"Banklar dolları məzənnəsindən yüksək qiymətə satır" - "Qara bazar"




"Bankların dollar satmaması qeyri-qanuni deyil”.

Bunu Sherg.az-a son aylarda bankların dollar satışını dayandırmasına münasibət bildirərkən iqtisadçı-ekspert Fuad İbrahimov deyib. 

O bildirib ki, banklar bu addımını satışda valyuta olmaması ilə əsaslandıra bilər:

"Bu, təbiidir. Digər tərəfdən Mərkəzi Bank məzənnə təyin edirsə, bu, o demək deyil ki, banklar həmin məzənnə ilə dollar alıb-satmalıdırlar. Valyutanın satılmasının müəyyən olunmuş faiz dərəcəsi var. Bu 4 faiz müəyyən olunmuşdur. Həmin faizin aşağı-yuxarı nisbətində banklar alış-satış edə bilərlər. Ancaq birdən-birə dolların satılmasında 30-40 faiz baha qiymət tətbiq etmək "qara bazar”ın funksiyasını həyata keçirmək anlamına gəlir. Buna spekulyasiya deyilir. Belə məqamla bağlı şikayətlər hüquq-mühafizə orqanlarına daxil olarsa, dərhal tədbir görülməlidir”.

Qeyd edək ki, son aylarda bəzi kommersiya banklarının dollar satışını dayandırması əhalidə narahatlıq yaradıb. Hətta vəziyyət o həddə çatıb ki, bəzi banklar müraciət edən vətəndaşlara dollar satışını dəfələrlə yüksək qiymətə təklif edirlər.

Ayyət Əhməd