Turan aşiqi

Əlibəy Hüseynzadə dünya türklərinin mənəvi, iqtisadi-siyasi birliyinin əsas ideoloqudur



"Ucundadır dilimin, həqiqətin böyüyü. Nə qoydular deyəyim, nə kəsdilər dilimi”. Bu yanıqlı, insanı öz varlığından edən sözləri yalnız sinəsində ulu Turan eşqi döyünən biri, bütün türk dünyasının tayı-bərabəri olmayan düha, ensiklopedik biliyə sahib universal alim, ideoloq Əlibəy Hüseynzadə (1864-1940) yaza bilərdi.

Turana gedən yol...

Çünki onun damarlarında axan sadə qan deyil, obrazlı şəkildə desək, min illərin həsrəti, türklərin qəhrəmanlıq savaşı və vahid türk dünyasının həsrəti idi. Onu azadlıq mücadiləsinə səsləyən bu həsrət ömrü boyu Ə.Hüseynzadəyə rahatlıq vermədi. Alimin türkçülük və Turan eşqi ilə yazdığı hər söz düşmənə top atəşindən daha dəhşətli təsir göstərirdi. Buna görə də, düşmənləri ona təzyiq edir, sındırmağa və azadlıq mücadiləsindən döndərməyə çalışırdılar. Amma istəklərinə nail ola bilmirdilər. Çünki Ə.Hüseynzadə bütün varlığı ilə Turan deyə hayqırır, türk-islam dünyasını birliyə çağırırdı. Onu yaxından tanıyan milli mücadilə yoldaşlarından biri mütəfəkkir haqqında belə deyirdi: "Susamış insanlar bir damcı suya canlarını verməyə hazır olduqları kimi, Ə.Hüseynzadə də türkün azadlığı və ulu Turan üçün susamışcasına can verməyə hazır idi. Onun yanğısı parçalanmış və əsarətə düşmüş şanlı türk-islam dünyasının birliyi və vəhdəti idi”. Ə.Hüseynzadə milli ideologiyamızın əsaslarının qoyulmasına xidmət edən və mənəvi oyanışımızda bu günə kimi əhəmiyyətini qoruyub saxlayan "Türklər kimdir və kimlərdən ibarətdir?” məqaləsində də qətiyyətlə vurğulayırdı ki, "türklər yalnız birləşmək yolu ilə məhv olmaqdan xilas ola bilərlər. Ona görə də, bu məsələdə son qayəmiz ulu Turan olmalıdır”.

