Kiyev qana boyanıb

Son məlumatlara görə, küçə savaşlarında 100 nəfər ölüb


Kiyevdə irimiqyaslı küçə iğtişaşları qanlı hadisələrlə müşayiət olunur. Avrointeqrasiya tərəfdarları ilə Yanukoviç hakimiyyəti arasındakı qarşıdurma hər keçən gün daha da şiddətlənir. Kiyevdəki hadisələr artıq vətəndaş müharibəsinə çevrilməkdədir. Olaylar belə davam edərsə, Ukrayna Suriyanın gününə düşəcək. Qeyd edək ki, Ukraynada qanlı qırğınlar dünən də gün ərzində davam edib. Son məlumatlara görə, iğtişaşlarda 100-dən çox adam ölüb, ümumilikdə 800-ə yaxın adam zərər çəkib.

Müxalifət idarəetmənin parlament-prezident formasına qayıtmağa, 2004-cü il Konstitusiyasını bərpa etməyə çağırıb. Radikallar Kiyevin mərkəzində binalara soxulub, avtomobil təkərlərinə od vurub, maşınlara və milis işçilərinə "Molotov kokteyli” atıblar. Milisin məlumatına görə, müxalifət ilk dəfə odlu silah tətbiq edib.

Kiyev Şəhər Dövlət Administrasiyasının rəhbəri Vladimir Makeyenko kütləvi iğtişaşlardan sonra hakim Regionlar Partiyasının üzvlüyündən çıxmaq qərarına gəlib. O bildirib ki, heç bir hakimiyyət insan ölümünə dəyməz: "Mənim ali məqsədim ukraynalıların həyatını qorumaqdır. Ukrayna xalqı mənə etimad göstərdiyi müddətdə səlahiyyətlərimi icra edəcəyəm”.

"UDAR” partiyasının lideri Vitali Kliçko Ukrayna prezidenti Viktor Yanukoviçi qan tökülməsini dayandırmaq üçün bir daha növbədənkənar prezident seçkilərinə getməyə çağırıb. Eyni zamanda ukraynalılara müraciət edən Kliçko deyib: "Əziz ukraynalılar! Bu gün həlledici gündür. Qan tökülür. Hakimiyyət bütün dünyanın gözü önündə qan tökülməsi üçün provakasiyalara rəvac verir. Silahlanmış cinayətkarlar küçələrdə insanları döyərək, bununla vətəndaşların əks müqavimətini nümayiş etdirmək istəyirlər. Amma bu planlar baş tutmayacaq. Biz ilk növbədə bunları etməliyik: Birincisi, Ali Radanın deputatları təcili saat 13-də parlamentə yığışıb böhrandan çıxış yollarını qəbul etməliyik. İkincisi, prezident Yanukoviç növbədənkənar prezident seçkilərinə getməlidir. Bu indi zorakılığın dayandırılması üçün yeganə çıxış yoludur”. O, ukraynalıları daha da sıx birləşməyə də çağırıb: "Öz həyatınızın, sağlamlığınızın və varlığınızın müdafiəsi üçün birləşin! Qonşularınızla və dostlarınızla birlikdə küçələrdə dərəbəyliyə son qoyun. Biz qan axıdılmasını dayandırmağa borcluyuq”.

Nümayişçilər Ali Radanın

binasına daxil olmağa çalışıblar

Ukrayna Ali Radasının bütün əməkdaşları və deputatlar binadan evakuasiya olunurlar. Ukrayna parlamentinin mətbuat xidmətinin yaydığı məlumatlara görə, dünəndən evukuasiya işlərinə başlanılıb. Hər kəs binanı tərk edir.

Qeyd edək ki, nümayişçilər Kiyevin mərkəzində daxili qoşunların 100-ə yaxın döyüşçüsünü girov götürüblər. "Ukrainskie novosti” xəbər verir ki, nümayişçilər girov götürülənləri "Kiev komendaturası” yazılan xüsusi çadırlara yerləşdirirlər. Daxili qoşunların döyüşçüləri Maydan fəallarına təhlükəsizliklərinə zəmanət verildikdən sonra təslim olublar.

