isə "Şərq”ə açıqlamasında hüquq-mühafizə orqanlarının fakt üzrə cinayət işi açmalı olduğunu dedi:

- Nə vaxt baş verməsindən asılı olmayaraq bu hadisə qadına qarşı zorakılıq və işgəncə faktıdır. Konkret olaraq bir insanın şərəf və ləyaqəti alçaldılıb. Heç ibtidai icma quruluşunda da qadına bu cür münasibət olmayıb. Biz hansı dövrdə yaşayırıq ki, insanı it damına qatıb heyvan kimi yaşamağa məcbur edəsən?! Yemək də verməyəsən. Burada zorakılığın bütün formaları özünü göstərir; fiziki, psixoloji, iqtisadi, sosial zorakılıq. Zorakılıqdan əlavə işgəncə faktı da var. Bu isə konkret cinayət əməlidir. Ona görə də hüquq-mühafizə orqanları məsələyə mütləq müdaxilə etməlidir və zorakılıq edən şəxs cəzalandırılmalıdır. Azərbaycanda "Məişət zorakılıtı haqqında” qanun qəbul edilib. Amma qanunda məişət zorakılığı törədənlərə qarşı cinayət məsuliyyəti nəzərdə tutulmur. Sadəcə, profilaktik tədbirlər və mühafizə orderi nəzərdə tutulur. Hesab edirik ki, bu məsələ mütləq öz həllini tapmalıdır və Cinayət Məcəlləsinə məişət zorakılığı ilə bağlı xüsusi maddə əlavə olunmalıdır. Hətta hazırda belə bir maddə yoxdursa da, hüquq-mühafizə orqanları Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq konvensiyaları rəhbər tutaraq hadisəyə hüquqi qiymət verməlidirlər.