Türkçülüyün ən mübariz carçısı

Ə.Hüseynzadə "Kaspi” (1881-1919) qəzetində yazdığı məqalələrində türkçülük ideyalarının təbliğini önə çıxararaq cəsarətlə çarizmin milli xalqları ətalət və əsarət altında saxlamasını ifşa edirdi. Bu baxımdan "Kaspi” qəzetində onun tərəfindən dərc edilən "Gənc türkçülük nədir?” adlı məqaləsi, o dövrün ziyalıları arasında böyük əks-sədaya səbəb oldu. O bu məqaləsi ilə Azərbaycanda türkçülük ruhunu dirçəltdi və onu yeni müstəvidə bərpa edərək, ümummilli ideyaya təzə nəfəs gətirdi. Ə.Hüseynzadə yalnız rusdilli "Kaspi” qəzetində deyil, həm də Azərbaycan dilində nəşr edilən "Füyuzat” (1906-1907) və onlarla digər qəzet və jurnalda türkçülüyü təbliğ edən məqalələrlə çıxış edirdi. O, Azərbaycan türklərinə üz tutaraq "Biz tatar deyilik, biz türkük” deyirdi və bunu başqalarına da dedizdirirdi. Dahi mütəfəkkir əlinə keçən hər vasitədən, fürsətdən istifadə edərək türklərin kimliyini onlara anladırdı. Çağdaş Amerika tarixçisi Tadeuş Svyatoçovski doğru olaraq qeyd edirdi ki, "XX əsrin əvvəllərində türk xalqlarına kimliyini bildirən bir nəfər vardısa, o da Əli bəy Hüseynzadə idi”. Ə.Hüzeynzadə və onun məslək yoldaşları tərəfindən nəşr edilən "Həyat” qəzeti (1905-1906) XX əsr ictimai-siyasi və ədəbi-fəlsəfi fikir tariximizdə əvəzsiz xidmətlər göstərdi. "Həyat” qəzeti türkçülüyün və ortaq türk ədəbi dilinin təbliğində böyük rol oynadı. Günümüzdə belə aktuallığını qoruyub saxlayan türk xalqlarının ortaq dili məsələsi ilk dəfə məhz "Həyat”da gündəmə gətirildi. Ümumtürk ədəbi dil konsepsiyasını ortaya qoyan və bu ideyanı praktiki baxımdan öz əsərlərində işlədən və müdafiə edən isə təbii ki, görkəmli filosof Ə.Hüseynzadə idi. Filologiya üzrə fəlsəfə doktoru, Əməkdar müəllim Əsgər Quliyev yazır ki, Ə.Hüseynzadənin ortaq türk dili konsepsiyasında əlifba məsələsi də xüsusi yer tuturdu: "O, ərəb əlifbasının dəyişdirilməsinin qəti əleyhdarı idi. Ə.Hüseynzadə ərəb əlifbasının dəyişdirilməsi ideyasının türk xalqlarının mədəni inkişafına zərbə olacağı qənaətində idi. Bu ideyanın ortaya atılmasında rus "barmağının” olduğunu düşünürdü. XX əsrdə Azərbaycanda aparılan əlifba "islahatları” bu böyük maarifçinin nə qədər haqlı olduğunu təsdiqlədi”. Türk düşmənlərinin təzyiqləri nəticəsində fəaliyyətinə son qoyulan "Həyat” qəzeti Azərbaycanda milli ideyaların, ortaq türk dilinin, türk-islam birliyinin və türkçülüyün təbliğində böyük bir məktəb funksiyasını həyata keçirdi.

Mustafa Kamal Atatürkün ilham aldığı ideoloq

Türkçülüyün banisi kimi qələmə verilən Ziya Göyalp əslində Ə.Hüseynzadənin dediklərini və irəli sürdüyü ideyalarını mənimsəyərək, özünü bu yolun mübarizi kimi qələmə verib. Bəlkə də bundan dolayıdır ki, Z.Göyalp türk dahisi Ə.Hüseynzadəni öz müəllimi kimi qələmə verirdi. Ədəbiyyatşünas və dilçi-professor Əhməd Cəfəroğlu Ə.Hüseynzadəni "Türklüyün imamı”, professor Turan Yazqan isə onu bütün türk dünyasının "Dədə Qorqudu” adlandırırdı: "Ə.Hüseynzadə Turan, doğulduğu, yaşadığı, çalışdığı yerlərə baxmayaraq bütün türk dünyasının mücahididir”. Tanınmış araşdırmaçı-yazar Ömər Faruk Suleymanoğlu "Əli bəy Hüseynzadə və türkçülük haqqında” adlı məqaləsində yazır ki, "Əli bəy yalnız Azərbaycanda deyil, bütün Türk dünyasında əslini unutmuş qövmlərin özlərini millət kimi yaxından tanımasını, idarə etməsini təbliğ edirdi. Bu baxımdan Əli bəy türk dünyasının milli istiqlal düşüncəsinin yalnız rəssamı deyil, eyni zamanda memarıdır. Sırf bu anlamda, Ziya Göyalp və Atatürk Əli bəydən ilham alıb. Çünki Ə.Hüseynzadə "Turan” deyərkən ilk növbədə mənəvi məkanı, bütün türklər üçün sabit, dəyişməz mənəvi vətəni nəzərdə tuturdu. Təbii ki, bu vətənin də ərazisi, onu öz bayrağı altına yığan vahid türk dili və mənəviyyatı idi. Əli bəyin Turan və türk-islam birliyi barədə dedikləri ilə yaxından tanış olan və bunu yüksək qiymətləndirən Atatürk, məhz buna söykənərək yeni Türkiyənin tərifini belə verib: "Türkiyə Cümhuriyyətinin təməli mədəniyyətdir. Milli mənliyini bilməyən, onunla qürur duymayan millətlər inkişaf etməkdə olan dövlətlər tərəfindən udularaq məhv ediləcəkdir”.

