3368

Xaricə saxta yolla təhsil almağa gedən gənclərin qarşısını ilk növbədə valideynlər almalıdır


Əvvəllər xarici ölkələrin ali məktəblərində təhsil almaq həsəd doğuracaq qədər əlçatmaz hesab olunurdu. Xaricdə təhsil yenə də nüfuzlu sayılsa da, amma artıq o qədər də əlçatmaz deyil. İndi əldə edilmiş sərbəstlik azərbaycanlıların bu imkanlarını da genişləndirib. Artıq hər kəs öz övladını xarici ölkənin ali məktəbində oxutdura bilər. Təbii ki, dövlət xətti ilə xarici ölkədə təhsil almağa getmək elə də asan başa gəlmir, çünki bu zaman tələbələrdən yüksək biliyin olması, xarici dili yüksək səviyyədə bilmək tələb edilir.

Amma bu tələblər heç də bütün xarici məktəblər üçün əhəmiyyətli sayılmır. Bəzi məktəblər Azərbaycanın ali məktəblərinə keçirilmiş qəbul imtahanlarında aşağı bal toplayan, bilik göstəriciləri zəif olan uşaqları da fərdi yolla qəbul edir. Burda isə abituriyentdən tələb olunan əsas şərt yüksək təhsil haqqının ödənməsidir. Təbii ki, uşağını oxutdurmaq üçün hər şeyə razı olan azərbaycanlılar üçün də "pulunu ödə, oxu” prinsipi çox gözəl fürsətdir.

Qeyd edək ki, TQDK sədri Məleykə Abbaszadə imtahansız xarici universitetlərə qəbul olmaq məsələsinə aydınlıq gətirib. Valideynlər və abitruyentləri işbazların toruna düşməməyə çağıran Komitə sədri deyib ki, bəzən avtobusların üzərindəki reklamlarda "xaricdə imtahansız təhsil” kimi yazılara rast gəlmək olur. Təhsil prosesini imtahansız təsəvvür etməyin mümkün olmadığını qeyd edən M.Abbaszadə bu kimi məsələlərdə valideynlərə və abituriyentlərə ehtiyatlı olmağı məsləhət görüb.

Ekspertlər də bu üsulla qəbulun qanunsuz olduğunu, qeyri-ciddi və kommersiya məqsədi daşıdığını deyir. Onların fikrincə, son illər xaricdə təhsil bir növ dəbə çevrilib. Hətta universitetə hazırlaşan abituriyentlərdə belə bir arxayınlıq yaranıb: "Əşi, universitetə girə bilməsəm, imtahansız-filansız gedib xaricdə oxuyacağam”. Komitə sədrinin də qeyd etdiyi kimi metro və telekanallarda, internetdə xaricdə imtahansız təhsillə bağlı reklam lövhələri şagirdləri oxumaqdan soyudur. "Qəbul imtahanlarında iştirak edib yetərincə bal toplaya bilməmisiniz? Elə isə narahat olmağa dəyməz! Biz istədiyiniz xarici ölkənin ali məktəblərinə imtahansız qəbul olmağınıza şərait yaradırıq və buna 100 faiz zəmanət veririk”. Belə olan halda, di gəl oxu görüm, necə oxuyursan?

İmtahansız təhsil bizə yaramır

Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev imtahansız universitetə daxil olmağı normal hesab etmir: "Ola bilər ki, oraya müraciət edən şagirdlər gedib orada oxusun, sadəcə, dinləyici kimi olsun. Bitirdikdən sonra ona diplom deyil, sertifikat versinlər ki, bu adam həqiqətən orada dinləyici olub. Bu sistem keçmiş vaxtlarda da olub. Amma Türkiyədə belə imtahansız qəbulun olması məni təəccübləndirir. Qaldı ki, belə halların Rusiya, Ukrayna və Dubayda olmasına, buna təəccüblənmirəm. Mənim yaxın tanıdığım bir adam var, o, universiteti

