Politoloq: Zelenski-Tramp görüşü danışıqların başlanğıcı kimi qiymətləndirilməlidir

 Bu tip görüşlər müharibəni bitirən yox, onu idarə edən diplomatik alətlər funksiyasını yerinə yetirəcək

Qlobal siyasətin əsas gündəminə çevrilən Ukrayna müharibəsi ətrafında diplomatik proseslər yenidən diqqət mərkəzinə gəlib. ABŞ-ın sabiq prezidenti Donald Tramp ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında Floridada baş tutan görüş münaqişənin mümkün həlli ilə bağlı ümidləri artırsa da, tərəflər arasında dərin strateji ziddiyyətlərin qalmaqda olduğu aydın görünür. Ərazi məsələləri, təhlükəsizlik təminatları və Rusiyanın irəli sürdüyü sərt şərtlər fonunda sülh perspektivləri hələ də qeyri-müəyyən olaraq qalır və beynəlxalq ictimaiyyət bu təmasların real nəticələrini ehtiyatla izləyir.

Qeyd edək ki, Florida ştatındakı Mar-a-Laqo iqamətgahında ABŞ və Ukrayna prezidentləri Donald Tramp və Volodimir Zelenski arasında görüş olub. 

Söhbət iki saatdan çox çəkib. Sonra onların Avropa liderləri ilə videokonfrans vasitəsilə görüşü baş tutub. Prezidentlər mətbuat konfransı keçiriblər. Görüşdən sonra Tramp ərazi məsələsinin Ukraynadakı münaqişənin həlli üzrə danışıqlarda həll olunmamış məsələlərdən biri olduğunu bildirib.Tramp həmçinin Rusiyanın Ukraynanın yenidən qurulmasında iştirak etməyə hazır olduğunu bildirib: “Rusiya Ukraynanın çiçəklənməsini istəyir. O, Ukraynanın yenidən qurulmasında iştirak etməyə hazırdır”. 

Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Zaporojye Atom Elektrik Stansiyası (AES) məsələsinə fə toxunulub. Rusiya AES-in Ukrayna üçün də əlçatan olmasını istəyir: “Putin mənə dedi ki, Zelenski ilə birgə görüşün baş tutmasını istərdi. Vaxtı gələndə belə bir görüş olacaq”. 

O, həmçinin bildirib ki, hər şey yaxşı olarsa, razılaşmanın qalan kiçik hissəsinin həlli bir neçə həftə çəkəcək.

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov isə “Sherg.az” a açıqlamasında bildirib ki, Zelenski ilə Tramp arasındakı görüş Ukrayna müharibəsinin taleyinə dair gözləntiləri artırsa da, prosesə realist yanaşma daha məqsədəuyğundur. Politoloqun sözlərinə görə, tərəflər müharibənin dayandırılması ideyasında formal olaraq maraqlı görünsələr də, sülhün məzmunu və mexanizmləri ilə bağlı ciddi fikir ayrılıqları qalmaqdadır:

“Xüsusilə Rusiya tərəfindən davam edən genişmiqyaslı hava hücumları danışıqlar üçün siyasi fonu daha da ağırlaşdırır və kompromis imkanlarını daraldır. Zelenskinin mövqeyi əsasən təhlükəsizlik zəmanətləri, ərazi bütövlüyünün tanınması və Qərbin hərbi-siyasi dəstəyinin davamlılığı üzərində qurulub. Tramp isə daha praqmatik və transaksion yanaşma nümayiş etdirir: müharibənin ABŞ üçün maliyyə yükünün azaldılması, Avropanın məsuliyyətinin artırılması və “sürətli razılaşma” görüntüsü onun prioritetləri sırasındadır. Bu iki yanaşma arasında struktur fərqi var və bu fərq görüşdən dərhal konkret nəticə çıxmasını çətinləşdirir. Danışıqlardan real olaraq gözlənilən əsas nəticə müharibənin dərhal dayandırılması yox, mümkün çərçivə razılaşmalarının konturlarının müzakirəsidir. Atəşkəsə aparan yol xəritəsi, diplomatik kanalların aktivləşdirilməsi və tərəflərin “qırmızı xətlərinin” bir daha dəqiqləşdirilməsi daha real ssenari kimi görünür. Bununla yanaşı, Trampın Ukrayna siyasətində ton dəyişikliyi ehtimalı Kiyev üçün əlavə strateji risklər yaradır. Beləliklə, Zelenski–Tramp görüşü həlledici an kimi təqdim olunsa da, daha çox uzunmüddətli danışıqlar mərhələsinin başlanğıcı kimi qiymətləndirilməlidir. Mövcud hərbi reallıqlar dəyişmədikcə, bu tip görüşlər müharibəni bitirən yox, onu idarə edən diplomatik alətlər funksiyasını yerinə yetirəcək”.