Millətin özünü yaradan adam

Ə.Hüseynzadə irsinin tanınmış araşdırıcısı Azər Turan bütün varlığı ilə bağlı olduğu mütəfəkkirin türkçülüyü haqqında bunları deyib: "Türk dünyasının böyük insanı, dahi Əli bəy Hüseynzadə bir zamanın və mühitin küncünə sıxılıb qalan, bir guşədə araşdırmalar aparan guşənişin alimlərdən deyil. O, millətinin tarixini yaradan, daha geniş anlamda isə millətin özünü yaradan mütəfəkkirdir. Ə.Hüseynzadə tarixçi Yusif Akçura ilə birlikdə Surixdə Leninlə görüşüblər. Leninin qarşısında məsələ qaldırıblar ki, sən hakimiyyətə gəldiyin təqdirdə bizim istək və arzularımız gerçəkləşəcəkmi? Bu barədə hətta Leninin qeydləri də var. Onlar Bolqarıstanın, Macarıstanın, Almaniyanın, Avstriyanın dövlət başçıları ilə Turan heyəti adı altında keçirdikləri görüşlərdə türk, müsəlman haqlarının müdafiəsi yolunda mücadilələr verirdilər.1937-ci ildə bir qərbli şərqşünas yazırdı ki, nə qədər Ə.Hüseynzadə həyatdadır, mütləq memuarlarını yazdırmaq lazımdır. Çünki onun 1915-17-ci illərdə Avropa dövlətlərinin başçıları ilə keçirdiyi görüşlərin nəticəsi olaraq Volqaboyu türklərinin, Qafqaz müsəlmanlarının və Türküstanın müstəqilliyi de-fakto və de-yure tanındı. Əli bəyi pantürkist, panislamist adlandırırlar. Ancaq elə deyil. O, pantürkist yox, romantik türkçü olub. 1904-cü ildə qərb alimlərinə xitabən yazırdı ki, "bütün türklərin bir dildə danışması bəs deyilmi ki, siz buna süni yolla pantürkizm adı verirsiniz?” Tam əminliklə demək olar ki, Ə.Hüseynzadə öz əslini, kökünü unutmaqda olan bir əyaləti bir türk Vətəninə, türk məmləkətinə çevirdi”.

"Gənc türklər” hərəkatı və Qafqaz İslam Ordusu...

Ə.Hüseynzadə böyük bir konsepsiyadır. Araşdırmaçı A.Turan deyir ki, "İttihad və tərəqqi”nin yaradılması ideyası Əli bəydən gəlir. O, 1918-ci ildə Azərbaycana gələndə, o dövrü tədqiq edən müəlliflərimiz birmənalı şəkildə yazırlar ki, Ə.Hüseynzadə Azərbaycana Türk ordusunun tərkibində jurnalist kimi gəlib. Bu, təkcə Əli bəyə deyil, 1918-ci ildə Azərbaycana gəlmiş o heyətin missiyasına qarşı etinasızlıqdır. Əli bəy həmin heyətin həyata keçirməli olduğu missiyanın banisi, yəni Ənvər Paşanın Qafqaz və Turan ideyasının rəhbəri idi. O, öz dəsti-xətti ilə yazdığı müxtəsər bioqrafik məlumatında da öz missiyasını aydınca göstərir: "Azərbaycanın münəvvərlərilə birlikdə, bu ölkənin bir Cümhuriyyət halında təəssüs və təşəkkül etməsi işlərində çalışdım”. Bəyəm jurnalist dövlətin təsis və təşkil olunmasında iştirak edir?” Əli bəy yazırdı ki, "Azərbaycanın təbii paytaxtı neft mənbəyi olan Bakıdır. Bakını Azərbaycana çox görən kim olursa olsun, Azərbaycan xalqının ən mənfur düşmənidir”.