bitirəndə universitetin rektoru qəzaya uğradı və diplom ala bilmədi. Ukrayna ilə bağlı bu cür reklamı eşidib və müraciət edib. Ona deyiblər ki, sən öncədən 3000 manat verməlisən, sorğu-sualda iştirak edəcəksən. Amma sonrakı sorğu-sual da necə olacaq, hələ bilinmir. Buradan belə nəticə çıxır ki, onlar adamları cəlb edib yığırlar, sonra onlar üçün sərfəli olan, hansı yollarla xaricdə təhsil almağa cəhd göstərənləri və s. toplayırlar. Mən bu kimi təhsil təklif edənlərin fəaliyyəti ilə dərindən tanış deyiləm və onların işlərini effektli hesab etmirəm. Əvvəla, hər bir dövlətin öz qayda-qanunu var, Azərbaycanın da həmçinin. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından keçmədən universitetə qəbul olmaq olar, hətta xaricə də getmək olar. Amma imtahan dəyərləndirmədir, biliyi meydana çıxarmadır. Sənin biliyin ortaya çıxmadan, necə xaricdə ali məktəbə qəbul ola bilərsən? Axı bunun məntiqi yoxdur. Ona görə də bu cür məsələlər ciddi və qanuni deyil. Ağıllı-başlı oxuyan gənclər buna aldanmasınlar!”

İqtisadçı Rövşən Ağayev hazırda azərbaycanlı gənclərin xaricdə imtahansız təhsilinin təşkilini avantüra hesab edir. Ekspertin fikrincə, Azərbaycanda yalnız universitetlər reytinq əsasında fəaliyyət göstərdiyi halda, təhsilin keyfiyyəti yüksək olduğu zaman Azərbaycanda ali məktəblərə imtahansız qəbul mümkündür: "Orta məktəb qiymətləri ilə mərkəzləşmiş imtahanlardan keçib ali məktəblərə seçim etməyin tərəfdarıyam, lakin hələ biz buna hazır deyilik. Rusiya bu sistemə keçib və sürətlə iflasa uğramaqdadır. Təsəvvür edin, TQDK olmasa, pul hesabına savadsız gənclər ali məktəbləri başa vuracaq, cəmiyyətdə rüşvət halları daha da artacaq. Bu baxımdan hələlik belə bir qurumun fəaliyyəti vacibdir. Rektorları təyinat əsasında yox, Qəyyumlar Şurası tərəfindən seçildikdə, universitetlər muxtariyyət qazandıqda, tələbələr universiteti reytinq və biliyinə uyğun seçdikdə, ali təhsil müəssisələrinin dünya miqyasında reytinqi yüksək olduqda və sair bu kimi proseslərdən sonra Azərbaycanda bu məsələ reallaşa bilər. Bizim universitetlərin beynəlxalq akkreditasiyası keçirilsə, əminəm ki, əksəriyyətinin fəaliyyəti qənaətbəxş olmayacaq. Proses oradan başlamalıdı ki, təhsil bazarında layiq olan universitetlər fəaliyyət göstərsin. Hazırda xaricdə ali məktəbə qəbul olanların 40 faizi təhsilini başa vura bilmir, çünki tədrisə ağır şərtlər qoyulur və bilik səviyyəsi çatmır. Özünə hörmət edən universitet savadsız uşağın təhsilinə imkan verməz”.

Valideynlər, ehtiyatlı olun!

R.Ağayev də xaricdə təhsil məsələsində valideynləri son dərəcə diqqətli olmağa çağırıb: "Xaricdə təhsili təşkil edən qurumlar beynəlxalq miqyasda diplomu tanınan universitetlərə də təşkil edə bilirmi? Valideynlər bu məsələdə son dərəcə ehtiyatlı olmalıdır. Universitetə qəbul olduqdan sonra tədrisə həddən artıq ağır şərtlər qoyulursa, tələbə o universiteti başa vura bilməyəcək və valideynin ödədiyi təhsil haqları batacaq. Ona görə də vətəndaşlarımızı bu cür avantüralardan uzaq olmağa çağırıram”.

Şəymən