Günortadan sonra "Berkut” xüsusi təyinatlılarının kiçik qrupu etirazçıları Oktyabr sarayından İnstitut küçəsi ilə Müstəqillik meydanına tərəf sıxışdırmağa başlayıb. İnstitut küçəsində 3 minə yaxın nümayişçi var. "Berkut” Olqinski küçəsinə çəkilib və gözyaşardıcı qaz qumbaralarından istifadəni davam etdirirlər.

Onu da deyək ki, yerli vaxtla təxminən saat 09:00-da nümayişçilər mütəşəkkil dəstələrlə hücuma keçərək Oktyabr sarayını tutublar. Bundan əvvəl hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı zəhərli maddə tətbiq edilməsinə dair məlumat yayılmışdı. DİN-in mətbuat katibi Sergey Burlakov yerli televiziyanın efirində bildirib ki, bunun hansı maddə olduğu hələlik aydınlaşdırılır. Yol polisinin əməkdaşları Kiyevin mərkəzi küçələrində yolları nəzarət altına alıblar.

Ukraynada baş verənlər dövlət çevrilişi və ya hökumətin güclə ələ keçirilməsi cəhdindən xəbər verir”.

Bu barədə Rusiya XİN rəsmisi Aleksandr Lukaşeviç bəyanat verib:

"Şübhə yoxdur və bu, bir daha göstərir ki, bugünkü hadisələr, xüsusən döyüşçülərin daha geniş şəkildə odlu silahdan istifadəsi açıq şəkildə dövlət çevrilişinə cəhd yaxud hakimiyyətin güc yolu ilə ələ keçirilməsindən xəbər verir”. Bu arada, ABŞ-ın Ukraynada terrorizmi maliyyələşdirməsinə dair atılan replikalara ABŞ-ın Rusiyadakı səfiri reaksiya verib. Səfir "tvitter”də bu fikri səsləndirən izləyicilərindən birinə "yalandır” cavabını yazıb.

Yanukoviçin səlahiyyətli nümayəndəsi Yuri Pavlenko Kiyevdə baş verən zorakılığa görə istefa verib. O, paytaxtda baş verən zorakılığı, hakimiyyətin qeyri-adekvat gec tətbiqin kəskin tənqid edib. Eks-prezident Kuçma isə Ukraynanın 2004-cü il Konstitusiyasına dönüşünü dəstəklədiyini bildirib: "Ukraynada heç zaman şah olmayıb və olmayacaq da”.

Kiyevdəki toqquşmalarda xəsarət alan azərbaycanlı yoxdur

Kiyevdəki Azadlıq meydanında baş verən qarşıdurmada Ukraynanın 5-ci kanalının əslən azərbaycanlı müxbiri Azad Səfərov xəsarət alıb. Bu barədə Modern.az-ın sorğusunu cavablandıran Azərbaycanın Ukraynadakı səfirliyinin birinci katibi Sabir Rzayev bildirib ki, səfirlik olaraq Ukraynadakı Azərbaycan vətəndaşlarına qarşıdurmanın olduğu yerə getməmələri tövsiyə olunub. "Məlumatları biz də mətbuatdan alırıq. Şəhərin mərkəzində etirazçılarla hüquq-mühafizə orqanları arasında qarşıdurma var. Eşitdiyimiz qədər müəyyən silahlar da tətbiq olunur. Azərbaycan səfirliyi olaraq Ukraynanın daxili işlərinə qarışmırıq, biz də hadisələri kənardan izləyirik”.

Sabir Rzayev onu da bildirib ki, qarşıdurmalarda xəsarət alan, yaralanan azərbaycanlılarla bağlı hələ ki, heç bir rəsmi məlumat daxil olmayıb. "Azərbaycanın Ukraynadakı səfirliyi öz iş rejimində fəaliyyət göstərir. Qarşıdurmalarda Azərbaycan vətəndaşlarının xəsarət alması, yaralanması ilə bağlı hələ ki, heç bir rəsmi məlumat daxil olmayıb”.

Şəymən