Azərbaycan Xalq Cümhuriyyətinin türkçü ideoloqu

DAK-ın həmsədri, millət vəkili Sabir Rüstəmxanlı qeyd edib ki, Azərbaycan türkləri bu torpaqlarda, xüsusilə Bakıda qalmasına görə Əli bəy Hüseynzadəyə borcludurlar: "Ə.Hüseynzadə türklərin mənəvi birliyini əsas sayırdı. Bir növ Avropa Birliyi kimi bir modelin tərəfdarı idi. Türk dünyasının inkişafı baxımından əvəzsiz xidmətləri olan bu mütəfəkkir Azərbaycan Xalq Cümhuriyyətinin ideoloji təməlini hazırlayan, onun quruculuğunda iştirak edən və sonrakı dövrlərdə də Azərbaycanla əlaqəsi üzülməyən bir adam olub. O heç vaxt unudulmayacaq”.

Türkçülüyü siyasi səhnəyə gətirən siyasətçi

AMEA-nın elmi işçisi, Bütöv Azərbaycan Hərəkatının rəhbəri Yasəmən Qaraqoyunlu Ə.Hüseynzadəni türkçülüyün banisi kimi xarakterizə edib: "Əli bəyin avropalaşmaq ideyasının arxasında Avropadan sağlam dəyərləri götürüb Osmanlıda və Şərq dünyasında tətbiq etməklə türk dünyasının yenidən yüksəlişinə nail olmaq dayanırdı. Bir sözlə, bu ideyanın arxasında Avropa əxlaqını və həyat tərzini götürmək deyil, qərbin elmi-texniki tərəqqisini mənimsəmək dururdu. Ə.Hüseynzadə osmanlıçılığın çıxış yolu olmadığını, nicatın türkləşməkdə olduğunu göstərirdi. Çünki xalqlar artıq Osmanlı imperiyasına qarşı mübarizəyə qalxmışdı. Ona görə də Ə.Hüseynzadə "avropalaşmaq, türkləşmək və islamlaşmaq” sintezini ortaya qoydu. Yəni bir növ türkləşmək ideyasını siyasi səhnəyə gətirdi. Beləliklə, o həm siyasi türkçülük nəzəriyyəsini yaradan, həm də bu missiyanı həyata keçirən siyasətçi idi. O, Ə.Ağaoğlu ilə birlikdə 1905-1907-ci illərdə Qafqaz və Rusiya türklərinin oyanışı və təşkilatlanması uğrunda çalışıblar. I Dünya müharibəsi ərəfəsində Turan heyəti formalaşdırıblar. Onlar Avropanın bütün ölkələrində müxtəlif görüşlər keçirərək Rusiya türklərinin hüquqlarının qorunması ilə bağlı məsələ qaldırıblar. ABŞ prezidentinə məktub belə yazıblar. 1934-cü ildə öz soyadını dəyişərək Turan qoyan Ə.Hüseynzadə ömrünün sonunadək türkçülük üçün çalışıb”.

Əli bəy Hüseynzadə XIX əsrin sonu, XX əsrin əvvəllərində türk-islam dünyasının yetirdiyi nadir şəxsiyyət, bənzərsiz fikir adamı, böyük maarifçi və ictimai xadim idi. Onun haqq dünyasına qovuşmasından 74 il ötsə də, o, əsərlərində, əməllərində, parlaq ideyalarında bu gün də yaşayır, böyük ideyaları həyata keçirilir. Nə qədər ki, müstəqil Azərbaycanın üçrəngli bayrağı var, həmin bayrağın ideya müəllifi də var olacaq.

İsmayıl

P.S Yazı, Mətbuat Şurası və Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) "Əli bəy Hüseynzadə və türk dünyası” mövzusunda birgə keçirdiyi müsabiqəyə təqdim edilir.