"Azərbaycanda turizmin inkişafı üçün iqtisadiyyatda rəqabətli mühit yaradılmalı, qiymətlər və xidmətlər əlçatan olmalıdır”.
Bunu Sherg.az-a Azərbaycanda aprel ayından etibarən başlayacaq "ərəblərin axını”nın iqtisadi faydalarını şərh edərkən iqtisadçı ekspert Nazim Bəydəmirli deyib.
O bildirib ki, hər bir ölkə turizmin inkişafı baxımından xarici ölkə vətəndaşlarını ölkəsində qəbul etməyə maraqlıdır:
"Bu otelçilik biznesinə, turizmə avtomobil icarəsinə, əyləncə mərkəzlərinə, muzeylərin gəlirlərinə müsbət təsir edir. Ona görə, istənilən ölkədən turistin gəlməsi üçün ölkədə iqtisadi şərtlər müvafiq olmalıdır. Əgər həftədə bir dəfə, ya da bir-neçə gündən bir təyyarə relsləri baş tutursa, bunu turist axını adlandırmaq olmaz.
Bütün reallıqları nəzərə aldıqda Azərbaycanı turizm ölkəsi adlandırmaq hələ tezdir. Ona görə, turizmin axınını təşkil etmək üçün əksər ölkələrlə ilkin olaraq viza maneəsi aradan qaldırılmalıdır. Turizm infrastrukturunun əlçatanlığı, aşağı ulduzlu otellərin çox olması kimi tədbirlər vacibdir.
Turizmi səciyyələndirən amillərdən biri də ölkədə qiymətlərin, xidmətlərin əlçatanlığıdır. Bu məsələdə təəssüf edirəm ki, digər qonşu ölkələrdən, məsələn elə qonşumuz Gürcüstandan müqayisə olunmaz dərəcədə geri qalmışıq. Qeyd edim ki, 7 milyon nəfərə yaxın ötən il Gürcüstana turist gəlib. Ciddi məsələdir ki, niyə Azərbaycan bu aktivlikdən geri qalıb. Avropa ilə viza sisteminin ləğvindən sonra Gürcüstana turistlər daha çox gələcək. Bu mənada hesab edirəm ki, Azərbaycan hökumətinin qarşısında duran əsas vəzifə ölkədə iqtisadi vəziyyəti normal hala gətirməkdir ki, ölkədə rəqabət mühiti dirçəlsin. Bu sahədə çalışanlar daha da artsın, rəqabətdə də qiymətlər optimallaşdırılsın”.
Azərbaycanın millətindən asılı olmayaraq, istənilən turisti qarşılamağa hazır olduğunu bəyan edən N. Bəydəmirli əlavə edib ki, ölkə turizmin inkişafına dəstək üçün qonşu ölkələrlə viza məsələsini də qaydaya salmalıdır:
"Xoş niyyətlə, Azərbaycana gələn hər kəs xoş gəlir. Bizim 35 milyondan çox vətəndaşımız İrandadır. Onlar Azərbaycana viza alıb, gəlməkdə çətinlik çəkir. Gürcüstan İrana qarşı viza rejimini aradan qaldırıb. Əksər ölkələrə viza tətbiq olunması hökuməti qayğılandırmalıdır. Bu, ən mühüm bariyerdir”.
Qeyd edək ki, Azərbaycanda ilk dəfə olaraq, bu il aprelin 10-dan mayın 10-dək Bakıda keçiriləcək Birinci Şopinq Festivalının, eləcə də ondan sonra keçiriləcək "Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları, "Formula 1" yarışının baş tutacağı tarixlər üçün hotellərdə yerlərin bronlaşdırılmasına hələ martdan başlanılıb.
Aysel Aslan